Böyük potensiala malik etibarlı tərəfdaş
Siyasət

Böyük potensiala malik etibarlı tərəfdaş

Respublikamız azı 100 il ərzində beynəlxalq bazarlara qaz ehtiyatlarını tədarük edəcək

Azərbaycan Prezidenti İlham Əliyevin yerli telekanallara müsahibəsi, telejurnalistlərin çoxsaylı suallarını aydın, açıq və müfəssəl surətdə cavablandırması həm ölkəmizdə, həm də xarici ekspertlər tərəfindən yüksək dəyərləndirilib.

Jurnalistlərlə söhbətində dövlət başçısı enerji sektoruna böyük diqqət yetirərək, ilkin olaraq Avropa Komissiyası sədrinin Bakıya səfərini və səfər zamanı imzalanmış enerji sahəsində əməkdaşlıq haqqında Memorandumu əlamətdar hadisə kimi qiymətləndirdi. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra dövlət başçısının qeyd etdiyi kimi, enerji təhlükəsizliyi məsələləri Avropanın gündəmində birinci yerdədir və müvafiq olaraq, Azərbaycanın enerji resurslarına marağı xeyli artıb.

Azərbaycanda hər il qaz hasilatı və ixracı artır, lakin bəzi dövlətlər hələ də hesab edirlər ki, reallıqda bizdə o qədər "mavi yanacaq" yoxdur ki, həm öz ehtiyaclarımızı ödəsin, eləcə də qonşu ölkələrə ixraca kifayət etsin. Belə subyektiv, diletant yanaşma tərzi haqlı bir sual yaradır: bu cür yanlış düşüncələrin məbəyi nədir? Təəssüflər olsun ki, Qərbdə və regionda bəzi qüvvələr Azərbaycan qazının Avropaya nəqlinin həcminin 20 milyard kubmetrə çatdırılmasını nəzərdə tutan Enerji Əməkdaşlığı Memorandumunu həyata keçirmək üçün ölkəmizin müvafiq resursunun olmadığı barədə mətbuatda məlumat yayırlar. Belə bədxahlar iddia edirlər ki, Bakı guya qazla manipulyasiya edir və Rusiya qazını bağlanmış müqavilələr əsasında faktiki olaraq Avropaya tədarük edəcək.

Prezident İlham Əliyev jurnalistin sualını cavablandırarkən xatırladıb ki, belə hallar, əvvəllər də olub. Yəni ilk dəfə Qərb bazarlarına çıxanda Azərbaycan nefti, daha sonra isə qazı oxşar bəyanatlarla müşayiət olunub. Dövlət başçısı bunu faktların manipulyasiyası və qərəzli yanaşmadan başqa bir şey olmadığı kimi qiymətləndirib. Üstəlik, dövlətimizin başçısı bu cür məlumatları yayan mənbənin adını da çəkib - bu, Almaniyanın keçmiş federal kansleri Gerhard Şröderdir. Məsələ burasındadır ki, o, bir neçə il əvvəl müsahibələrinin birində Azərbaycanın Avropa üçün alternativ mənbəyə çevrilmək üçün real resurslarının olmadığını bildirmişdi. Şröder uzun müddət "Şimal axını" layihəsinin operatoru olan şirkətin rəhbərliyinin üzvü olub, 2017-2022-ci illərdə isə "Rosneft"in direktorlar şurasının sədri vəzifəsini tutub. Və onun bu cür açıqlamalar verəcəyi gözlənilən idi. Təbii ki, bu məlumat bir çox ölkələrdə erməni mediası və ermənipərəst ekspertlər tərəfindən böyük həvəslə qarşılanıb.

Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, ötən il Azərbaycan 11 milyard kubmetrdən çox qaz ixrac edib, Rusiyadan isə 200 milyon kubmetrdən bir qədər artıq qaz idxal edib ki, bu da Avropaya verilən Azərbaycan qazının həcminin 2 faizindən çoxunu təşkil etmir. Bu il Azərbaycan Avropaya təqribən 12 milyard kubmetr qaz ixrac etməyi, müqavilədə nəzərdə tutulan 1 milyard kubmetr qazın qalan həcmini - 700 milyon kubmetrdən çoxunu isə Rusiyadan idxal etməyi planlaşdırır.

Eyni zamanda, heç kimə sirr deyil ki, ölkəmiz qış dövründə az həcmdə qaz idxal etməli olur. Bu, əhalinin artımı və müvafiq olaraq soyuq mövsümdə qaz istehlakının artması ilə bağlıdır. Məlum olduğu kimi, Azərbaycan dünyanın bir çox ölkələrindən yaşayış məntəqələrinin yüksək dərəcədə - 96%-ə qədər qazlaşdırılması ilə seçilir. Bundan əlavə, əgər ötən əsrin 90-cı illərində Azərbaycan sənayesi cüzi həcmdə qaz istehlak edirdisə, indi vəziyyət kökündən dəyişib. Məsələn, ölkədə hər biri pik gücündə ildə 700 milyon kubmetr qaz istehlak etməyə qadir olan metanol istehsalı zavodu, karbamid zavodu, eləcə də nəhəng neft-kimya kompleksi var. Bunun nəticəsidir ki, indi yerli sənaye ildə 2 milyard kubmetrə qədər qaz istehlak edir. Amma sonda bütün bu xərclər neft və qaz-kimya məhsullarının satışı hesabına dəfələrlə ödənilir.

Məsələn, neft və qazla zəngin ölkə, dünyada bu növ karbohidrogenlərin ən böyük istehsalçısı olan ABŞ-da amerikalılar gündəlik 4 milyon barel neft idxal edirlər. Amma bu, heç də o demək deyil ki, ABŞ-ın nefti tükənib.

Bütün bunlardan aydın olur ki, Azərbaycanla bağlı qərəzli məlumatlar yayan mənbələrin, ümumiyyətlə, qlobal enerji sistemi, xüsusən də dövlətin enerji balansı haqqında heç bir məlumatı yoxdur.

Yaxın vaxtlarda nəzərdə tutulan planlardan söz açan Prezident İlham Əliyev jurnalistlərlə söhbətində bu il Azərbaycanın ikinci ən böyük qaz yatağının - Abşeronun işlənməsinə başlanıldığını bildirdi. Bu yataq indiyə qədər ölkəmizin ən dərin yatağıdır, Xəzər dənizinin 600 metr dərinliyində yerləşir. Həmin yatağın işlənməsinin birinci mərhələsinə uyğun olaraq ildə təxminən 1,5 milyard kubmetr qaz hasilatı nəzərdə tutulur. İkinci mərhələdə isə ildə 5-6, hətta bəlkə də 8 milyard kubmetr qaz hasilatının reallaşdırılması gözlənilir. Bu, ölkəmiz üçün çox əhəmiyyətlidir. Məsələ burasındadır ki, 2021-ci ildə "Şahdəniz" yatağından respublika əhalisinin ehtiyacları üçün 4,7 milyard kubmetr qaz alınıb. Amma "Abşeron" yatağının işlənməsi ilə "Şahdəniz"də qaz alışı azalacaq və sərbəstləşən qaz həcmləri ixraca yönəldiləcək.

Bundan əlavə, dövlət başçısının qeyd etdiyi kimi, fors-major hallar baş verməsə, gələn ildən Azəri-Çıraq-Günəşlidə dərin qaz ehtiyatlarının işlənməsinə başlanılacaq. Beləliklə, biz indiki kimi səmt qazını deyil, Azəri-Çıraq-Günəşlidən (AÇG) təbii qaz almağa başlayacağıq. Şübhəsiz ki, təbii qaz səmt qazından daha qiymətli məhsuldur. İlkin olaraq onun hasilatı ildə 2 milyard kubmetr səviyyəsində planlaşdırılır. AÇG-də qaz hasilatında birinci mərhələdə yeni infrastrukturun yaradılmasına ehtiyac qalmayacaq, çünki mövcud infrastrukturdan istifadə etmək mümkün olacaq. Yəni ötən il 1,5 milyard kubmetr qaz hasil edən "Ümid", hələ işlənməyən qonşu "Babək" yataqları və artıq işlənməkdə olan və Prezident İlham Əliyevin qeyd etdiyi yeni yataqlar hesaba alınmır. Türkiyə və Gürcüstan bazarlarına tədarükü nəzərə almasaq, Avropaya ixracı ildə 20 milyard kubmetrə çatdırmaq üçün kifayət qədər qaz hasil ediləcək.

Dövlət başçısı İlham Əliyev jurnalistlərin suallarını cavablandırarkən bildirdi ki, neft-qaz sənayesi iqtisadiyyatın elə bir sahəsidir ki, orada müəyyən müddətdən sonra yeni texnologiyalar tətbiq olunur və bunun sayəsində karbohidrogen ehtiyatları haqqında biliklər daim yenilənir. Məsələn, 1994-cü ildə "Əsrin müqaviləsi" imzalananda yatağın çıxarıla bilən ehtiyatları 519 milyon ton səviyyəsində qiymətləndirilirdi. Artıq 2000-ci ildə bu göstərici 930 milyon tona yüksəldi. Hazırda ehtiyatlar 1 milyard tona yaxın dəyərləndirilir. Bunun 560 milyon tona yaxını artıq hasil edilib. Beləliklə, qalan neft ehtiyatları 2049-cu ilə - AÇG-nin işlənməsi üzrə ikinci müqavilənin müddəti başa çatana qədər kifayət etməlidir.

"Şahdəniz" qaz yatağında da oxşar vəziyyət yaranır. 2007-ci ildə "Şahdəniz-1"in birinci mərhələsinin, 2018-ci ildə "Şahdəniz-2"nin işlənməsinə başlanılıb, 2030-cu ildə isə "Şahdəniz-3"ün işlənməsinə başlanacağı gözlənilir. Bu baxımdan, "Şahdəniz-1" çərçivəsində çıxarıla bilən qaz ehtiyatları 200 milyard kubmetr, "Şahdəniz-2"də 400 milyard kubmetrdir və ümumilikdə bu yataqda 1 trilyon kubmetr çıxarıla bilən qaz ehtiyatı var. Deməli, orada onilliklər ərzində hasilat, daxili istehlak və ixrac üçün kifayət qədər qaz olacaq.

Xüsusilə qeyd etmək lazımdır ki, ötən il Azərbaycan Avropaya qaz ixracını 2021-ci illə müqayisədə 3,25 milyard kubmetr artırıb. Bu, həqiqətən də heyrətamiz uğurdur, xüsusən ona görə ki, müqavilə öhdəliklərinə əsasən, ölkəmiz Avropaya 10 milyard kubmetrdən çox olmayan qaz həcmi tədarük etməli idi. Beləliklə, Azərbaycan tələb olunan tədarük həcmini 1,4 milyard qədər üstələdi.

Təkcə 2022-ci ilin ilk üç rübündə Azərbaycan Avropaya satdığı qazdan 9,6 milyard avro gəlir əldə edib. Bu, təbii qazın digər karbohidrogenlərin tərkibində xaricə satışından Azərbaycanın gəlirlərindəki payını nə qədər sürətlə artırdığını nümayiş etdirir. O cümlədən neft və qaz Azərbaycanın ixrac gəlirlərinin 92%-ni təşkil edirsə, qazın payı artıq 40%-dir.

Bu il qaz ixracının artması ilk növbədə "Abşeron" yatağından qazın hansı ayda alınacağından asılı olacaq. Yəni nə qədər tez olsa, bu qazın daha çox hissəsi daxili bazara yönəldilə, "Şahdəniz"dən ötürülən qaz həcmləri xaricə ixrac oluna bilər.

Emin QASIMOV,

"Respublika".