BMU “Qarabağın bərpa, yenidənqurma və inkişafı” sərgisində iştirak edib
Sosial həyat

BMU “Qarabağın bərpa, yenidənqurma və inkişafı” sərgisində iştirak edib

Bakı Mühəndislik Universiteti (BMU) Bakı Ekspo Mərkəzində təşkil olunan 1-ci Azərbaycan Beynəlxalq “Qarabağın bərpa, yenidənqurma və inkişafı” sərgisində iştirak edib. BMU  ali təhsil müəssisələri arasında sərgidə təmsil olunan yeganə universitet olub. Ali təhsil ocağı sərgiyə Ukraynanın “Professor Katsenbax və tərəfdaşları” adlı mühəndislik şirkətinin, “Ukrayna İnşaat Mühəndislik və Texniki Axtarışlar İnstitutu”nun və “Sosial Sahibkarlığın İnkişafı və Təlim Mərkəzi” MMC-nin təşkilati dəstəyi və əməkdaşlığı çərçivəsində qatılıb.

BMU-nun ukraynalı tərəfdaşları ilə birlikdə təmsil olunduğu stenddə universitetin mövcud ixtisasları, Koreyanın İNHA Universiteti ilə icra olunan ikili diplom proqramı, SABAH qrupları və yeni yaradılan Kiber təhlükəsizlik magistr proqramı haqqında məlumatlar buklet və roll-ap vasitəsilə nümayiş edilib. İştirakçılara universitetin fəal iki tələbəsi (Aydan Qafarova və Çinarə Mustafayeva) və Texnoparkın baş mütəxəssisi Arif Nəcimov tərəfindən təqdim edilən stenddə, həmçinin tələbələr tərəfindən hazırlanmış müasir və innovativ evin-tikilinin maketləri də yer alıb.

Sərgidə BMU-nun memarlıq və dizayn kafedrasının tələbələri (Ayşən Bağırova, Pikəxanım Bağırova, Tükəzban Məmmədli və Hüseyn İmanov) tərəfindən hazırlanmış 3 ədəd müasir və innovativ evin-tikilinin maketi, həmçinin tələbə və müəllimlərin müxtəlif məzmunlu eskiz-layihələrinin videonümayişi də təqdim olunub.

Sərgidə Azərbaycan Respublikasının Energetika naziri, Ukraynanın Azərbaycandakı səfiri və Diaspora Təşkilatının sədri, Almaniyanın Bakıdakı Səfirliyindən 1-ci katib, BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının rəhbəri, digər şirkətlər və ziyarətçilər stendlə maraqlanaraq BMU haqqında zəruri məlumatlar  alıblar. Eyni zamanda, BMU-İNHA ikili diplom proqramının idarə edilməsi üzrə bölmə rəhbəri Hyunjin Yang sərgiyə baş çəkib, stendlə və sərgi iştirakçıları ilə yaxından tanış olub.

                                                                                    BMU-nun ictimaiyyətlə əlaqələr şöbəsi.