Böyük Qayıdış: mina problemi əngəl olmayacaq
Digər xəbərlər

Böyük Qayıdış: mina problemi əngəl olmayacaq

Bir milyondan artıq azərbaycanlı otuz il ərzində etnik mənsubiyyətinə görə öz yurd-yuvalarından ayrı düşmüş, erməni vandalizminin qurbanı olmuşdular. Ümummilli lider Heydər Əliyevin prezident olduğu dövrlərdə məcburi köçkünlərə olan diqqət və qayğısı onun siyasi kursunun layiqli davamçısı, dövlət başçısı İlham Əliyev tərəfindən davam etdirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən, məcburi köçkünlərin sosial rifahının yüksəldilməsi, məişət qayğıları, mənzillərlə təmin edilməsi hər zaman dövlət siyasətinin ana xəttini təşkil edib. Dövlət başçısı dəvət aldığı beynəlxalq tədbirlərdə, yüksək tribunalardan məcburi köçkünlərin harayını hər zaman ön plana gətirib.

Lakin məcburi köçkünlər 2020-ci ildən etibarən başqa bir həyəcan yaşayırlar. Otuz il gözlədikləri həsrət sona yetib. Bu gün artıq Qarabağın sakinləri doğma el-obalarına qayıdır. Hansı ki, bu insanlar əsrlər boyu o ərazilərdə yaşayıb, öz halal zəhmətləri hesabına Qarabağı qurub-yaratmışdılar. İkinci Qarabağ müharibəsinin qələbə ilə başa çatmasından dərhal sonra, regionun lider dövlətinin başçısının göstərişinə əsasən, işğaldan azad olunmuş ərazilərdə dərhal bərpa-quruculuq işlərinə start verildi. Bunun məntiqi nəticəsi olaraq "Böyük qayıdış" konsepsiyası adı altında məcburi köçkünlərin bir qismi, ilkin mərhələdə Zəngəzurun "Ağıllı kənd" layihəsi olan Ağalı kəndinə qayıtdılar. Ağalı kəndi dünyanın müasir standartlarına cavab verən yaşıl enerji ilə təmin olunan yaşayış məskənidir. Ümumiyyətlə, Qarabağ və Şərqi Zəngəzur ərazilərinin abadlaşmasında dünyanın yeni çağırışlarına səs verən layihələrin icrası daha çox gözə çarpır. "Böyük qayıdış"ın daha erkən baş tutması üçün yerli şirkətlərlə yanaşı, Türkiyə, İtaliya, Pakistan, İsrail, Rusiya və digər ölkələrin şirkətləri bu ərazilərə cəlb olunub. Bir sıra meqa layihələrin uğurla başa çatması Azərbaycanın iqtisadiyyatının gücündən xəbər verir. İşğalın bitməsindən qısa zaman keçməsinə baxmayaraq, Zəfər yolu, Füzuli və Zəngilan Beynəlxalq Hava Limanları artıq istifadəyə verilib. Qarabağda bərpa-quruculuq işləri ilə yanaşı, kənd təsərrüfatına da diqqət böyükdür. Belə ki, artıq minalardan təmizlənmiş ərazilərdə əkin-biçin işlərinə başlanılıb. Artıq taxıl istehsalında işğaldan azad olunmuş ərazilərin böyük payı var.

Qarabağ işğaldan azad olunduqdan sonra əsas problemlərdən biri də minalanmış ərazilərin təmizlənməsidir. Otuz ilə yaxın işğalçılıq dövründə bu əraziləri minalamış ermənilər beynəlxalq konvensiyalara zidd olaraq xəritələri Azərbaycan tərəfinə təqdim etmir. Yalnız müəyyən ərazilərin mina xəritəsi əsirlərin qarşılığında verilmişdir ki, bunun da 75 faizi yanlışdır. Qarabağ ərazisinin relyefi və minaların çoxluğu nəzərə alınsa, demək olar ki, ümumilikdə minaların təmizlənməsi uzun illər ərzində mümkün ola bilər. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri zamanı dövlət başçısı İlham Əliyev Ağdamda basdırılmış minaların sayını bildirəndə Türkiyə Prezidenti çox təəccüblənmişdi. Təkcə Ağdam şəhərində 97 min mina basdırılıb.

Erməni terrorçuları Vətən müharibəsindən sonra Laçın-Xankəndi yolundan sui-istifadə edərək boşaltmalı olduqları əraziləri minalayaraq təhvil verib. ANAMA əməkdaşlarının ərazilərə baxışı zamanı aşkar olunan minaların istehsal ilinin 2020-ci il olduğu müəyyən olunub. Minalardan təkcə Azərbaycan hərbçiləri deyil, yerli sakinlər, jurnalistlər, bərpa-quruculuq işlərində iştirak edən əməkdaşlar ümumilikdə hər bir azərbaycanlı bu problemdən əziyyət çəkir. Xatırladaq ki, 200-dən çox azərbaycanlı İkinci Qarabağ müharibəsindən sonra minaya düşərək ya ölmüş, ya da yaralanmışdır. Beynəlxalq aləm hər zaman olduğu kimi, bu məsələdə də Azərbaycanı yalnız buraxıb. Dövlətimizə heç bir maddi dəstək göstərməyən regional və beynəlxalq təşkilatlar, bununla yanaşı, Ermənistana da heç bir təzyiq tətbiq etmirlər. Təbii ki, bu problemlər Böyük Qayıdışın sürətlə getməsinə əngəl törədən əsas amillərdən biridir.

Musa BAĞIRLI,

"Respublika".