Brüsseldə keçirilmiş Şərq Tərəfdaşlığının VI Sammitinin yekunlarına dair birgə Bəyannamə qəbul edilib
Siyasət

Brüsseldə keçirilmiş Şərq Tərəfdaşlığının VI Sammitinin yekunlarına dair birgə Bəyannamə qəbul edilib

Dekabrın 15-də Brüsseldə keçirilmiş Şərq Tərəfdaşlığının VI Sammitinin yekunlarına dair birgə Bəyannamə qəbul edilib.

AZƏRTAC xəbər verir ki, Şərq Tərəfdaşlığı ölkələri və Avropa İttifaqına üzv dövlətlərin qəbul etdiyi birgə Bəyannamədə Avropa İttifaqı Şərq Tərəfdaşlığının bütün tərəfdaş ölkələrinin müstəqilliyi, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünə öz dəstəyini ifadə edir. Eyni zamanda, Şərq Tərəfdaşlığı regionunda mehriban qonşuluq münasibətlərinə, etimad quruculuğu tədbirlərinə, regional əməkdaşlığa, nəqliyyat əlaqələrinin gücləndirilməsinə dəstək ifadə olunur. Təbii ki, bu məqamlar tamamilə Azərbaycanın postmünaqişə gündəliyinə uyğundur. Bununla yanaşı, sənəddə Şərq Tərəfdaşlığı regionunda münaqişədən əziyyət çəkmiş əhaliyə yardımın vacibliyi qeyd olunur.

Bəyannamədə Azərbaycanla Avropa İttifaqı arasında yeni ikitərəfli müfəssəl sazişlə bağlı aparılan danışıqlarda əldə edilmiş tərəqqi, Cənub Qaz Dəhlizi layihəsinin başa çatması alqışlanır. Qeyd olunur ki, Cənub Qaz Dəhlizi Avropaya qaz mənbələrinin və marşrutunun şaxələndirilməsi istiqamətində mühüm addımdır. Bununla da Avropa İttifaqı Azərbaycanın dəstəyi ilə ərsəyə gəlmiş qlobal layihəyə öz dəstəyini bir daha ifadə edib.

Sənəddə, həmçinin bütün ölkələrin peyvəndlərdən bərabər səviyyədə istifadə etməsinin vacibliyi qeyd olunur. Bununla da Aİ faktiki olaraq Qoşulmama Hərəkatının sədri, Azərbaycan Prezidenti İlham Əliyevin "peyvənd millətçiliyi"nə qarşı mövqeyinə dəstəyini ifadə etdi.

Azərbaycan Bəyannamənin Belarusun daxili işlərinə aid olan bəndinə qoşulmadı. Bununla Azərbaycan bir daha nümayiş etdirdi ki, ölkələrin suverenliyinə hörmət, daxili işlərinə müdaxilə edilməməsi onun üçün qırmızı xətdir və Azərbaycan insan hüquqları, humanitar məsələlərlə bağlı siyasiləşdirilmiş yanaşmanı, ikili standartları qəbul etmir, eləcə də ölkəmiz öz dostlarını heç vaxt darda qoymur.

AZƏRTAC