BMT sessiyasında Azərbaycan hökumətinin dördüncü dövri məruzəsi təqdim olunub
SİYASƏT

BMT sessiyasında Azərbaycan hökumətinin dördüncü dövri məruzəsi təqdim olunub

2021 -ci il 30 sentyabr - 1 oktyabr tarixlərində BMT-nin İqtisadi, sosial və mədəni hüquqlar üzrə Komitəsinin Cenevrə şəhərində keçirilən 70-ci sessiyası çərçivəsində "İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt" üzrə Azərbaycan Respublikası Hökumətinin dördüncü dövri məruzəsinin virtual formatda təqdimatı keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərliyi ilə hökumət nümayəndə heyəti təmsil edib.

Nümayəndə heyətinə Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri daxil olublar.

Təqdimat zamanı açılış nitqi ilə çıxış edən X.Xələfov Azərbaycanın insan hüquqlarının müdafiəsi və təşviqi sahəsində əsas beynəlxalq sənədlərə tərəf olduğunu və bu xüsusda, BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə əməkdaşlığa böyük önəm verdiyini qeyd edib.

Çıxışında X.Xələfov COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycan hökumətinin həyata keçirdiyi və təşəbbüskarı olduğu tədbirlər barədə məlumat verib. Nazir müavini 2013-2018-ci illəri əhatə edən dördüncü dövri məruzədə əksini tapmış, eləcə də hazırkı dövrədək ölkədə qəbul edilən əhəmiyyətli tədbirlərə yönəlmiş iqtisadi, sosial və mədəni hüquqların təmin olunması üçün mövcud hüquqi baza və dayanıqlı inkişaf sahəsində atılan praktiki addımlar barədə müfəssəl məruzə edib.

Dördüncü dövri məruzə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının BMT-nin insan hüquqları sahəsində müqavilə qurumları qarşısında təqdim etdiyi ilk hesabat olub.

X.Xələfov regionun iqtisadi, sosial və mədəni inkişafına əsas maneə olan Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 illik işğalına 44 günlük Vətən müharibəsi nəticəsində son qoyulduqdan sonra regionun və burada yaşayan insanların rifahının daha da yaxşılaşdırılması və əməkdaşlıq üçün yeni reallıqların yarandığını vurğulayıb. Bu, bir milyona yaxın qaçqın və məcburi köçkünün təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtması üçün imkan yaradıb. Bu qayıdış qaçqınların və məcburi köçkünlərin pozulmuş haqlarının bərpa edilməsinə və müdafiəsinə böyük töhfədir.

Nümayəndə heyəti rəhbərinin təqdimatından sonra Beynəlxalq Paktın 1-15-ci maddələrini əhatə edən 4 bölmə üzrə konstruktiv və qarşılıqlı anlaşma şəraitində interaktiv dialoq aparılıb. İnteraktiv dialoq zamanı çıxış edən BMT-nin müvafiq Komitəsinin üzvləri tərəfindən səsləndirilən sahəvi sualları Azərbaycanın aidiyyəti dövlət qurumlarının səlahiyyətli nümayəndələri geniş cavablandırılıb.

On səkkiz dövlətin nümayəndəsinin daxil olduğu BMT-nin İqtisadi, sosial və mədəni hüquqlar üzrə Komitəsi cari il oktyabrın 15-dək Dövri məruzə və interaktiv dialoqa dair öz tövsiyələrini Azərbaycan hökumətinə təqdim edəcək.

AZƏRTAC