BMU-da “Məzun günü”
Elm və təhsil

BMU-da “Məzun günü”

Bakı Mühəndislik Universitetində (BMU) “Məzun günü” keçirilib. Təşkil olunan tədbirə ümumilikdə 100 nəfər olmaqla ümumi orta müvəffəqiyyət göstəricisi yüksək olan məzunlar, professor-müəllim heyəti və dövlət rəsmiləri qatılıb.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Böyük Zəfərdən ətraflı bəhs edib, builki “Məzun günü”nün çox əlamətdar ilə təsadüf etdiyini diqqətə çatdırıb. Rektor işğaldan azad olunmuş torpaqlarda quruculuq işlərinin həyata keçirilməsində BMU məzunlarının aktiv iştirak edəcəklərinə ümidvar olduğunu bildirib.

Havar Məmmədov universitetin yaranma tarixindən danışıb, BMU-nun güclü maddi-texniki bazası, elektron sistemi haqqında məlumat verib və universitetdə əksəriyyəti mühəndislik olan yeni ixtisaslar açıldığını bildirib. Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, tədrisin distant formada təşkil edildiyini bildirən rektor şəraitdən asılı olmayaraq keyfiyyətli kadr hazırlığı üçün BMU-da hər bir imkanın mövcudluğunu vurğulayıb.

Çıxışının sonunda Havar Məmmədov əlamətdar və sevincli gün münasibətilə bütün məzunları, onların valideynlərini, eləcə də professor-müəllim heyətini təbrik edib və ən xoş arzularını çatdırıb.

Təhsil nazirinin müavini, BMU-nun Himayəçilər Şurasının sədri İdris İsayev Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi adından məzunları təbrik edib, onlara gələcək karyeralarında uğurlar arzulayıb.

İdris İsayev bildirib ki, dayanıqlı inkişafı təmin etmək üçün yüksək səviyyəli insan kapitalını formalaşdırmaq ən vacib vəzifələrdən biridir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” haqqında Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamını xatırladan nazir müavini 5 prioritet istiqamətdən birinin məhz rəqabətli insan kapitalının inkişafı olduğunu diqqətə çatdırıb.

Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri Sadiq Qurbanov çıxışında Azərbaycanın gələcəyinin gənclərin əlində olduğunu qeyd edib. İndiki gənclərin xoşbəxt olduqlarını deyən millət vəkili ölkədə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlara, təhsil almaq üçün yaradılan əlverişli mühitə toxunub.

YAP Abşeron Rayon Təşkilatının sədri Bilman Vəliyev BMU məzunlarının uğurlarına toxunub. O, universitetin güclü tədris bazasına malik olduğunu və burada laboratoriyaların fəaliyyət göstərdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. B.Vəliyev məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb.

BMU-nun İctimaiyyətlə əlaqələr şöbəsi.