BÖYÜK MÜTƏFƏKKİR NİZAMİ
Tarixi şəxsiyyətlər

BÖYÜK MÜTƏFƏKKİR NİZAMİ

Dahi şairin yaradıcılığının tədqiqi

Azərbaycan xalqı zəngin yazılı ədəbi irsə malikdir. Bu ədəbi irsi bədii-poetik yaradıcılığı ilə dünya mədəniyyəti xəzinəsinə daxil edən Nizami Gəncəvi fenomeni bədii sözün nəhəngləri sırasında öndə gedərək Azərbaycan xalqının özü qədər qədim milli dəyərlərini "Xəmsə"si ilə gələcək nəsillərə çatdırmışdır. Yaxın Şərqdən Orta Asiyaya qədər olan geniş coğrafiyada elmin qüdrətini təlqin edən dahi sənətkar bir mütəfəkkir simvoluna çevrilmişdir. Dünya ədəbiyyatında yeni dövr açmış, Yaxın və Orta Şərq xalqlarının fəlsəfi təfəkkür tərzini zənginləşdirən dahi şairin yaradıcılığı müxtəlif istiqamətlərdə tədqiq olunur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi haqqında Sərəncam vermişdir. Professor Mahirə Hüseynova yazır: "Bu çağırış Nizami Gəncəvini, 800 ildən artıqdır ki, təkcə Azərbaycan ədəbiyyatını deyil, xalqımızın ruhunu, onun əxz etdiyi bəşəri dəyərləri öz yaradıcılığında ifadə edən, dünyada yayan böyük mütəfəkkiri kitab rəflərindən, internet resurslarından hər bir azərbaycanlının könlünə köçürmək çağırışıdır". Ölkə Prezidentinin imzaladığı Sərəncam N.Gəncəvi yaradıcılığının yeni tədqiqat sahələrini araşdırmaq üçün stimul olmuşdur. Bu ali dövlət sənədi bəşər sivilizasiyasına böyük mütəfəkkirləri bəxş etmiş milləti təsdiq edən sənəddir. Nizami irsi uzun zamandan bəri dünya elmi-ədəbi fikrinin diqqət mərkəzindədir. Dahi şairin əsərləri dəfələrlə nəşr olunmuş, ədəbi irsinin öyrənilməsi və tanıdılması istiqamətində mühüm işlər görülmüşdür. Lakin Nizami Gəncəvi yaradıcılığının sistemli şəkildə tədqiqata cəlb edilməsi, fundamental tədqiqatların aparılması Azərbaycan filologiyasının qarşısında duran mühüm vəzifələrdəndir. Nizami Gəncəvinin bəşəriyyətə bəxş etdiyi sənət inciləri elə bir xəzinədir ki, neçə-neçə əsrlər elmi araşdırmalar tələb edəcəkdir. Müasir dövrün reallıqları "Xəmsə" mətnlərinin təkcə ədəbi-bədii, fəlsəfi yaradıcılıq meyarları müstəvisində deyil, eyni zamanda kulturoloji, mifoloji, linqvistik və coğrafi areal baxımından tədqiqini zəruriləşdirir. Bu baxımdan professorlar Mahirə Hüseynova, Elman Quliyev və Seyfəddin Rzasoyun həmmüəllifliyi ilə Türkiyədə nəşr edilən "Böyük Azərbaycan mütəfəkkiri Nizami" (Bursa-Türkiyə, 2022) kitabı bu istiqamətdə aparılan mühüm fundamental tədqiqat əsəridir. Dahi şairin ədəbi irsi və onun yaratdığı məktəbin aktual problemləri müasir humanitar düşüncənin tələbləri kontekstində öz tədqiqini aktuallaşdırır. Xüsusilə, azərbaycançılıq məfkurəsi işığında Şərq ədəbiyyatının fəlsəfi fikrinin ən böyük yaradıcılarından olan Nizami irsinin araşdırılması bütün ziyalılarımıza çağırışdır. Professor Mahirə Hüseynova "Nizami Gəncəvi ili". Gələcək üçün çağırış" bölməsində N.Gəncəvi yaradıcılığını tədqiq edən dünya alimlərinin əsərlərini təhlil etmişdir. Nizaminin böyüklüyünün miqyasını təyin etmək üçün V.Dəstəgirdi, M.F.Köprülü, V.Bartold, Y.Bertels kimi böyük şərqşünasların fəlsəfi fikirləri təqdim edilmişdir. "Nizami və "Xəmsə" ənənəsi" bölməsində Nizami ədəbi məktəbi, şərq xalqları mədəniyyətinin inkişafında və onun yeni istiqamətinin formalaşmasında rolu müəyyənləşdirilmisdir. Qeyd edildiyi kimi, onu dünyada şöhrətləndirən ədəbiyyata tamamilə yeni bir poetik səs, nəfəs gətirən "Xəmsə"si olmuşdur. Əsərdə sözün qiymətini bilən, onun ağırlıqları altında poeziyanın yükünü çəkən, nadir istedadın fitrəti ilə adını dünya ədəbiyyatının korifeyləri sırasına həkk etdirən mütəfəkkirin ədəbi irsini təhlil edərək M.Hüseynova yazır: "Nizami adı, Nizami dühası Şərqə Azərbaycan-türk şeirinin (geniş mənada mədəniyyətinin) bədii-estetik, milli-fəlsəfi ecazkar nümunəsi tipində daxil olmuş, Nizami adı ətrafında formalaşan nə varsa Azərbaycan milli-mənəvi ruhunun daşıyıcısı təsirindən uzağa getməmişdir". Əlişir Nəvaidən gətirilən faktlarla Nizaminin Gəncə əhlinə "incə mənalar" bəxş edən mütəfəkkir şair siması təqdim edilmişdir.

"Xəmsə" dahi Nizaminin sənət aləmində ədəbi-bədii kəşfi idi. XIII əsrdən başlayaraq "Xəmsə"yə nəzirələrin yazılması Azərbaycan-Şərq ədəbi-mədəni əlaqələrinin genişlənməsinə geniş təsir etmişdir. Nizami dühasından doğan bu sənət onun hansı coğrafiyada yaşamasından asılı olmayaraq, orta əsrlər ədəbi əlaqələrinin mühüm göstəricisi olmuşdur. Nizami şeirinin tədqiqi və fəlsəfi fikirlərinin açılışı, onun bir fenomen olduğunu sübut edir. Sənətdə istedad və cəsarəti ilə seçilən N.Gəncəvinin yaradıcılıq maraqları ilə üst-üstə düşən "Xəmsə" nəfislər sırasında Əlişir Nəvainin xüsusi yeri qeyd edilir. Xüsusilə, Ə.Nəvainin istər "Xəmsə"yə daxil olan, istərsə də daxil olmayan əsərlərində Nizami sənətinə verilən yüksək qiymət geniş şəkildə araşdırılmışdır. Qeyd olunduğu kimi, Ə.Nəvainin əsərlərinin ayrı-ayrı hissələrində dahi Nizami yaradıcılığının müxtəlif aspektlərdən dəyərləndirilməsi onun Nizami sənətinə dərindən bələd olduğunu təsdiqləyir. Nizaminin təsiri ilə yazılmış bütün "Xəmsə"lərdə Nizaminin üstünlüyü, onun yaradıcılığının, mənəvi sənət ecazkarlığı yüksək dəyərləndirilərək yazılır: "Ə.Nəvai Nizaminin yalnız sirr yox, həm də dürr xəzinəsinin yaradıcısı və sahibi kimi mövzu seçiminə, hadisələri tarixi reallıqlarla bağlamaq səriştəsinə, yüksək elmi-fəlsəfi mənalandırma bacarığına, sözün məna imkanlarını genişləndirmə qabiliyyətinə və s. görə sənət tacidarı və hikmət memarı adlandırır".

Əsərdə Ə.Nəvainin möhtəşəm, əvəzolunmaz sənət memarı olan Nizami yaradıcılığına verdiyi dərin qiymət də təhlil edilmiş, "Fərhad və Şirin" poemasının ondan bəhrələnərək yazıldığı xüsusi vurğulanmışdır. Dahi Nizamidən təsirlənən Ə.Nəvai poemanı yazarkən Nizamiyə məxsus ənənələri, strukturu qoruyub saxlasa da Nizamidən fərqli olaraq hadisələrin mərkəzində Xosrovu deyil, Fərhadı saxlamışdır. Nizaminin "Xosrov və Şirin" poeması ilə Ə. Nəvainin yazdığı poema müqayisə edilmiş və şairin Fərhada tam fərqli müstəvidə yanaşması öz əksini tapmışdır.

Ə.Nəvainin digər əsərlərində olduğu kimi, "Yeddi səyyarə" əsərində də Nizaminin "Yeddi gözəl" poemasından bəhrələndiyi və onun təsiri ilə yazıldığı göstərilir. "Yeddi Gözəl" poemasının baş qəhrəmanı Bəhramın simasında ədalətli cəmiyyət, yeni insan və yeni ideyalar məsələlərinə Nizami Gəncəvi yaradıcılığında geniş yer verilmişdir. İnsan və cəmiyyət kontekstində dövlət, cəmiyyət, ədalətli idarəetmə və s. məsələlərə aydınlıq gətirilmişdir. Nizaminin irəli sürdüyü və həllinə çalışdığı insan və cəmiyyət ideyaları Ə.Nəvainin eyni süjetli "Yeddi səyyarə" poemasının ideyaları ilə üst-üstə düşür.

Əsərin "Müasir Qazax ədəbiyyatında Nizaminin özü və sözü" (Xalijan Bekxojin "Afaqnamə" poeması əsasında) hissəsi professor Elman Quliyev tərəfindən yazılmışdır. Xalijan Bekxojinin Azərbaycan-türk mədəniyyətinin, eləcə də Yaxın və Orta Şərq ədəbiyyatının inkişafında mühüm rol oynamış Nizami Gəncəvinin həyat yoldaşı Afaqın şərəfinə yazmış olduğu "Afaqnamə" (1970) tarixi poemasının Nizami irsinə böyük məhəbbətdən yazılması, yaradıcılığının dəyərləndirilməsi, təbliği və tərənnümü baxımından rolu araşdırılmışdır. Qeyd olunduğu kimi, Xalijan Bekxojinin "Afaqnamə" poeması dahi Nizaminin həyat yoldaşı Afaqın şərəfinə yazılsa da, Nizami ədəbi irsinə, Nizaminin özünün və sözünün obrazlaşdırıldığı, sənətinə, yaradıcılıq ənənələrinə dərin hörmət və ehtiramın nümunəsi kimi əhəmiyyətlidir. Çünki "Afaqnamə"nin əsas qayəsini, belə demək mümkünsə, Nizaminamə təşkil edir və poemada Nizami Gəncəvi xətti aparıcıdır. Poemada Şirvanşah Axsitanın əmri ilə onun görüşünə gedən Nizaminin Gəncədə olmaması, Gəncədə baş vermiş güclü zəlzələ nəticəsində Afaqın ölümü müəllif təxəyyülünün məhsulu olsa da poetik şəkildə qələmə alınmışdır. Qeyd olunduğu kimi, müəllif məqsədli olaraq Nizamini proseslərin mərkəzində saxlamaqla poemada onun aparıcı obrazını yaratmışdır. Nizaminin tərcümeyi-halı və şəxsiyyətinə, zəmanəyə və dövrün hakimlərinə, insanların əxlaq və davranışı, sənət və yaradıcılıq baxışları və s. məsələlərə tarixilik və müasirlik baxımından yanaşılmışdır. Bu səbəbdəndir ki, müəllif əsərdə "şeir mülkünün sultanı" hesab etdiyi Nizami obrazına qlobal müstəvidə yer verir. Hökmdarlarla qarşılaşdığı səhnələrdə Nizamiyə "Söz mülkünün sultanı" kimi önəm verilir və həmin hissələrdə şeir-sənət düşüncələri ictimai-siyasi baxışları üstələyir. Xalijan Bekxojin Nizaminin "Xosrov və Şirin" əsərindən "Afaqnamə"yə poemanın mövzusu ilə uzlaşan misralar daxil etmiş, Nizami sözünün bədii qüdrətindən faydalanmışdır.

Əsərin "Nizami Gəncəvinin "Yeddi Gözəl" məsnəvisinin əsas süjetinin folklor-mifoloji semantikası" professor Seyfəddin Rzasoy tərəfindən yazılmışdır. Müəllifin fikrincə, mətn şüurdakı dünya modelinin müxtəlif təsvir kodları ilə ifadə olunduğu, gerçəkləşdiyi obyektdir. Bu cəhətdən yanaşılaraq Nizami Gəncəvinin "Xəmsəsi"nin bədii-fəlsəfi informasiya sistemi kimi folklor-mifoloji semantikası müəyyənləşdirilir. Bu sistemdən çıxış edilərək milli və ədəbi kimliyi bütün dünya bədii-fəlsəfi düşüncə məkanı, milli kimliyin kodlarını özündə yaşadan etnoenergetik sistemi təhlil olunur və ümumən bəşəriyyətin etnokosmik yaşam gücü şərh edilir. Nizaminin adı, milli kimliyi və ədəbi mənsubiyyətlə bağlı mübahisələrə aydınlıq gətirilir. Azərbaycanda yaşayıb-yaratmış, onun təbiətini tərənnüm etmiş, türklüyü xüsusi bədii-estetik düşüncə konsepti kimi yaratdığı fəlsəfi düşüncə nüvəsinə yerləşdirilmiş Nizami haqqında bu mübahisələrə əsərdə son qoyulmuşdur. Əsaslandırılır ki, sovet nizamişünaslığının bütövlükdə mənsub olduğu siyasi məkanın ideoloji çərçivəsi şairin milli və ədəbi kimliyi məsələsini bütövlükdə həll etməyə imkan verməmişdir. Bu, nəzərə alınaraq Azərbaycan alimlərinin Nizaminin Azərbaycan xalqına və ədəbiyyatına məxsus olması, müxtəlif faktlarla gerçəkliyə çevrilməsi əsərdə öz təhlilini tapmışdır. Nizaminin azərbaycanlı olmaması haqqında İranda irəli sürülən fars şovinizminin müddəaları təkzib edilərək Nizaminin Azərbaycan xalqına və ədəbiyyatına mənsubluğu, milli və ədəbi kimliyi məsələsini aydınlaşdırmaq üçün metodoloji modelin formaları araşdırılmışdır. Bunun üçün milli kimlik və ədəbi kimlik terminlərinin məna sferası dəqiqləşdirilmişdir. Xüsusilə, akademik Marrın fikirlərinə istinad edilərək "İran alimləri farsca yazdığı üçün onu İran, fars şairi hesab etsələr" də "Nizaminin əsərlərindən türk iyi gəlir" deyərək, şairin yaradıcılığının türkün milli ədəbi maraqlarına uyğun olması təsdiq edilir. Professor Seyfəddin Rzasoy yazır ki, "Türklük Nizami üçün dərk olunmuş etnik özünün ifadə modelidir". Nizaminin əsərlərindən gətirilən faktlar əsasında türk-etnik mədəni varlığının, türk-mifoloji yaradılış modelinin ən mühüm ünsürləri şərh olunur. Nizaminin yaratdığı mürəkkəb obrazlar dərin, mifoloji, poetik ənənəyə söykənir. "Xəmsə" mətnində işlənən elmi fikirlərin zənginliyi, ədəbi mühiti, mənsub olduğu türk poeziyasının aktiv kontaktiv xüsusiyyətləri müəyyənləşdirilir. Nizami yaradıcılığının bu istiqamətdə araşdırılması yalnız ədəbiyyatşünaslığımız üçün deyil, ümumi mənəvi varlığımız üçün də maraqlı, səciyyəvi faktlar ortaya çıxarır. Tədqiqatdan aydın olur ki, dahi Azərbaycan şairi Nizami Gəncəvi dünya və ümumşərq mədəniyyəti incilərinə dərindən bələd olmuş, yeni istiqamətli poetik irsinin daha emosional, daha bədii-estetik zənginliklərə çatması üçün folklor qaynaqlarından, ümumən türk ədəbi mühitindən faydalanaraq bəşəriyyət qarşısında böyük xidmətlər göstərmiş, bədii sözlə fəlsəfi mənanı fenomenal şəkildə birləşdirərək fəlsəfi poeziyanın əsasını qoymuşdur. Azərbaycan filologiyasında əhatə dairəsi və yüksək elmliliyi ilə seçilən poliqrafik baxımdan da yüksək səviyyədə nəşr olunan bu əsər nizamişünaslıq üçün əhəmiyyətli bir əsərdir.

Sayalı SADIQOVA,

Azərbaycan Respublikası Nazirlər

Kabineti yanında Terminologiya

Komissiyasının sədr müavini,

filologiya elmləri doktoru, professor.