Brüssel görüşü və nəticələri böyük önəm kəsb edir
Siyasət

Brüssel görüşü və nəticələri böyük önəm kəsb edir

Brüsseldə Aİ Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham  Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən  sayca dördüncü  üçtərəfli görüşdə sülh sazişi, humanitar, sərhəd və kommunikasiya məsələləri nəzərdən keçirildi. Təkcə regionun deyil, bütün dünyanın diqqət mərkəzində olan növbəti Brüssel görüşü arxada qaldı. Aİ Şurasının Prezidenti mətbuata bəyanatında bildirib ki, Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh sazişinin təşviqi üçün əsaslı işi gücləndirmək barədə razılığa gəldik və xarici işlər nazirlərinə mətnlərin layihələrini hazırlamaq üçün bir ay ərzində görüşməyi tapşırdıq.

Onu da qeyd etmək lazımdır ki, belə üçtərəfli formata  2021-ci ilin 14 dekabrında start verilib. İlk görüş də Brüsseldə baş tutub. Birinci,  ikinci və üçüncü Brüssel görüşlərinin  yekunları onu deməyə əsas verir ki, artıq müəyyən irəliləyişlərə nail olunub. Avropa İttifaqının tərəfsizliyi, qərəzsizliyi və beynəlxalq hüququ olduğu kimi qəbul etməsi mühüm əhəmiyyət kəsb edir. Məhz bu səbəbdən Azərbaycan da bu formata üstünlük verir. Bu çərçivədə ilk üçtərəfli görüşdə Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulmuş və  bunun davamı olaraq  tərəflər arasında intensiv təmaslar qurulmuş, telefon danışıqları keçirilmişdir. Sayca dördüncü görüşdə əldə olunan razılaşmalar elə ilk baxışdan prosesin Azərbaycanın iradəsinə və maraqlarına uyğun formada cərəyan etdiyindən xəbər verir. Brüsseldə İrəvanın sülh müqaviləsinin mətni üzərində iş aparmaq üçün işçi qrupun formalaşdırılması barədə rəsmən razılıq verməsi proseslərin gedişatında indiyə qədər heç bir irəliləyişə nail olunmadığı mühüm bir səddin keçilməsi anlamına gəlir. Beləliklə, davamlı olaraq sülh razılaşmasına dair qəti addımlardan yayınan, bəzi hallarda hətta təxribatlarla məşğul olan Ermənistan nəhayət bu istiqamətdə ilkin razılığını ifadə etməyə məcbur olaraq yaxın bir ay ərzində xarici işlər nazirlərinin sülh razılaşmasının mətni üzərində iş aparılması barədə öhdəlik götürdü.

Ermənistan nəzərə almalıdır ki, İkinci Qarabağ müharibəsi və onun nəticələri regionda yeni reallıqlar yaradıb, Azərbaycanı daha qüdrətli ölkəyə çevirib. Bu kontekstdə Azərbaycanın regionda sülh və əməkdaşlıq üçün irəli sürdüyü təkliflər dünya tərəfindən qəbul və təqdir edilir. Elə bunun nəticəsidir ki, Zəngəzur dəhlizinin açılması, sərhədlərin müəyyən edilməsinə dair Azərbaycanın təkliflərinə çoxsaylı ölkələr, o cümlədən Cənubi Qafqazda nüfuz sahibi olan dövlətlər tərəfindən tam dəstək ifadə olunur. Baş verənlər bir daha göstərir ki, Prezident İlham Əliyevin ağıllı və düşünülmüş siyasəti Ermənistanı çıxılmaz vəziyyətə salıb. Bu ölkə ya yaranmış fürsətdən istifadə edib üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək, qonşularla normal münasibətlər quracaq, regionda nəqliyyat-kommunikasiya dəhlizlərinin açılmasına müsbət cavab verəcək, ya da bundan sonra da təcrid olunmuş vəziyyətdə, səfalət içərisində qalacaq. İndi seçim İrəvanın və erməni xalqınındır.

Prezident İlham Əliyevin İtaliyanın "İl Sole 24 Ore" qəzetinə verdiyi müsahibəsində bəyan etdiyi kimi, Azərbaycan 44 günlük müharibədə düşmən üzərində hərbi qələbə çaldıqdan  sonra bölgədə sülhün bərqərar olması üçün diplomatik müstəvidə də ardıcıl və uğurlu addımlar atmağa başlayıb. Ermənistan əvvəlki kimi gözləmə mövqeyindədir və öhdəliklərin icrasını maksimum uzatmağa çalışır. Bununla hesab edir ki, əlverişli şərait yaranacaq. Lakin onlar üçün əlverişli siyasi vəziyyətin yaranacağı mümkünsüz görünür. Hər iki tərəf belə görüşlərlə bağlı razılıq ifadə etsə də, Laçından yan keçən "alternativ yol" ətrafında Ermənistan hələ də  bəhanələr sərgiləyir. Bu yolun açılması ilə həm də qeyri-qanuni məskunlaşdırılan  ermənilər Laçın şəhərini, Sus və Zabux kəndlərini də tərk etdilər. Laçının mərkəzində  üçrəngli bayrağımız dalğalanır, artıq burada bəzi dövlət strukturlarının şöbələri yaradılıb. Eyni zamanda, görürük ki, ermənilər təzyiq azalan kimi proseslərdə manipulyasiya ilə məşğul olurlar. Azərbaycan isə regional əməkdaşlıq, sabitlik və inkişaf üçün vacib təşəbbüslər göstərir. Azərbaycan Ermənistanla sülh sazişi imzalanmasının, sərhədlərin müəyyənləşdirilməsinin, regionda kommunikasiya xətlərinin, həmçinin Zəngəzur dəhlizinin açılmasının tərəfdarıdır. Bütün bunların fonunda Brüssel görüşü və onun nəticələri böyük önəm kəsb edir.

Bu səbəbdən də rəsmi İrəvan Bakının şərtlərini qəbul etməli,  bu istiqamətdə əməli addımlar atmalıdır.  Azərbaycan proseslərin nəzarətini, həllini öz üzərinə götürüb və dəqiqlik nümayiş etdirir. Kommunikasiyaların açılması gerçəkləşməli, delimitasiya və demarkasiya prosesində müsbət nəticələr əldə olunmalıdır. Bunlar Ermənistanın mövqeyindən asılıdır. Azərbaycanın ərazi bütövlüyünü tanımaq, ərazi iddialarına son qoyduğunu rəsmən bəyan etmək ermənilər üçün lazımdır. Azərbaycan onsuz da ərazi bütövlüyünü  hərbi yolla həll edib.  Öhdəliklərini icra etsə, bu, Ermənistanın özünə daha çox xeyir verə bilər.

Mustafa KAMAL,

"Respublika".