Böyük Qayıdış: 44 nəfərdən ibarət 10 ailə Ağalıya çatıb
Sosial həyat

Böyük Qayıdış: 44 nəfərdən ibarət 10 ailə Ağalıya çatıb

Zəngilan rayonunda "Ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, martın 3-də Abşeron rayonundakı "Zəngilan şəhərciyi"ndən yola salınan keçmiş məcburi köçkünlərdən ibarət köç karvanı Ağalı kəndinə çatıb.

Otuz ildən sonra Vətənə dönən zəngilanlıları Ağalı kəndində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qarşılayıblar.

Böyük Qayıdışın 3-cü mərhələsi çərçivəsində Ağalıya 20 ailə, 94 nəfər köçürülüb. Onlardan 50 nəfərdən ibarət 10 ailə fevralın 28-də, 44 nəfərdən ibarət 10 ailə isə bu gün Ağalıya gəlib.

Doğma yurdlarına qayıdan zəngilanlılara Ağalı kəndində yaradılan şərait barədə məlumat verilib.

Qeyd edək ki, ümumilikdə, bu günə kimi Böyük Qayıdış çərçivəsində Zəngilanın Ağalı kəndinə 86 ailə, 420 nəfər köçürülüb. Ağalıda məskunlaşan sakinlər yüksəkkeyfiyyətli, "ağıllı" texnologiyalarla təchiz edilmiş evlərlə təmin olunublar. Köçürülən keçmiş məcburi köçkünlərin böyük qismi daha ağır şəraitdə yaşayanlardır.

Müvafiq qurumlar tərəfindən sakinlər peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcəklər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və sair çalışacaqlar. Köçürülmüş əhali üçün bütün infrastruktur şəraiti - dövlət xidmətləri, mərkəzi məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri mövcuddur.

Köç prosesinin növbəti aylarda da davam edəcəyi planlaşdırılır.