Böyük inam və etimad
Siyasət

Böyük inam və etimad

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişaf strategiyası ilə bağlı planlarından biri də demokratik dəyərlərə əsaslanan hüquq sisteminin formalaşdırılması üçün yeni hüquqi dövlət quruculuğu konsepsiyasının hazırlanması olmuşdur. Azərbaycan Respublikası Prokurorluğu da məhz ulu öndərin həyata keçirdiyi düşünülmüş və ardıcıl tədbirlər nəticəsində inkişaf etmiş və Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurla davam etdirdiyi siyasi-iqtisadi-hüquqi tədbirlər nəticəsində müasir dövrün tələblərinə uyğun yenidən formalaşmışdır.

Ümummilli lider Heydər Əliyevin dövlətçiliyin əsas sütunlarından biri hesab etdiyi Prokurorluğa müstəqil Azərbaycan Respublikasının 12 noyabr 1995-ci il tarixdə qəbul edilmiş ilk Konstitusiyasında ayrıca maddə həsr edilməklə Prokurorluğu məhkəmə hakimiyyəti sisteminə daxil olan və Azərbaycan Respublikası Baş prokurorunun tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqan kimi təsbit edərək konstitusion status verməsi, davamı olaraq hüquqi bazanın formalaşdırılması üçün “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” kimi qanunların qəbul edilməsi prokurorluğun hüquq sistemində yerinin möhkəmləndirilməsi üçün görülən düşünülmüş siyasətin nəticəsidir.

Ulu öndər çıxışlarında prokurorluq peşəsini ağır, lakin çox şərəfli, hörmətli peşə hesab edərək 17 iyul 1998-ci il tarixli Sərəncam ilə 1 oktyabr tarixini Prokurorluq işçilərinin peşə bayramı günü kimi elan etməsi prokurorluğun qanunçuluğun möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsində gördüyü işlərə verilən ən böyük qiymətdir.

Hüquq sisteminin inkişafında prokurorluğun rolunun gücləndirilməsi istiqamətində tədbirlər mütəmadi olaraq davam etdirilmişdir. Belə ki, 2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktına əsasən prokurorluğa qanunvericilik təşəbbüsü hüququ verilmişdir. Bununla da, qanunların icrasına və tətbiqinə nəzarət edən prokurorluq orqanlarının iş prosesində müəyyən etdiyi hüquqi boşluqların aradan qaldırılması və qanunvericiliyin təkmilləşdirilməsi prosesində yaxından iştirakı təmin olunmuşdur ki, bu isə prokurorluğun hüquq sisteminin inkişafında rolunun artırılmasına xidmət edir.

Beynəlxalq hüquqda da prokurorluğun hüquq sistemində müstəsna rolu və yeri olduğu xüsusi qeyd olunur. Belə ki, Avropa Şurasının Nazirlər Komitəsinin “Cinayət mühakimə sistemində prokurorluğun roluna dair” 2000-ci ilin 6 oktyabr tarixli tövsiyələrində cinayət mühakimə sistemində prokurorluğun müəyyənedici rol oynadığı qeyd edilmiş, cinayət mühakiməsində məhkəmə prosesinin başlanılmasının məhz prokurorluğun həll etdiyi, prokurorluğun cinayət işlərin istintaqı üzrə dövlət siyasətini həyata keçirdiyi və istintaqa rəhbərlik etdiyi göstərilmiş, prokurorluq cəmiyyətin adından və onun maraqları naminə cinayət sanksiyası olduqda qanunun icrasına nəzarət etmək səlahiyyətinə malik olan hakimiyyət kimi müəyyən edilmişdir.

Məhz cinayət-prosessual qanunvericiliyi prokurora üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinin təmin edilməsi üçün bir sıra hüquqlar vermişdir. Belə ki, qanunun tələbinə əsasən istintaqın hansı qurum tərəfindən aparılmasından asılı olmayaraq məhkəmə qarşısında azadlığın məhdudlaşdırılması ilə bağlı qətimkan tədbirlərinin seçilməsi məsələsinin qaldırılması, ittiham aktının təsdiqi, cinayət işinin baxılması üçün məhkəməyə göndərilməsi kimi mühüm məsələlərin həlli prokurorluğun müstəsna səlahiyyətinə aid edilmişdir.

Bundan başqa, qanunvericilik ictimai və ictimai-xüsusi ittiham üzrə bütün məhkəmə baxışlarında prokurorun iştirakını mütləq hesab etdiyindən, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsinin qeyri-mümkünlüyü təsbit edilmişdir. Belə ki, məhkəmə istintaqı prokuror tərəfindən irəli sürülmüş ittihamın elan edilməsi ilə başlanmaqla, proses zamanı prokurora ittihamdan imtina, təqsirli şəxslərə layiqli cəzanın tələb edilməsi kimi bir sıra mühüm səlahiyyətlər verilmişdir.

Qanunvericiliyə əsasən prokurorluğun digər fəaliyyət istiqamətləri ilə yanaşı Azərbaycan Respublikası Prezidentinin siyasi iradəsinə uyğun olaraq dövlətin fəaliyyətinin ən prioritet istiqamətlərindən biri kimi müəyyən edilmiş korrupsiyaya qarşı mübarizənin üsulu kimi bu qəbildən olan cinayətlər üzrə istintaq və əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi, habelə təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icra və tətbiq olunmasına nəzarət işi də prokurorluğa həvalə edilmişdir.

Cinayət təqibinin həyata keçirilməsi ilə bağlı fəaliyyətdən başqa qanunvericilikdə prokurorun dövlət mənafeyinin müdafiəsi üçün iddiaçı kimi mülki və iqtisadi mübahisələrə dair işlərə baxılmasında, habelə məhkəmələr tərəfindən təyin edilmiş cəzaların məqsədinə nail olunmasında iştirakı da nəzərdə tutulmuşdur.

Qeyd olunanlarla yanaşı 2016-cı il 1 mart tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində də prokurorluğun bu sahədə səlahiyyətləri genişləndirilərək dövlət orqanlarının vəzifəli şəxsləri tərəfindən yol verilən bir sıra inzibati xətalar üzrə inzibati icraatın yalnız prokurorlar tərəfindən başlanılması kimi bir sıra hüquqlar verilmişdir. Prokurorluğun bu sahə üzrə fəaliyyətinin daha da gücləndirilməsi üçün Baş Prokurorluğun müstəqil strukturu olan Cinayət təqibindən kənar icraatlar idarəsi yaradılmışdır ki, bu da öz növbəsində digər qurumlarla birgə fəaliyyətin həmin istiqamətlər üzrə də inkişaf etdirilməsinə zəmin yaratmışdır.

Ümumiyyətlə, Prokurorluq orqanları həmişə digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə fəaliyyət göstərərək ölkədə ictimai-siyasi sabitliyin qorunmasını, cinayətkarlığa, xüsusən də onun mütəşəkkil təzahürlərinə qarşı mübarizənin gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, dövlət büdcəsindən yayındırılmış vergilərin və gömrük ödənişlərinin ödətdirilməsi sahəsində də zəruri tədbirlərin görülməsini təmin etmişdir.

Hərtərəfli islahatların geniş vüsət aldığı hazırkı dövrdə Azərbaycan prokurorluğu qarşısında duran əsas vəzifələrdən biri də sosial-iqtisadi islahatlar kontekstində vergi və gömrük siyasətinin optimallaşdırılması, əlverişli biznes mühitinin formalaşdırılması, ümumilikdə isə kölgə iqtisadiyyatına qarşı kəsərli mübarizənin aparılması istiqamətində səlahiyyətləri çərçivəsində yaxından iştirak etməkdir.

Möhtərəm Prezident İlham Əliyevin 1 may 2020-ci il tarixdə Azərbaycan Respublikasının yeni təyin olunmuş Baş prokuroru Kamran Əliyevi videoformatda qəbulu zamanı dövlət başçısının prokurorluq orqanlarında işin səmərəliliyinin artırılması, fəaliyyətinin dövrün tələbləri səviyyəsində qurması istiqamətində verdiyi göstərişlərdən irəli gələn vəzifələrin icrası ilə bağlı həyata keçirilən ciddi struktur və mühüm kadr islahatları hazırda da davam etdirilməkdədir.

Əlavə olaraq qeyd etmək istərdim ki, Kamran Əliyevin Baş prokuror təyinatından sonrakı dövrdə prokurorluq orqanlarına böyük inam və etimad daha da artırılmış, prokurorluqla bağlı sosial və maddi təminat məsələlərinə dair bir sıra qanunvericilik və institusional tədbirlər, habelə prokurorluğun hüquqi statusunun möhkəmləndirilməsi istiqaməti üzrə digər işlər görülmüşdür.

Belə ki, Azərbaycan Respublikasının 2020-ci il 25 iyun tarixli Qanunu ilə cinayət-prosessual qanunvericiliyinə edilmiş dəyişikliyə əsasən xarici ölkədə yerləşən əmlakın müsadirəsi barədə Azərbaycan Respublikasında çıxarılmış hökm və ya digər yekun qərar icrası ilə bağlı əmlakın, yaxud onun dəyərinin ölkəyə qaytarılmasının təmin edilməsi kimi mühüm sahə, habelə xarici dövlətlərin məhkəmələrinin eyni xarakterli hökmlərinin və ya digər yekun qərarlarının Azərbaycan Respublikasında tanınması barədə yerli apelyasiya məhkəmələri qarşısında məsələ qaldırılması səlahiyyəti Azərbaycan Respublikasının Baş Prokurorluğuna həvalə edilmişdir.

Xüsusilə qeyd etməliyik ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsində düşmən üzərində qazanılan şanlı Zəfər çoxəsrlik tariximizin qürur mənbəyinə çevrilmiş, 30 illik işğala son qoyularaq torpaqlarımız azad edilməklə yeni bir tarix yazılmışdır. Böyük Qələbə cənab Prezidentin möhkəm iradəsi, müdrik diplomatiyası, yaratdığı güclü iqtisadiyyat və ordu quruculuğu sahəsində həyata keçirdiyi uğurlu siyasət sayəsində mümkün olmuşdur.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən “Dəmir yumruq” əks-həmlə əməliyyatı ilə 44 günə azad edilən əzəli torpaqlarımız cənab Prezidentin müasir inkişaf konsepsiyası ilə yenidən qurulur, özü də daha möhtəşəm, daha əzəmətli...

Ötən ilin 15 iyun tarixində – Milli Qurtuluş Gününə təsadüf edən qardaş ölkə Türkiyə ilə bağlanmış Şuşa Bəyannaməsinin Azərbaycan mədəniyyətinin beşiyi, Qarabağın tacı hesab edilən Şuşa şəhərində imzalanması xüsusi siyasi əhəmiyyət daşıyır. Bəyannamə beynəlxalq hüququn prinsip və normalarına uyğun olaraq regional və beynəlxalq sülh, sabitlik və təhlükəsizlik üçün birgə səylərin önəmini vurğulamaqla, Azərbaycan Respublikasının müstəqillik, suverenlik, eyni zamanda beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərini rəhbər tutaraq Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin bərqərar olması, möhkəmləndirilməsi üçün siyasi və hüquqi mexanizmləri özündə ehtiva edir.

Uzun illərdən sonra torpaqlarımıza qovuşmaqda əvəzsiz xidmətləri olmuş Vətən müharibəsinin iştirakçıları,  şəhid ailələri, qazilər, Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi qayğısı ilə əhatə olunur və bu istiqamətdə “YAŞAT” Fondu tərəfindən görülən işlər müstəsna əhəmiyyətə malik olmuşdur.

Ötən günlərdə Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirilən Vaqif poeziya günlərinin açılışı zamanı cənab Prezidentin vurğuladığı kimi ulu öndərin iradəsi və qətiyyəti nəticəsində hələ sovetlər dönəmində Vaqifin məqbərəsinin Şuşada ucaldılması Şuşanın Azərbaycan şəhəri olduğunu bir daha təsdiq etmişdir. Bu tarixi hadisə öz növbəsində milli ləyaqətimizin bərpası və Azərbaycan tarixinin gələcək nəslə ötürülməsində ulu öndər Heydər Əliyevin və onun vəsiyyətini uğurla yerinə yetirən Ali Baş Komandan cənab İlham Əliyevin rolunun misilsiz və əvəzsiz olduğunu bir daha təsdiq etmişdir.

Cənab Prezidentin işğaldan azad edilmiş torpaqlarımıza hər səfəri böyük iftixarla izlənməklə, Qələbədən bir il keçməsinə baxmayaraq, həmin torpaqlarda həyata keçirilən yenidənqurma işlərinin həcmi yüz minlərlə soydaşımızın öz dədə-baba yurdlarına qayıdıb orada əbədi yaşamaq arzusunun tezliklə reallaşacağını deməyə əsas verir. 

Qarabağda görülən işlərin davamı olaraq, hərbi prokurorluq orqanlarının fəaliyyətinin daha səmərəli təşkilini təmin etmək məqsədilə ölkə başçısının Sərəncamı ilə Qubadlı və Kəlbəcər Hərbi Prokurorluğu, habelə Qarabağ Hərbi prokurorluğunun əsasında Ağdam Hərbi Prokurorluqları yaradılmaqla müvafiq təyinatların aparılması özündə Qarabağa Böyük Qayıdışa dair dövlət siyasətinin həyata keçirilməsini təcəssüm etdirir.

Sonda qeyd etmək istərdim ki, cənab Prezidentin bütün çıxışlarında səsləndirdiyi fikirlər, verdiyi tövsiyə və tapşırıqlar bir vətəndaş və prokurorluq əməkdaşı kimi daim rəhbər tutulmaqla, prokurorluğun müasir yanaşmaya malik peşəkar bir quruma çevrilməsi məqsədlərinə nail olunması üçün üzərimizə düşən vəzifələr hər birimiz tərəfindən layiqincə yerinə yetiriləcəkdir.

Ceyhun KAZIMOV,

Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış

fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi, baş ədliyyə müşaviri.