Bölgələrdə vətəndaşların qəbulu
Sosial həyat

 Bölgələrdə vətəndaşların qəbulu

Sabirabad

Yanvarın 12-si Baş prokuror Kamran Əliyev Sabirabad rayon prokurorluğunun inzibati binasında Sabirabad, Saatlı, İmişli həmçinin digər rayonlardan olan vətəndaşları qəbul edib.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilir ki, qəbuldan əvvəl Baş prokuror K.Əliyev xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad edib.

Qəbulda iştirak edən 34 vətəndaşın müraciətində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, mülki xarakterli mübahisələrlə bağlı və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün Kamran Əliyev müvafiq göstərişlər verib.

Qəbuldan sonra Baş prokuror əməkdaşlarla görüşlər keçirməklə onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdıqlarını diqqətə çatdırıb.

 

Tovuz

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin 2023-cü ilin yanvar ayı üzrə şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən yanvarın 12-də Tovuz şəhərində vətəndaşları qəbul edib.

Nazirlikdən bildirilir ki, görüşdən əvvəl nazir R.Nəbiyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.

Vətəndaş qəbulunda Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy və Daşkəsən rayon sakinləri iştirak ediblər.

Qəbul zamanı vətəndaşların nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxılıb.

Nazir Rəşad Nəbiyev müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi dərhal həllini tapıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlərin isə qeydiyyata alınaraq müvafiq qurumlara göndərilməsi təmin olunacaq.         

 

Xaçmaz

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər. Tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq kənd təsərrüfatı naziri İnam Kərimov yanvarın 12-də Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Xaçmaz, Şabran və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Nazirliyin mətbuat xidməti bildirir ki, qəbuldan öncə nazir İnam Kərimov və Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Daha sonra nazir İnam Kərimov Xaçmaz Aqrar İnkişaf Mərkəzinin inzibati binasında yaradılan şəraitlə tanış olub, fermerlərə informasiya məsləhət xidmətinin göstərilməsində iştirak edən Aqrar İnkişaf Könüllülərinin bir qrupu ilə görüşüb.

Nazirliyin idarə və tabeli qurumları rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 30 nəfərin müraciətinə baxılıb. Qəbula gələn vətəndaşların müraciəti əsasən fermerlərə subsidiya, güzəştli şərtlərlə kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası və təsərrüfat suyu ilə təminat, ixtisasa uyğun işlə təminedilmə, torpaqların təyinatının dəyişdirilməsi, sığorta hadisəsi zamanı dəymiş ziyanın ödənilməsi və digər məsələlərlə bağlı olub.

Nazir İnam Kərimov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Nazir vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların məhsul istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb.

Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Nəriman CAVADOV,

"Respublika".