Böyük və əzəmətli məscid
Mədəniyyət

Böyük və əzəmətli məscid

Ölkəmizdə dövlət tərəfindən xalqımızın əsrlərdən bəri yaşatdığı milli-mənəvi-dini dəyərlərin qorunub saxlanılmasına və daha da zənginləşdirilməsinə böyük önəm verilməsi Azərbaycanı fərqləndirən əsas cəhətlərdən biridir.

2014-cü il dekabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə Bakının Binəqədi rayonunda inşa olunan möhtəşəm Heydər məscidinin istifadəyə verilməsi isə respublikamızda dövlət-din münasibətlərinin çox yüksək səviyyədə qurulmasının daha bir ifadəsidir. Heydər məscidi öz əzəməti və gözəlliyi ilə seçilir. 12 min kvadratmetr sahədə inşa olunan məscidin zəngin ornamentlərlə bəzədilən fasadı Şirvan-Abşeron memarlıq üslubunda divarların hamar səthi xüsusi üzlük daşlarla işlənib. Pəncərələrin bəzəkli şəbəkəsi, pəncərəyarıqlar binanı daha baxımlı edir. Burada 95 metr hündürlüyündə 4 minarə inşa olunub. Ümumi sahəsi 4200 kvadratmetr olan məscidin daxilində də xüsusi bəzək elementlərindən istifadə olunub, günbəzin kənarlarına "Quran" ayələri yazılıb. 55 metr hündürlüyündə olan baş günbəz, o cümlədən hündürlüyü 35 metr olan ikinci günbəz məscidin daxilinə xüsusi gözəllik verir.

Ölkəmizdə dövlət vəsaiti hesabına belə bir möhtəşəm məscidin inşa olunması bir çox cəhətdən əlamətdardır və açılış mərasimindəki çıxışında Prezident İlham Əliyev yeni məscidin istifadəyə verilməsini tarixi hadisə kimi dəyərləndirərək vurğulayıb: "Bu, doğrudan da tarixi hadisədir. Çünki bu, Azərbaycanın gücünü, inkişaf dinamikasını, bizim öz milli, dini ənənələrimizə nə qədər sadiq olduğumuzu göstərir".

Respublikamız hələ sovet dövründə - ötən əsrin 70-80-ci illərində böyük inkişaf yolu keçib. Azərbaycana rəhbərlik etdiyi illərdə xalqına möhkəm tellərlə bağlı olan və daim respublikamızın gələcəyini düşünən ümummilli lider xalqımızın milli-mənəvi-dini dəyərlərinin qorunub saxlanılmasına və daha da zənginləşdirilməsinə böyük həssaslıqla yanaşırdı. Onun parlaq fəaliyyəti, əməllərində təcəssüm etdirdiyi azərbaycançılıq fəlsəfəsi xalqımızın milli kimliyini qoruyub saxlamasında müstəsna rol oynayıb. Təsadüfi deyil ki, məhz ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə Bakıda və bölgələrdə 500-dən artıq məscid tikilib, yüzlərlə məscid isə yüksək səviyyədə təmir olunaraq inanclı insanların istifadəsinə verilib. Bütün bunlar ümummilli liderimizin həyatı boyu müqəddəs dinimizə sıx bağlı olduğunu təsdiqləyir. Azərbaycanda ən böyük məscidə ulu öndər Heydər Əliyevin adının verilməsi də zamanında milli-mənəvi-dini dəyərlərimizin qorunmasında və zənginləşməsində əvəzsiz rol oynamış Ümummilli liderin əziz xatirəsinə xalqımızın dərin ehtiramının ifadəsidir.

Azərbaycan bütün azadlıqların, o cümlədən də din azadlığının yüksək səviyyədə təmin olunduğu tolerant ölkədir. Bəli, bu gün ölkəmizdə bütün azadlıqlar - mətbuat, söz, sərbəst toplaşmaq, o cümlədən vicdan azadlığı təmin edilib. Prezident İlham Əliyevin Heydər məscidinin açılışında söylədiyi dərin məzmunlu nitqində vurğuladığı kimi: "Azərbaycanda bütün dini azadlıqlar tam şəkildə təmin edilir. Bu da hesab edirəm ki, bizim ümumi inkişafımızda çox böyük əhəmiyyətə malik olan bir sahədir. Din, etiqad azadlığı Azərbaycanda tam şəkildə təmin edilir".

Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulduğu faktlarla da təsdiqlənir. Belə ki, 2003-cü ildən ölkəmizdə onlarla dini məbəd, məscid əsaslı şəkildə bərpa edilib. Bu prosesdə dövlətlə yanaşı, Heydər Əliyev Fondu da xüsusi aktivlik göstərib və bu sahədə misilsiz işlər görüb. Ötən dövr ərzində ölkəmizdə çoxsaylı məscidlər - Bibiheybət, Təzəpir, Şamaxı Cümə Məscidi, Əjdər bəy Məscidi, Gəncədəki İmamzadə Məscidi, 743-cü ildə tikilmiş Şamaxı məscidi yüksək səviyyədə təmir-bərpa işləri aparıldıqdan sonra yenidən inanclı insanların istifadəsinə verilib. Erməni vandallarının zəbt etdikləri ərazilərdəki vəhşicəsinə dağıdılan abidələrimiz -məscidlər və dini ocaqlar yüksək səviyyədə bərpa olunur.

Respublikamızda İslam dininə aid tarixi-dini abidələrin bərpasına dövlət vəsaiti ayrıldığı kimi, digər dinlərlə bağlı abidələrə də eyni yanaşma tətbiq olunur. Məsələn, ölkəmizdə dövlət, həmçinin rus pravoslav, katolik, alban kilsələrinin tikintisinə və bərpasına da öz dəstəyini göstərib. Prezident İlham Əliyev Heydər məscidinin açılışında söylədiyi nitqində ölkəmizin bu üstünlüyünə bir daha diqqət çəkib: "Azərbaycanda bütün xalqların, bütün konfessiyaların, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar və yaşayacaqlar. Heç vaxt ölkəmizdə dini zəmində heç bir qarşıdurma olmamışdır və olmayacaqdır".

Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan, eyni zamanda beynəlxalq aləmdə dinlərarası dialoqun möhkəmləndirilməsinə öz dəyərli töhfələrini vermək əzmini nümayiş etdirir.

Bəybala BƏYBALAYEV,

"Respublika".