Böyük Qayıdışa mina da əngəl ola bilmədi
Digər xəbərlər

Böyük Qayıdışa mina da əngəl ola bilmədi

Vətən müharibəsində qazanılan şanlı qələbədən sonra ölkəmizin qarşısında duran ən mühüm vəzifə Qarabağ regionunun dirçəldilməsi, tarixi şəhər və kəndlərimizin yenidən qurulması və insanlarımızın ata-baba yurdlarına qayıtmalarıdır. Hazırda Böyük Qayıdış planının gerçəkləşməsi üçün bütün imkanlar səfərbər olunub. İşğaldan azad olunan ərazilərdə tikinti-quruculuq işləri sürətlə davam etdirilir. Böyük Qayıdışı bir qədər ləngidən əsas məsələ isə erməni yaraqlılarının bu torpaqlarda basdırdığı minalar və partlamamış döyüş sursatlarıdır. Ona görə də ilkin mərhələdə işğaldan azad edilən ərazilərdə minaların və partlamamış döyüş sursatlarının aşkarlanaraq zərərsizləşdirilməsi başlıca vəzifələrdən biridir.

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunan ərazilərə səfərlərində bildirir ki, torpaqlarımızda bərpa və quruculuq işləri həyata keçiriləcək və Böyük Qayıdış təmin ediləcək. Ölkə başçısının əzəli torpaqlarımıza hər bir səfəri Böyük Qayıdışı yaxınlaşdırır. 30 ilə yaxın bir müddətdə əzəli torpaqlarımızı işğal altında saxlayan erməni faşistləri şəhər və kəndlərimizi viran qoyub, hər şeyi yerlə-yeksan edib, yandırıb, dağıdıb və həmin ərazilərimizi minalarla təhlükə mənbəyinə çeviriblər. İşğala son qoyulduqdan sonra minalanmış ərazilər bölgədə əsas təhlükə mənbəyi kimi qalır. Beynəlxalq hüquqa görə, müharibə başa çatdıqdan sonra minalanmış ərazilərin xəritəsi qarşı tərəfə verilməlidir. Lakin İkinci Qarabağ savaşından məğlub ayrılan Ermənistan hələ də bu şərtə əməl etməyib. Minalanmış sahələrin xəritəsinin verilməməsi isə hərbi cinayət sayılır. Bu səbəbdən, Böyük Qayıdış proqramının həyata keçirilməsi, ilk növbədə sözügedən ərazilərimizin minalardan təmizlənməsindən başlayır. Artıq iki ilə yaxındır ki, işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi prosesi davam edir. Qeyd edək ki, işğaldan azad olunan ərazilərdə minatəmizləmə əməliyyatları Minatəmizləmə Agentliyi (ANAMA), Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilir. 2021-ci ildə ümumilikdə 20 min 165 hektar ərazi təmizlənib, 41 min 503 mina və partlamamış hərbi sursat aşkarlanıb. Vətən müharibəsindən sonra ANAMA-ya təmizlənməsi həvalə edilən 55 layihədən 46-sı uğurla yekunlaşıb. Təmizləmə əməliyyatları əsasən, energetika, kənd təsərrüfatı, meliorasiya və su təsərrüfatı, nəqliyyat infrastrukturu, sənaye parkları, eləcə də xüsusi tapşırıqlar, yaşayış infrastrukturunun yaradılması və ekoloji qiymətləndirmə istiqamətlərində icra edilib. Ən mühüm layihələrdən Zəfər yolu, Zəngilan rayonundakı "Ağıllı kənd" yaşayış məntəqəsi və hava limanı, Füzuli-Hadrut avtomobil yolu, Xındırıstan-Ağdam elektrik xətti və digərlərini qeyd etmək olar. Ötən ilin sonunda təsdiq olunmuş tədbirlər planına əsasən, cari ildə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən ümumilikdə 40 min hektar ərazinin təmizlənməsi nəzərdə tutulmuşdur.

Hazırda işğaldan azad edilmiş ərazilə

rdə humanitar minatəmizləmə fəaliyyəti icra edilir. Burada insan həyatı və qısa zamanda bərpa-quruculuq işlərinin icrası üçün bu amil önəmlidir. Çünki Ermənistan 10 noyabr 2020-ci il üçtərəfli razılaşmasından sonra mina xəritələrini Azərbaycana təqdim etməkdən uzun müddət boyun qaçırdı. Hətta işğalçı ölkə bir müddət onlarda belə bir xəritələrin olmadığını iddia edirdi. Bu da, sözsüz ki, onlarla vətəndaşın, hərbçilərimiz və minatəmizləmə prosesinə cəlb edilmiş insanların həyatının, sağlamlığının itirilməsinə səbəb oldu. Məhz Azərbaycan dövlətinin davamlı təzyiqləri fonunda Ermənistan mina xəritələrini təqdim etdi. Amma sonradan məlum oldu ki, Ermənistanın təqdim etdiyi xəritələrin dəqiqliyi 25 faiz səviyyəsindədir. Bu isə bir daha onu göstərir ki, Ermənistan tərəfi ərazilərin minalardan təmizlənməsini istəmir, əksinə, sözügedən təhlükənin regionda mövcud olmasında maraqlıdır. Üçtərəfli Bəyanatın imzalanmasından sonra mina xəritələrinin təhvil verilməsi Ermənistanın öhdəliyi olsa da, işğalçı dövlət bu xəritələri tam şəkildə təqdim etmir. Bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Niderland Krallığına səfəri zamanı Azərbaycana qarşı əsassız iddialar səsləndirib. O, Azərbaycana guya minalanmış ərazilərin xəritəsini təqdim etdiyini bildirməklə Ermənistanı humanist ölkə kimi göstərməyə cəhd edib. Bununla da guya beynəlxalq ictimaiyyət qarşısında üzərlərinə götürdüyü öhdəlikləri yerinə yetirdiklərini göstərməyə çalışıb. Paşinyanın minalanmış ərazilərin xəritəsinin Azərbaycan tərəfinə təqdim edilməsinə dair verdiyi bəyanat isə həqiqəti əks etdirmir.

Güclü dövlət olaraq Azərbaycan bu işin öhdəsindən gəlməyə çalışır. Baxmayaraq ki, mənfur Ermənistan mina xəritələrinin verilməsi ilə bağlı prosesi uzatmağa və nəticədə soydaşlarımızın işğaldan azad olunmuş əzəli torpaqlarımıza qayıdışını ləngitməyə cəhd göstərir. Bununla belə, Azərbaycanın yürütdüyü xarici siyasətdə uğurlu nəticə əldə olunub. Başqa cür desək, Azərbaycan 15 nəfər ermənini qarşı tərəfə təhvil verərək, əvəzində Ağdam rayonu üzrə mina xəritələrini aldı. Əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələrinin Azərbaycan tərəfinə təqdim etməsi müqabilində saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verildi. Bu tarixi hadisənin üzərindən bir ay keçməmiş Azərbaycan diplomatiyası daha bir uğura imza atdı. Belə ki, işğaldan azad olunmuş daha iki rayonun mina xəritələri Azərbaycana verildi. Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri təqdim etməyə məcbur qaldı. Azərbaycan isə humanist addım kimi məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin edilmiş cəza müddəti bitmiş erməni əsilli 15 nəfəri Ermənistana təhvil verdi.

Ölkəmiz minalardan təmizləmə prosesini təkbaşına öz çiyinlərində daşıya bilməz, burada beynəlxalq əməkdaşlıq lazımdır. Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi beynəlxalq ictimaiyyətin də diqqətindədir. Bu mənada, Bakıda Azərbaycan Respublikası hökuməti, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və BMT-nin İnkişaf Proqramının (UNDP) birgə təşkilatçılığı ilə "Humanitar minatəmizləmə fəaliyyəti və dayanıqlı inkişaf məqsədləri" mövzusunda keçirilən konfrans mühüm əhəmiyyət kəsb edən hadisə kimi qiymətləndirilir. Dünyanın 34 ölkəsindən 150 iştirakçının qatıldığı toplantı mina probleminin, onun törətdiyi nəticələrin və fəsadların qlobal miqyasda işıqlandırılması və gündəmə gətirilməsi baxımından növbəti fürsət idi. Konfransda bir daha beynəlxalq ictimaiyyətin də diqqətinə çatdırıldı ki, qayıdış, bərpa-quruculuq üçün ən böyük maneə məhz Ermənistanın basdırdığı minalardır.

Artıq Böyük Qayıdış başlayıb. Minadan təmizlənərək böyük sürətlə yenidənqurma və yol tikintisi işləri aparılan azad Qarabağın Zəngilan rayonunda inşa edilən Ağalı kəndinə sakinlər köçürülüb. Kənddə reallaşdırılan layihənin icrası - yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı", alternativ enerji sahələri üzrə həyata keçirilib. Ağalıda inşa olunan 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə ediləcək. Kənddə DOST Agentliyinin "Şərqi Zəngəzur və Qarabağ" proqramı çərçivəsində "Smart DOST" xidmət məntəqəsi də fəaliyyətə başlayacaq. Ağalıda "Dost Aqropark" fəaliyyət göstərəcək. Eyni zamanda, "Azərpoçt" MMC-nin rayon şöbəsi, "ASAN xidmət" və DOST, həmçinin Kiçik və Orta Biznesin İnkişafı mərkəzləri təsis olunub. Yaxın vaxtlarda digər bölgələrimizdə də bu layihələrin icrası və tezliklə yekunlaşması nəzərdə tutulur. Bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tez bir zamanda Qarabağı dünyanın ən abad və gözəl məkanlarından birinə çevirəcək.

Azərbaycan Prezidenti dəfələrlə bildirmişdir ki, üçtərəfli Bəyanata zidd olaraq Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyi olaraq qalır. Həmin ərazilərin demilitarizasiyası, Ermənistan qoşunlarının oradan tam çıxarılması və qanunsuz erməni silahlı ünsürlərinin tərk-silah edilməsi mütləq şəkildə labüddür. Azərbaycan Ordusu bölmələrinin keçirdiyi "Qisas" cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ sisteminin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülüb. Laçının mərkəzində Üçdik-Qırxqız-Sarıbaba yüksəklikləri minalardan təmizlənib. Laçın rayonu ərazisində dəqiqləşdirilmiş mövqelərdə qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahələrindən 1318 ədəd piyada əleyhinə mina çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib. Ümumilikdə mühəndis-istehkam bölmələri tərəfindən işğaldan azad edilmiş ərazilərdə bu günədək 25760 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib.

Bir çox dövlətlərdən fərqli olaraq, Azərbaycan bütün bu işləri öz gücü hesabına edir. Əslində, Azərbaycana yardımlar edilməlidir, amma biz bunu görmürük. Burada söhbət 10 min kvadratkilometr ərazidən gedir. Hansı ki, ermənilər onu vəhşicəsinə və barbarcasına dağıdıb, minalarla çirkləndiriblər. Hazırda ölkəmizin qarşısında duran ən önəmli məsələlərdən biri ilkin sülh müqaviləsinin bağlanmasından, kommunikasiya xətlərinin bərpa olunmasından və bu ərazilərdə insanların yaşaması üçün hər cür infrastruktur yaradılmasından ibarətdir. Bu gün bunu Azərbaycan dövləti inamla və qətiyyətlə edir və uğurlu fəaliyyət gələcəkdə də həyata keçiriləcək.

Mustafa KAMAL,

"Respublika".