Böyük və əbədi Qayıdışa zəmin yaradılır
Siyasət

Böyük və əbədi Qayıdışa zəmin yaradılır

Biz öz torpaqlarımıza qayıtmışıq: Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli hərbi-siyasi və diplomatik addımları, xalqımızın vətənpərvər övladlarının hünəri və qəhrəmanlığı sayəsində... Otuz ilə yaxın erməni faşizminin dağıdıb viran qoyduğu şəhər və kəndlərimizin bərpası və yenidən qurulması, yurd həsrəti bitən, öz ata-baba ocağına qayıtmaq istəyən məcburi köçkün soydaşlarımız üçün təhlükəsiz və ləyaqətli həyat şəraitinin yaradılması hazırda dövlətimizin qarşısında duran çox mühüm vəzifələrdir.

İşğaldan azad edilmiş ərazilərin - Qarabağın və Şərqi Zəngəzurun dirçəlişi prosesi dövlətimizin başçısının tapşırıqları əsasında və onun şəxsi nəzarəti altında sürətlə davam etdirilir. İlk növbədə, həmin ərazilər minalardan və müharibənin partlayıcı qalıqlarından təmizlənir, su və enerji təchizatı, yol-nəqliyyat infrastrukturu formalaşdırılır. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və dayanıqlı inkişafı üçün Dövlət Proqramı hazırlanıb həyata keçiriləcəkdir. Bu məqsədlə bu il dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb. Çox böyük maliyyə xərcləri tələb edən irihəcmli layihələrin icrasına başlanılıb: 10-dan çox avtomobil yolunun, dörd hava limanının inşası işğaldan azad edilmiş ərazilərin dirçəlişi üçün möhkəm təməl olacaqdır.

Prezident İlham Əliyev Kəlbəcər rayonuna səfərində deyib: “İndiki mərhələdə bizim əsas vəzifəmiz müharibənin nəticələrini möhkəmləndirməkdir, azad edilmiş torpaqlarda möhkəmlənməkdir. Azərbaycan-Ermənistan sərhədində bundan sonra da mövqelərimizi gücləndirməkdir. Yenidənqurma, bərpa işlərinə artıq start verilib, bu da əsas vəzifələrdən biridir. Keçmiş məcburi köçkünləri azad edilmiş torpaqlara tədricən qaytarmaq da gündəlikdə duran məsələdir. Mən artıq bildirmişəm, Zəngilan rayonunda bir neçə aydan sonra artıq birinci qrup keçmiş köçkünlər yerləşəcək. Eyni zamanda, Ağdam, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarında da pilot kəndlər seçildi. Artıq işlər gedir ki, o kəndlərin bərpasına start verək və vətəndaşları oraya qaytaraq. Ağdam şəhərinin baş planı təsdiqləndi, digər şəhərlərin baş planının təsdiqlənməsi yaxın aylarda nəzərdə tutulur”.

Bərpa-quruculuq işlərinin aparılması və əhalinin qayıdışının başlanması üçün ən vacib şərt təhlülkəsizliyin təmin olunmasıdır. Məğlubiyyət aktını imzalamasına baxmayaraq, Ermənistanın torpaqlarımızdakı çirkli izləri - çoxsaylı minaları hələ də qalır. Ölkəmizin təkidli tələbi və uğurlu diplomatiya sayəsində düşmənin son vaxtlar təqdim etmək məcburiyyətində qaldığı “mina xəritələri”nin dəqiqlik göstəricisi isə cəmi 25 faizdir. Bu da bölgədə aparılan işlərin sürətinə təsir göstərir. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) son məlumatına görə, işğaldan azad olunmuş ərazilərdə indiyədək 3500 hektara yaxın sahə mina və partlamamış hərbi sursatlardan təmizlənib. Bu sahədə işlər hər gün daha da intensiv xarakter alır, xarici ölkələrdən yeni xüsusi avadanlıqlar və vasitələr gətirilir. Ancaq təəssüf doğuran hal odur ki, düşmənin mina terrorunun qurbanlarının da sayı artır.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də işğaldan azad olunmuş ərazilərə böyük qayıdış növbəti onillikdə ölkəmizin beş Milli Prioritetdən biri kimi təsbit edilmişdir. Sənəddə qeyd edilir ki, Qələbənin əbədiləşdirilməsi üçün öz doğma torpaqlarından köçkün düşən insanların vətənə qayıdışı təmin olunmalıdır. Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaqdır. Müəyyən edilmiş prioritetin uğurla reallaşdırılması üçün dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiya məhz iki vacib məqsəd kimi qarşıya qoyulmuşdur.

Kəlbəcər və Laçın yaylaqlarına arıçılıq təsərrüfatlarının köçürülməsi böyük qayıdışın ilk müjdələri kimi hamını, xüsusən məcburi köçkünləri sevindirib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu günlərdə Kəlbəcərdə olarkən arıçılarla görüşüb, onların güllü-çiçəkli dağların qoynunda hasilə gətirdikləri təmiz təbii bala qonaq olublar.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, yaylaqlara qoyunçuluq təsərrüfatları da köçürülür. Bu pilot layihələrin icrası işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həllini həyata keçirən Əlaqələndirmə Qərargahı tərəfindən, ciddi təhlükəsizlik tədbirləri görülməklə tənzimlənir.

İşğaldan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təchizatı məsələlərinə xüsusi diqqət yetirilir. Dövlətimizin başçısının tapşırıqlarına əsasən, həmin ərazilərdə həm enerji istehsalı müəssisələri işə salınır, həm də ötürücü və paylayıcı şəbəkələr yaradılır. Bu rayonlarda, ümumilikdə 308 kilometr elektrik verilişi, 416 kilometr magistral qaz xətti çəkiləcəkdir. Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması üçün müvafiq Sərəncam imzalayıb. Bütün dünyada bərpa olunan enerji mənbələrindən istifadənin genişləndiyi bir vaxtda Qarabağın və Şərqi Zəngəzurun bu sahədəki zəngin təbii resurslarından faydalanmaq mühüm əhəmiyyət kəsb edir. İşğaldan azad edilmiş şəhər və kəndlərin ən müasir texnologiyalar əsasında inkişafı istiqamətində dövlətimizin həyata keçirdiyi tədbirlər dünyada maraqla qarşılanır. Xarici ekspertlərin fikrincə, “yaşıl enerji” zonasının və “ağıllı kənd”lərin yaradılması davamlı iqtisadi inkişaf üçün geniş imkanlar açacaq. Logistika əlaqələrinin bərpası və işğaldan azad edilmiş ərazilərdə hava limanlarının tikintisi ticarət əlaqələrinin və turizmin inkişafına mühüm töhfə verəcək.

Yeri gəlmişkən, Azərbaycan Hava Yollarının Füzuli Beynəlxalq Hava Limanında işə qəbul barədə elanı bu rayondan olan keçmiş məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi üçün ilk ciddi addım kimi dəyərləndirilməlidir. Əminliklə deyə bilərik ki, istər dirçəliş prosesinin gedişində, istərsə də işğaldan azad edilmiş ərazilər ölkənin iqtisadi fəaliyyətinə qoşulduqca vakant iş yerləri elanlarına daha tez-tez rast gələcəyik.

Prezidenti İlham Əliyev avqustun 24-də BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edərkən keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə məskunlaşdırılması barədə də fikirlərini açıqlayıb. Dövlətimizin başçısı deyib: “...İndi bizim bərpa etdiyimiz ərazi on minlərlə kilometrdən çoxdur və əlbəttə ki, biz BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə təmasdayıq. Mümkün olan ən qısa müddətdə bütün keçmiş məcburi köçkünləri orada yenidən məskunlaşdırmağı planlaşdırırıq, amma əsas problem mina və hər yerin tamamilə dağıdılıb, viran qoyulmasıdır. Buna görə də Birləşmiş Millətlər Təşkilatı və qurumları ilə əsas məqsədimiz bir-birimizə etimad göstərərək və tərəfdaş olaraq azad edilmiş torpaqlarımızın bərpa edilməsinə nail olmaqdır”. Onu da qeyd edək ki, Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin üçtərəfli Bəyanatının yeddinci bəndinə əsasən, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı prosesinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti ilə həyata keçirilməsi nəzərdə tutulub və Azərbaycan dövləti Ali Komissarlıqla əlaqəli fəaliyyəti davam etdirir.

...Qarabağın və Şərqi Zəngəzurun cənnətməkana çevriləcəyi günlər uzaqda deyil. O yerlərin dirçəldilməsi, yüz minlərlə soydaşımızın tarixi ata-baba yurduna qayıdıb, yeni həyata başlaması ilə torpaqlarımızın yaraları sağalacaq, təbiətimiz canlanacaq, iqtisadiyyatımız güclənəcəkdir. Böyük və əbədi Qayıdışa yaradılan möhkəm zəmin bunu deməyə əsas verir.

Möhtərəm RƏCƏBOVA,

“Respublika”.