BP Azərbaycan Milli Olimpiya və Paralimpiya komitələri ilə tərəfdaşlığını davam etdirəcək
Digər xəbərlər

BP Azərbaycan Milli Olimpiya və Paralimpiya komitələri ilə tərəfdaşlığını davam etdirəcək

BP şirkəti Azərbaycan Milli Olimpiya və Paralimpiya komitələri ilə tərəfdaşlığının müddətini uzatdığını elan edib. İlkin tərəfdaşlıq sazişi "London-2012" Yay Olimpiya və Paralimpiya oyunlarından əvvəl imzalanıb və bu sazişin müddəti üç dəfə - 2013-cü, 2016-cı illərdə və indi isə 2024-cü ilədək uzadılıb. Bu tərəfdaşlıq Azərbaycanda milli idmanın inkişafına dəstək məqsədilə iki komitə ilə sıx əməkdaşlıq üçün geniş imkanlar yaradıb.

AZƏRTAC xəbər verir ki, iyunun 30-da Bakıda sazişin uzadılması mərasimində çıxış edən Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə imzalanan yeni müqavilənin ölkəmizdə Olimpiya hərəkatının inkişafına mühüm təsir göstərəcəyini deyib: "Olimpiya hərəkatının əsasında duran iki əsas məsələdən biri konüllülərin, digəri isə tərəfdaşların fəaliyyətidir. Məhz bu iki istiqamətdəki fəaliyyət Olimpiya hərəkatını daha da möhtəşəm edir. Biz Azərbaycanın biznes strukturları ilə birgə əməkdaşlıqdan məmnunuq. İnanıram ki, bu saziş Azərbaycan idmanının inkişafına töhfə verəcək".

Üç qurum arasında əməkdaşlığın 11 il sıx və faydalı davam etdiyini diqqətə çatdıran Ç.Hüseynzadə bildirib ki, BP olimpiyaçı və paralimpiyaçılar üçün xüsusi təqaüdlər təsis edib. Bu il Azərbaycan-Böyük Britaniya arasında diplomatik əlaqələrin qurulmasının və MOK-un yaradılmasının 30 illiyi qeyd olunur. Ümid edirəm ki, komitənin 30 illiyinə həsr olunmuş tədbirdə BP məğrur tərəfdaşımız kimi çıxış edəcək.

Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov çıxışında sazişin ölkəmizdə Paralimpiya hərəkatının inkişafına təkan verəcəyini bildirib.

Vurğulayıb ki, 10 ildən artıqdır BP şirkəti ilə əməkdaşlıq davam etdirilir: "Bu müddət ərzində birlikdə müxtəlif sosial layihələr, ölkəmizin ev sahibliyi etdiyi paracüdo üzrə beynəlxalq Qran-Pri yarışları, uşaq Paralimpiya hərəkatı ilə bağlı keçirilən müxtəlif tədbirlərdə hər zaman BP şirkətinin bizimlə birlikdə olduğunu görmüşük və bundan çox məmnunuq".

"Milli Paralimpiya komandası "Tokio-2020" XVI Yay Paralimpiya Oyunlarında 14 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb. Məqsədimiz qarşıdan gələn "Paris-2024" Yay Paralimpiya Oyunlarında bu nəticəni ən azı təkrarlamaqdır. Növbəti Paralimpiya Oyunlarına hazırlıq ərəfəsində, qarşıdan gələn beynəlxalq yarışlarda da BP şirkəti ilə aramızda olan münasibətlər bundan sonra da genişlənərək daha da inkişaf edəcək", - deyə AMPK rəsmisi əlavə edib.

Tədbirdə çıxış edən BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli MOK-u yaranmasının 30 illik yubileyi münasibətilə təmsil etdiyi qurumun adından təbrik edib.

Bildirib ki, BP şirkəti də Azərbaycanda məhz bu qədər vaxtdır ki, fəaliyyət göstərir. Ötən 30 il ərzində biz yerli idmanın inkişafı və yüksək səviyyəli tədbirlərdə uğurla iştirak etmək üçün imkanların yaradılması məqsədilə Azərbaycanda idmana dəstək verən bütün digər tərəflərlə səylərimizi birləşdirmişik.

"İndi isə milli Olimpiya və Paralimpiya komandaları ilə əməkdaşlığımızı davam etdirməkdən məmnunuq. Çünki onlar növbəti Olimpiya və Paralimpiya oyunlarında daha da böyük uğura can atırlar. Faktiki olaraq, Azərbaycan yeganə ölkədir ki, BP burada həm Olimpiya, həm də Paralimpiya hərəkatlarını dəstəkləməyə davam edəcək. Bu, BP-nin ölkənin davamlı inkişaf səylərini dəstəkləməyə və ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə sərmayə qoymağa davam etmək öhdəliyini əks etdirir", - deyə B.Aslanbəyli əlavə edib.

Tərəfdaşlıq sazişini MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, AMPK-nin rəhbəri İlqar Rəhimov və BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli imzalayıblar.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, nazirin müavini Mariana Vasileva, MOK-un vitse-prezidenti Zemfira Meftahətdinova, baş katib Azər Əliyev, olimpiyaçılar və tanınmış idmançılar iştirak ediblər.

Sonda "Olimpiya mədəniyyəti və təhsil proqramı"nın məktəbliləri və İncəsənət Gimnaziyasının tələbələri konsert proqramı ilə çıxış ediblər.

AZƏRTAC