Bölgə xəbərləri: Xocavənd
Region

Bölgə xəbərləri: Xocavənd

Bütün dünyaya meydan oxuyan yeni koronavirus pandemiyası və ötən ilin payızında tarixi qələbə ilə başa çatan Vətən müharibəsi keçmiş cəbhə xəttində yaşayan insanların adi həyat qayğılarını belə dəyişib, insanların sağlamlığına zərər vurub. Azərbaycanda karantin rejiminin tətbiq edilməsi və Nazirlər Kabineti yanında  Operativ Qərargahın tələbləri hər birimizdən vətəndaş məsuliyyəti tələb edir və aydın məsələdir ki, biz birlikdə bu qəfil düşmənə qalib gələcəyik.

Xocavənd rayonu ərazisində koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün işlər mütəmadi olaraq davam etdirilir.

Rayonda  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq əhalinin peyvənd olunması kampaniyası uğurla həyata keçirilir. Vaksin olunan vətəndaşlar koronavirus əleyhinə vaksinin ölkəyə gətirilməsini və əhalinin müxtəlif qrupları üçün əlçatanlığını təmin etdiyinə görə ölkə başçısı  İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Rayon üzrə ümumilikdə COVID-19 infeksiyasına qarşı  2300 nəfər peyvənd olunub. Peyvəndləmə davam etdirilir, maarifləndirmə işləri aparılır.

***

Dünyanı hədələyən ən təhlükəli epidemiyalardan biri də narkomaniyadır. “Ağ ölüm”ün yayılmasının qarşısının alınması üçün respublikamızda təsirli tədbirlər həyata keçirilir.

Bu günlərdə Xocavənd qəsəbəsində  “Narkomaniya uçurumdur” mövzusunda maarifləndirici  tədbir keçirilib.  Pandemiya qaydalarına uyğun olaraq keçirilən tədbirin əsas məqsədi ictimaiyyətin diqqətini narkotik maddələrin insan sağlamlığına, vurduğu maddi və mənəvi  zərərlərə yönəltmək, narkomaniya ilə mübarizədə hər bir vətəndaşı daha aktiv olmağa çağırmaqdır.

Tədbirdə rayon prokurorunun köməkçisi Vəli Novruzov çıxış edərək bildirib ki,  narkotik vasitələrə aludəçilik cinayətkarlıq, zorakılıq və digər mənfi halların yaranmasına zəmin yaradır. Əgər bir pis vərdiş insanın məhvinə yönəlirsə, demək, o, insanlığa qarşı törədilmiş  cinayətdir. Gəncləri  bu vərdişlərdən yayındırmaq üçün maarifləndirici tədbirlərə çox ciddi ehtiyac var. 

Rayon mərkəzi xəstəxanasının həkimi Firuzə Bəhrəmova, gənc könüllü Tuncay Hüseynov, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçisi Orxan Həsənov  və  digər çıxış edənlər  narkomaniyanın doğurduğu fəsadlar, insan orqanizminə zərəri və ona qarşı aparılan mübarizədən  danışaraq hər kəsi  bəşəriyyətin bu təhlükəli bəlasına qarşı birgə mübarizəyə səsləyiblər.  

Salman ALIOĞLU,

“Respublika”.