BMU-da “İqtisadiyyat və idarəetmədə davamlı inkişaf: Problemlər və perspektivlər” adlı beynəlxalq konfrans
Digər xəbərlər

BMU-da “İqtisadiyyat və idarəetmədə davamlı inkişaf: Problemlər və perspektivlər” adlı beynəlxalq konfrans

Təhsil Nazirliyi və Bakı Mühəndislik Universitetinin (BMU) birgə təşkilatçılığı ilə 24-25 dekabr 2021-ci il tarixlərində “İqtisadiyyat və idarəetmədə davamlı inkişaf:  Problemlər və perspektivlər” adlı II beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.

Konfransın keçirilməsində əsas məqsəd iqtisadiyyat və idarəetmə sahəsində çalışan alimlər, tədqiqatçılar ilə dövlət və özəl sektor işçilərini bir araya gətirmək, aparılan yeni və fərqli araşdırmaları və düşüncələri  bölüşmək, həmçinin universitet-dövlət-özəl sektor əməkdaşlıqlarını artırmaq, rast gəlinən problemlərə birgə həll yolu tapmaqdır.

Beynəlxalq konfrans İqtisadiyyat, Biznesin idarə edilməsi, Maliyyə və mühasibat uçotu, Dövlət və bələdiyyə idarəetməsi, Beynəlxalq münasibətlər seksiyaları üzrə təşkil olunacaq.

Konfransın işi plenar və seksiya iclaslarında Azərbaycan, ingilis və rus dillərində aparılacaq.

Beynəlxalq tədbirə qoşulmaqla ali məktəb elmi işçiləri və müəllimləri, iqtisadiyyat və idarəetmə sahəsindəki mütəxəssislər, doktorantlar, aspirantlar və elmi işçiləri  öz elmi-praktiki işlərinin nəticələrini bölüşmək və müzakirə etmək imkanı qazanacaqlar.

Təşkilat komitəsi tərəfindən seçilmiş və konfransda təqdim olunmuş məqalələr konfransın materialları toplusunda nəşr ediləcək.

BMU-nun İctimaiyyətlə Əlaqələr Şöbəsi.