BMU-da görüş
Elm və təhsil

BMU-da görüş

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru, professor Havar Məmmədov Cənubi Koreyanın İNHA Universitetinə yeni təyin olunmuş rektor Cho Myeong Voo ilə görüşüb.

İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qonağı yeni təyinatı münasibətilə təbrik edən rektor Havar Məmmədov iki ölkənin prezidentlərinin rəhbərliyi ilə Azərbaycan və Koreya arasında ikitərəfli münasibətlərin inkişafının məmnunluq doğurduğunu, fəal əməkdaşlığın möhkəmləndirilməsində müxtəlif istiqamətlərlə yanaşı, təhsil sahəsinin də xüsusi rolunun olduğunu vurğulayıb.

Gənc ali təhsil ocağı olan BMU haqqında qonağa ətraflı məlumat verən Havar Məmmədov İNHA Universiteti ilə gələcəkdə əməkdaşlığın daha da dərinləşməsi üçün mümkün imkanları vurğulayıb.

Öz növbəsində Cho Myeong Voo səmimi görüşə və təbriklərə görə minnətdarlığını dilə gətirib. Koreyalı rektor ikili diplom proqramına istedadlı və bilikli tələbələrin seçimini yüksək qiymətləndirib, həmçinin tələbə və müəllimlər üçün "Yay məktəbi"nin təşkilinə verdiyi dəstəyə görə BMU rəhbərliyinə təşəkkürünü bildirib. Proqramın icrasının uğurlu nəticələrindən məmnun olduğunu deyən İNHA Universitetinin rektoru azərbaycanlı həmkarını Koreyaya dəvət edib.

M.MİRZƏ,

"Respublika".