BMT QAK-ın nümayəndəsi: Mina ilə çirklənmiş ərazilərdə Azərbaycanın həyata keçirdiyi bərpa işləri təqdirəlayiqdir
Siyasət

BMT QAK-ın nümayəndəsi: Mina ilə çirklənmiş ərazilərdə Azərbaycanın həyata keçirdiyi bərpa işləri təqdirəlayiqdir

Oktyabrın 29-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Avropa Regional Bürosunun direktor müavini Angela Li Rosinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə, həmçinin Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov iştirak edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı 2021-ci il oktyabrın 24-29-da Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə A.Li Rosinin başçılığı ilə həyata keçirilən BMT QAK-ın missiyasının nəticələri müzakirə edilib.

A.Li Rosi Azərbaycan tərəfindən BMT QAK-a göstərilən dəstəyə və yüksəksəviyyəli əməkdaşlığa görə təşəkkürünü ifadə edib. O, səfərin məqsədinin məcburi köçkünlər və qaçqınların geri qayıdışının şərtlərinin və perspektivlərinin, habelə 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli Bəyanatda BMT QAK üçün nəzərdə tutulan rolun konkret aspektlərinin müzakirə edilməsi olduğunu bildirib. Missiyanın Ağdam, Tərtər, Bərdə, Füzuli, Cəbrayıl və Zəngilana səfər etdiyini, Azərbaycan qarşısında bu ərazilərin bərpası ilə əlaqədar duran vəzifənin miqyasını öz gözləri ilə gördüklərini bildirən A.Li Rosi dağıntılar və mina ilə çirklənmənin yüksək olmasına baxmayaraq, hökumət tərəfindən sürətlə həyata keçirilən bərpa işlərinin təqdirəlayiq olduğunu vurğulayıb.

Nazir Ceyhun Bayramov ölkəmizdə Ermənistanın hərbi təcavüzü nəticəsində yaranmış genişmiqyaslı məcburi köçürülmə problemi, əhalinin adambaşına düşən məcburi köçkün sayına görə dünyada ilk yerlərdən birini tutan Azərbaycanda məcburi köçkünlərin sosial problemlərinin həlli sahəsində görülmüş işlər barədə qonaqlara məlumat verib. Humanitar təşkilatların ölkəmizdəki fəaliyyətinə yaradılmış şəraitdən bəhs edən nazir Azərbaycanın BMT QAK-la əməkdaşlığa önəm verdiyini, bu təşkilat tərəfindən 1990-cı illərdə qaçqın və məcburi köçkünlərə göstərilən yardımın unudulmadığını vurğulayıb. İşğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi barədə qonaqları məlumatlandıran Ceyhun Bayramov ötən ilin noyabrından bəri Azərbaycanda 167 nəfərin mina qurbanına çevrildiyini, onların içində öz doğma torpaqlarını görmək üçün səbirsizlənən məcburi köçkünlərin olduğunu və mina xəritələrinin Ermənistan tərəfindən Azərbaycana təhvil verilməsinin məcburi köçkünlərin təhlükəsiz qayıdışı üçün önəmli olmasını vurğulayıb.

Görüşdə tərəflər, eyni zamanda, işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində Azərbaycan hökuməti tərəfindən atılan addımlar, avtomobil və dəmir yollarının, infrastrukturun sürətli bərpası, "ağıllı kənd" modeli əsasında yenidən qurulan kəndlər və Füzuli şəhərində qısa müddətdə beynəlxalq hava limanının inşa edilməsi ilə bağlı müzakirələr aparıb, məcburi köçkünlərin öz doğma torpaqlarına ləyaqətli və təhlükəsiz qayıdışı üçün əməkdaşlığın davam etdirilməsinə qarşılıqlı maraqlarını ifadə ediblər.

AZƏRTAC