BMU-da Beynəlxalq simpozium
Elm və təhsil

BMU-da Beynəlxalq simpozium

Bakı Mühəndislik Universitetində 9-11 sentyabr tarixlərində Türkiyənin memarlıq sahəsində aparıcı ali təhsil ocaqları ilə birgə "IArcSAS" 2-ci Beynəlxalq memarlıq elmləri və təcrübələri"simpoziumu keçiriləcək.

BMU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, simpozium Türkiyə, Yaponiya, Ukrayna, Qazaxıstan və Azərbaycanı pedaqogika, tədqiqat və ictimai proqramlaşdırma sahələri ətrafında birləşdirən İKSAD təşkilatının dəstəyi, Türkiyənin "Arxitektura bilikləri və proqramları" jurnalının təşkilatçılığı ilə reallaşacaq. "IArcSAS" memarlıq və arxitektura elmləri sahəsində qabaqcıl tədqiqatların təqdim edilməsi, qarşılıqlı təcrübələrin bölüşdürülməsi üçün beynəlxalq səviyyəli platformadır.

Beynəlxalq toplantıda BMU, Azərbaycan Memarlıq və İnşaat Universitetinin mütəxəssisləri ilə yanaşı, ABŞ-ın Şimali Arizona Universiteti, Monteneqro Universiteti, Polşanın Varşava Universiteti, Türkiyənin Onsekiz Mart, Ege, Eskişehir Texniki, Qazi, İstanbul Okan, Qara Dəniz Texniki, İzmir İqtisadiyyat, Konya Necmettin Erbakan, Tekirdağ Namiq Kamal universitetləri və s. tanınmış ali təhsil müəssisələrinin nümayəndələrinin iştirakı gözlənilir.

  M.MİRZƏ,

  "Respublika".