Bölgədə sülh, dünyada sülh
Siyasət

Bölgədə sülh, dünyada sülh

Fransanın heç bir cəhdi Azərbaycanın bu istəyinin qarşısını ala bilməyəcək

"Mən bu gün şəhidlərin xatirəsini yad etdim. Şəhidlər memorialını, eləcə də Mücahidlər Muzeyini ziyarət etdim və gördüklərim mənə təsir etdi. Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Bu gün biz bu faciəni anaraq gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik". Bu fikirləri Prezident İlham Əliyev ötən il noyabrın 1-də Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında bildirib. Dövlət başçısı bir daha dünyanı ədalətli olmağa çağırıb.

Bəli, Azərbaycan liderinin dediyi kimi, dünya 1,5 milyon günahsız insanın qətlini, faicəsini unutmamalıdır. Xirosima, Naqasaki, xalqımıza qarşı törədilən 31 mart, 20 Yanvar, Xocalı faciələrini, dünyanın ayrı-ayrı nöqtələrində öldürülən insanların faciəsini də yaddan çıxarmamalıdır dünya. Dünya bu faciələri törədənləri də cəzasız qoymamalı, haqq-hesab sormalı, məhkəmə qurmalıdır. Əgər nə vaxtsa Korsikada, Əlcəzairdə etdiklərinə görə mühakimə edilmiş olsaydı, yəqin ki, Fransa kimi cinayətkar bir dövlətin ondan çox-çox uzaqda yerləşən Azərbaycan torpaqlarına əli uzanmaz, adını başqasına qoymağa cəhd göstərməzdi. Beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini, Helsinki Yekun Aktını kobud şəkildə pozaraq gücdən istifadə etməklə Azərbaycana qarşı hərbi təcavüz və işğal törədən Ermənistanın bu əməllərini dəstəkləməz, kiçik bacısına öyüd-nəsihət verib onu bu yoldan çəkindirərdi.

Vətən müharibəsindəki qələbədən sonra dünya dövlətlərinin bəzilərinin Azərbaycana qarşı münasibətləri dəyişdi, daha doğrusu, onların iç üzləri üzə çıxdı.

Uzun illərdən, bəlkə də əsrlərdən bəri xalqımıza qarşı bəslədikləri kin-küdurət, intiqam, qisas hissi daha da alovlandı. Cənubi Qafqazda nüfuz dairəsini, təsir gücünü artırmaq istəyən Fransa əzəli düşmənimiz Ermənistana açıq-aşkar havadarlıq etməyə başladı. Müharibədən əvvəl gizli şəkildə həyata keçirdiyi çirkin niyyətini bütün dünyaya bəlli etdi. Artıq iki ildən çoxdur ki, Fransa beynəlxalq təşkilatlar vasitəsilə Azərbaycana müxtəlif yollarla təsir etməyə çalışır.

2022-ci ilin noyabrında Tunisin Cəbrə adasında Beynəlxalq Frankofoniya Təşkilatının 50 illik yubiley sammitinə fransızdilli ölkə olmamasına rəğmən yalnız Parisin himayəsinə sığınmaq məqsədilə bu təşkilatda təmsil olunan Ermənistan sədrlik edirdi. Sammitin noyabrın 18-də nazirlər səviyyəsində keçirilən görüşündə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan əleyhinə bəyanat səsləndirib öz sərsəm iddialarını dövlət və hökumət başçılarının qəbul edəcəyi yekun sənədinə əlavə etməyi təklif etdi. Lakin bir sıra üzv və assosiativ üzv ölkələr, həmçinin müşahidəçi qismində tədbirdə iştirak edən dövlətlərin nümayəndələri buna etiraz əlaməti olaraq iclası tərk etdilər. Noyabrın 20-də isə Ermənistanın baş naziri Nikol Paşinyanın qlobal sistemdə dövlətlərin suverenliyinə hörmət etməyin zəruriliyini qeyd edən çıxışını bəzi iştirakçılar istehza ilə qarşıladılar. Axı, onlar 30 ildən artıq müddətdə ermənilərin məhz bu prinsipi pozaraq Azərbaycan ərazilərini işğal altında saxladıqlarını, hələ də Qarabağdan silahlı quldurlarını çıxarmaq istəmədiklərini çox gözəl bilirdilər. Beləliklə, Fransa və Ermənistan bu tədbirdə istədiklərinə tam nail ola bilmədilər. Qəbul etdikləri sənəd isə heç bir hüquqi əsas kəsb etmədi. Prezident Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdəki çıxışında bununla bağlı demişdir: "Frankofoniya təşkilatında olan dostlarımız - onları biz yaxşı tanıyırıq və onlar da, sözün əsl mənasında, dostlarımızdır, - səyi nəticəsində bütün anti-Azərbaycan tezisləri oradan çıxarıldı. Fransa-Ermənistan tandemi bu imkandan da istifadə edə bilməmişdir".

Fransa Brüssel formatını da pozmağa çalışır. Azərbaycan Prezidenti dəfələrlə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə aparılan danışıqların Azərbaycan-Ermənistan sülh prosesinə verdiyi töhfəni yüksək qiymətləndirib, rəsmi Paris isə bu danışıqları pozmağa cəhd göstərib. Bu isə Avropa İttifaqının Cənubi Qafqazda sülhə yönələn addımlarına zərbədir və Avropa İttifaqını narahat etməli olan məsələdir.

Azərbaycan Prezidenti Fransanın Brüssel formatına zərbə vuran davranışları ilə bağlı Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Tovio Klaarın Bakıya səfəri zamanı onunla görüşündə maraqlı fikirlər səsləndirib. Görüş zamanı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, iki ölkə arasında sülh müqaviləsi ilə bağlı danışıqlar prosesi, sərhədlərin delimitasiyası üzrə Brüsseldə keçirilmiş görüşün nəticələri barədə fikir mübadiləsi aparılıb. Brüssel formatının ləğvinə yönələn cəhdlərin neytrallaşdırılması məsələsi də müzakirə obyekti olub.

Ötən il dekabrın 20-21-də Fransa və Ermənistan Laçın yolundakı vəziyyətlə bağlı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının iclasını çağırdı. Həmin toplantıda BMT TŞ-nin gündəliyinə 2022-ci ilin sentyabrında baş vermiş hadisələrlə bağlı "Ermənistanın BMT yanında daimi nümayəndəsinin məktubu" adlı bənd daxil edilmişdi. Sözügedən müraciət əsasında TŞ-nin gündəliyinə bu bənd də Fransanın dəstəyi ilə salınmışdı. Fransa prezidenti Administrasiyası və E.Makronun xarici siyasət məsələləri üzrə müşavirinin rəhbərliyi ilə aparılan müzakirələr 10 gün çəkmiş, Fransa bütün resurslarını işə salsa da, Azərbaycan əleyhinə bəyanatı qəbul etdirə bilməmişdi. Təbii ki, bu da Fransanın daha bir rüsvayçı məğlubiyyəti idi.

Bu il yanvarın 18-də Avropa Parlamentinin Azərbaycanın Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərində Ermənistanın yeraltı sərvətlərimizi qanunsuz şəkildə mənimsəməsinə qarşı ekofəalların Laçın-Xankəndi yolunda keçirdiyi etiraz aksiyası ilə bağlı qəbul etdiyi qətnamədə reallıqdan tamam uzaq, anti-Azərbaycan xarakteli bəndlər yer alıb. Qətnamədə Azərbaycanın guya Ermənistana hərbi təcavüz etməsi, Laçın yolunun "blokada"da olması kimi sərsəm iddialarla yanaşı, artıq unudulmuş "madrid prinsipləri"nə də istinadlar edilib. Təbii ki, Azərbaycana qarşı bu növbəti təxribatın təşkilatçılarından biri də məhz Fransadır.

Azərbaycan Prezidentinin ümumi siyasi xətti göstərir ki, rəsmi Bakı Brüssel formatı dağılsa belə, Fransanın müdaxilə etdiyi danışıqlar prosesində iştirak etməyəcək, yeni formatın formalaşdırılması üçün çalışacaq. Fransa hakimiyyətinin təzyiqi ilə imza atılan kağız parçasının isə Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur...

Zümrüd QURBANQIZI,

"Respublika".