Böyük qayıdış Qarabağa əbədi xoşbəxtlik gətirəcək
Digər xəbərlər

Böyük qayıdış Qarabağa əbədi xoşbəxtlik gətirəcək

27 sentyabr 2020-ci ildə başlanan 44 günlük Vətən müharibəsində Azərbaycan işğalçı Ermənistan üzərində tarixi Qələbə qazandı. Silahlı Qüvvələrimiz öz şərəfli missiyasını uğurla yerinə yetirdi. Ordumuz Vətən torpaqlarını, kəndlərimizi, qəsəbələrimizi və şəhərlərimizi bir-birinin ardınca qısa zaman kəsiyində düşmən tapdağından azad etdi. Bu gün dövlətimiz tərəfindən işğaldan azad edilmiş ərazilərimizdə infrastruktur layihələri davamlı şəkildə icra olunur. Erməni vəhşiliyinin qurbanı olan şəhərlərimiz, qəsəbələrimiz və kəndlərimiz əvvəlki görkəmindən də gözəl görünüşə malik olacaqdır. İndi azadlığına qovuşan ata-baba yurdlarımızda azan səsi ucalır, şanlı üçrəngli bayrağımız dalğalanır. 44 günlük müharibədə hər bir rayonumuzun, şəhər və kəndimizin azad olunması müasir tariximizin qəhrəmanlıq səhifəsidir. Qarabağın qəlbi Şuşanın erməni tapdağından xilas edilməsi isə bu müqəddəs savaşın zirvəsi, ən böyük hadisəsi, Azərbaycanın mühüm strateji qələbəsi oldu.


44 günlük müharibədəki şanlı zəfərimizdən sonra Azərbaycanın nüfuzu daha da artdı. Bütün dünya Azərbaycan liderinin timsalında güclü, cəsarətli, iradəli bir rəhbər, Prezident, Ali Baş Komandan gördü. Eyni zamanda, həmin rəhbərin ətrafında birləşən, onunla həmrəy olan xalqımızı, güclü, qüvvətli ordumuzu bütün dünya tanıdı. Bu gün Azərbaycan, sözün əsl mənasında, Cənubi Qafqazın çox əhəmiyyətli bir ölkəsi olaraq əlaqələrini daha da möhkəmləndirir. Bu da respublikamızla əməkdaşlıqda maraqlı olan, Qarabağdakı quruculuq işlərində iştirak etmək istəyən ölkələrin sayını getdikcə artırır. Əlbəttə, bu, çox sevindirici məqamdır. Bu gün Azərbaycan dünyanın maraq dairəsində olan bir ölkədir.

Biz əbədi və əzəli torpaqlarımızı yağı düşməndən azad etməyə müvəffəq olduğumuza görə xoşbəxt xalqıq. Qarabağdakı möhtəşəm qələbə isə Azərbaycana başucalığı gətirib. Bu zəfər xalqımızın tarixinə qızıl hərflərlə həkk olunub. Sözsüz ki, bu böyük səadəti bizə müzəffər Ali Baş Komandan İlham Əliyev, rəşadətli Azərbaycan Ordusunun igid əsgər və zabitləri bəxş etmişdir. Bu zəfər, həmçinin, Azərbaycan xalqının sarsılmaz birliyi sayəsində mümkün olmuşdur. Xalqımız Qarabağın azad olunması zamanı göstərdiyi sarsılmaz birliyini düşməndən azad edilmiş torpaqlarımızın bərpası və dirçəldilməsi prosesində də nümayiş etdirəcək.

Hazırda ölkəmizin qarşısında duran əsas vəzifələrdən biri ötən il 44 günlük Vətən müharibəsində işğaldan azad olunan ərazilərə Böyük Qayıdışı təmin etməkdən ibarətdir. Respublikamız müharibənin başa çatmasından dərhal bir neçə ay sonra azad olunmuş ərazilərdə bərpa və zəruri infrastrukturun yaradılması tədbirlərinə başlayıbdır.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti ilə işğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdış üçün bütün zəruri tədbirlər görülür. Dövlətimizin başçısı mütəmadi olaraq bu ərazilərə gedir və burada görülən işlərlə yerindəcə tanış olur. Azərbaycanın bu ərazilərində reallaşdırılacaq layihələrin əhatə dairəsi kifayət qədər genişdir. Hazırda bu torpaqlarda yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi infrastrukturlar sürətlə bərpa edilir. Ərazilərin bərpası, quruculuq işləri ən müasir texnologiyalar əsasında həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşada Cıdır düzündə Novruz bayramı ilə bağlı müraciəti zamanı bildirmişdi ki, birinci növbədə, Ağdam şəhərinin və Ağdam rayonunun bütövlükdə Baş planı hazırlanır, ilkin versiyası dövlət başçısına təqdim edilib. Tapşırıqları nəzərə alınmaq şərtilə indi bunun üzərində iş gedir və yaxın gələcəkdə Baş plan təsdiq olunacaq. Ondan sonra bərpa işləri azad edilmiş bütün torpaqlarda başlanacaq. Bu gün artıq bu reallaşdı və Ağdam şəhərinin Baş Planı məhz 28 May - Respublika Günündə təsdiq olundu. Şəhərin Baş planına nəzər salsaq görərik ki, planda bütün incəliklər nəzərə alınmış, heç bir nüans gözdən qaçırılmamışdır. Sanki hər bir ağdamlının fikri öyrənilərək müasirlik və yüksək texnologiyalar ilə ahəngləşdirilmişdir. Ağdama səfəri zamanı ölkə başçımız bir sıra infrastruktur layihələrinin təməlqoyma mərasimində də iştirak etdi. Mərkəzində süni göl, açıq havada muzey, meşə-park, tramvay və s. komponentlərinə görə Ağdam şəhəri Azərbaycanda ilk Avropa tipli bölgə şəhər olacaqdır.

Prezident cənab İlham Əliyevin mayın 28-də - Respublika Günündə Ağdama səfər etməsi böyük rəmzi məna daşıyır. Respublika Günündə işğaldan azad olunmuş vaxtilə Qarabağımızın gözəl bir guşəsi olan Ağdamda tarixi anlar yaşandı, bu torpağın bərpası, ona həyatın qayıtması üçün təməllər atıldı. Cənab Prezidentin iştirakı ilə Ağdam şəhərinin baş planının təqdimatı oldu. Təqdimatdan göründüyü kimi, Ağdamı çox gözəl gələcək, böyük inkişaf, coşğulu həyat gözləyir. Dövlətimizin başçısının dediyi kimi, Ağdam şəhəri bütün dünya üçün nümunə olacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı demişdir: “Bu mərasim üçün, bu görüş üçün başqa vaxt da müəyyən oluna bilərdi. Ancaq mən hesab etdim ki, ən düzgün tarix bizim milli bayramımız olan Respublika Günüdür, müstəqillik günüdür. Çünki bu gün burada olmağımız bir daha müstəqilliyimizin nə qədər güclü olmasını göstərir. Əgər biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Ancaq güclü Azərbaycan, müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi. Ağdam şəhərinin bərpasının başlanğıcı bu gün baş verir, Respublika Günündə. Əminəm ki, bütün nəzərdə tutulmuş planlar Baş Plan əsasında icra ediləcək və Ağdam şəhəri yenidən qurulacaq.

Mən Ağdam rayonunda işğal dövründə doqquz dəfə olmuşam. Bildiyiniz kimi, şəhər işğal altında olduğu üçün rayonun mərkəzini biz Quzanlı qəsəbəsində müəyyən etdik. Quzanlı və digər kəndlərdə dəfələrlə olmuşam. Bu ərazi ilə bağlı bir çox tədbirlər keçirilmişdir. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində Ağdam rayonunun quruculuqla bağlı inkişaf planları təsdiq edilmişdir. Burada bir çox sosial layihələr icra edildi, bir çox məktəblər, Muğam Mərkəzi, uşaq xəstəxanası, mərkəzi rayon xəstəxanası, Olimpiya Mərkəzi, infrastruktur layihələri icra edilmişdir və deyə bilərəm ki, ölkə üzrə olan göstəricilərdən daha da yüksək göstəricilər burada var. Qazlaşdırma təxminən 100 faizdir, elektrik enerjisi, su ilə təchizat təmin edilmiş, 150-dən çox artezian quyusu qazılmışdır. Çünki mənfur düşmən bu bölgəni sudan da məhrum etmişdi. Bir sözlə, işğal dövründə Ağdam rayonunun inkişafı ilə bağlı çox ciddi addımlar atılmışdır. Ağdamdan olan məcburi köçkünlərlə dəfələrlə görüşlər əsnasında deyirdim ki, torpaqlarımız, Ağdam şəhəri və bütün rayon azad olunandan sonra daha da gözəl şərait yaradılacaq. Bu gün sizə təqdim ediləcək Ağdam şəhərinin Baş Planı bu sözümün təsdiqidir. Biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır”.

Prezident İlham Əliyev görüş zamanı həmçinin erməni barbarlığının, vandalizminin kökündə bir neçə məqsədin dayandığını, onlardan birinin Azərbaycana nifrət olduğunu diqqətə çatdırıb. Eyni zamanda, düşmənin xalqımızın mədəni irsini bu torpaqlardan silmək məqsədi güddüyünü və bununla da Azərbaycan əhalisinin doğma yurd-yuvasına qayıda bilməməsi üçün ağır vəziyyət yaratdığını vurğulayıb.

Möhtərəm Prezidentimizin Ağdama səfəri bu yerlərin həyatında yeni dövrün başlandığından xəbər verir. Dövlət başçımız şəhər 1 saylı məktəbin yeni binasının, Ağdam Sənaye Parkının, Bərdə-Ağdam avtomobil yolunun təməlqoyma mərasimlərində iştirak edib, Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksində olub.

Bu gün Ermənistanın işğal dövründə dağıtdığı, talan etdiyi şəhər və rayonlarımız Prezident İlham Əliyevin xüsusi nəzarəti ilə kompleks şəkildə bərpa olunur, yenidən qurulur. Əminik ki, dövlət başçısının rəhbərliyi ilə qısa bir zamanda Ağdam yeni görkəmdə bütün dünyaya təqdim olunacaqdır. Prezident İlham Əliyevin dediyi kimi, “Biz elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaq”.

İkinci Qarabağ müharibəsi bir daha Azərbaycan xalqının əzmini, iradəsini, bütün dünyaya göstərdi və bu şanlı Qələbə tarixdə əbədi qalacaq. Bundan sonra da Azərbaycan qalib dövlət kimi inkişaf edəcək. Azərbaycan xalqı müzəffər xalq kimi, qürur hissi ilə yaşayacaq. Bütün Qarabağ torpağımız dirçələcək, cənnətə çevriləcəkdir.

M.MİRZƏ,

“Respublika”.