Bölgələrimizdə şəhidlərimiz ehtiramla yad edildi
Region

Bölgələrimizdə şəhidlərimiz ehtiramla yad edildi

Gəncə

Azərbaycanın hər yerində olduğu kimi, Gəncə şəhərində də 27 Sentyabr - Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib. Anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Quru Qoşunlarının Qərargah rəisi Vasif Kazımov, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, DTX Gəncə Şəhər İdarəsinin rəisi Ramil Əliyev, Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev, millət vəkilləri Pərvin Kərimzadə, Müşfiq Cəfərov, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Qafqaz Müsəlmanlar İdarəsinin Qazılar Şurasının nümayəndəsi Hacı Tahir Abbasov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, məhkəmə sədrləri, müharibə iştirakçıları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Gəncənin Şəhidlər Xiyabanında gerçəkləşən tədbirdə əvvəlcə rəsmilər, Azərbaycanın ərazi bütövlüyü uğrunda itkin düşmüş hərbçilərin adları əks olunan abidəni ziyarət edib, önünə gül dəstələri düzüblər. Daha sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Quru Qoşunlarının Qərargah rəisi Vasif Kazımov "Əbədi məşəl" abidəsi önünə əklil qoyublar. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Nizami Gəncəvi Məqbərəsinin ərazisində Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsinə həsr olunan ağacəkmə aksiyası gerçəkləşib.

Qeyd edək ki, 27 Sentyabr - Anım Günü ilə əlaqədar şəhərin inzibati və yaşayış binalarından Azərbaycan və Türkiyə bayraqları asılıb. Bununla yanaşı, gün ərzində Gəncənin baş meydanında olan monitorda Gəncə şəhidlərinin şəkil və məlumatlarının yer aldığı videoslayd nümayiş olunub.

Zabit XƏLİLOV,

"Respublika".

 

LƏNKƏRAN

27 senytabr - Anım Günü ilə əlaqədar Lənkəran rayonunda silsilə tədbirlər keçirilib. Səhər saatlarında Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının kollektivi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri Şəhidlər abidə - kompleksini ziyarət ediblər. Abidənin önünə gül dəstələri düzərək şəhidlərin parlaq xatirəsini böyük ehtiramla anıblar.

Anım mərasimi Heydər Əliyev Mərkəzində davam etdirilib. Mərkəzin foyesində "Şəhidlər ölməz" adlı sərgi nümayiş olunub. Tədbirin əvvəlində ölkəmizin Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Mərasimdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin rəisi, polkovnik Emin Bağırov, şəhid atası Kamran Kazımov, Yazıçılar Birliyinin Lənkəran bölməsinin sədri Qafar Cəfərli, şəhid Taleh İsmayılovun həyat yoldaşı Gülay İsmayılova və Vətən müharibəsi qazisi Eyvaz Hüseynzadə şəhidlərimizin qanları ilə tarix yazdıqlarını, xalqımızın başını uca etdiklərini, birinci Qarabağ müharibəsi şəhidlərinin də qisaslarını aldıqlarını söyləyiblər.

Sonra şəhid övladlarının və məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.

Əlisəfa HƏSƏNOV,

"Respublika".

 

ŞİRVAN

Anım Günündə Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərin müxtəlif ərazilərində gün ərzində bir sıra tədbirlər keçirildi. Anım Günü münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatı İltizam Yusifov, Şura üzvləri, hüquq-mühafizə orqanlarının, regional idarələrin, ictimai-siyasi qurumların rəhbərləri, şəhid ailələri və qazilər Şirvan şəhərindən Birinci Qarabağ müharibəsində şəhid olmuş Milli qəhrəmanlar Nofəl Quliyevin, Rəfael Həbibovun, Tahir Bağırovun büstlərini və Şirvan şəhər El qəbiristanlığında dəfn olunmuş şəhidlərin məzarlarını ziyarət etdilər. Büstlərin və məzarların önünə gül-çiçək dəstələri düzülərək şəhidlərin ruhuna ehtiram ifadə olundu.

Tədbir ağac əkini aksiyası ilə davam etdirildi.

Tofiq HÜseyn,

"Respublika".