BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Ağdama səfər edib
Siyasət

BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Ağdama səfər edib

BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru Maimuna Mohd Şərifin başçılıq etdiyi nümayəndə heyəti işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edib. Qonaqlar səfər zamanı Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklərlə, eləcə də şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri ilə tanış olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Maimuna Mohd Şərif və digər qonaqlar əvvəlcə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinə gəliblər. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qonaqlara Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilər, o cümlədən Ağdam şəhəri, həyata keçirilən tikinti-quruculuq işləri, layihələr barədə məlumat verib.

Sonra Ağdam Şəhidlər xiyabanına gələn qonaqlara məlumat verilib ki, burada Birinci Qarabağ müharibəsində şəhid olan qəhrəman Vətən övladları, o cümlədən Xocalı soyqırımında öldürülən şəhər sakinlərinin bir hissəsi dəfn edilib. Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun qəbri də buradadır. Ağdamda hər şeyi məhv edən erməni vandalları Şəhidlər xiyabanındakı qəbirləri də qazaraq dağıdıblar.

Nümayəndə heyəti səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın fevralın 13-də Ağdama səfəri zamanı təməli qoyulan yeni yaşayış kompleksinin ərazisində həyata keçirilən tikinti işləri ilə tanış olublar.

Maimuna Mohd Şərif və digər qonaqlar İmarət kompleksi, Dram teatrının qalıqları, Cümə məscidi və Şahbulaq qalasında da olub, erməni vandalizminin izlərinə baxıblar. Məlumat verilib ki, Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən idi. Burada sənaye və kənd təsərrüfatı inkişaf etmişdi. Ermənilər 1993-cü il iyulun 23-də Ağdamı işğal etdikdən sonra Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, mədəniyyət ocaqlarını, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Ağdamda qəbiristanlıqlar, tarixi, mədəni abidələr də erməni vandalizmi ilə üzləşib. Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdamın yerində indi talan edilərək viranəyə çevrilmiş xarabalıqlar qalıb.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə müsahibəsində deyib: "Bu gün BMT Baş katibinin müavini, BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) İcraçı direktoru Maimuna Mohd Şərifi və onu müşayiət edən nümayəndə heyətini Ağdam şəhəri, burada törədilmiş urbisidin bariz nümunələri ilə tanış elədik. Qonaqlar Ağdam və işğaldan azad olunmuş digər ərazilərdə aparılan bərpa-quruculuq işləri ilə də tanış oldular. Azərbaycan hökumətinin bərpa prosesinə yanaşmasını və idarəetmə mexanizmini izah etdik. Eləcə də bu təşkilatların Azərbaycan təcrübəsindən bəhrənə biləcəkləri məsələlər haqda fikir mübadiləsi apardıq. Ümid edirəm ki, qonaqların bu səfəri faydalı olacaq. Əlbəttə ki, bu torpaqlarda 30 il ərzində törədilmiş vandalizm faktları danılmazdır. Amma, eyni zamanda, biz gələcəyə baxmalıyıq. Cənab Prezidentin rəhbərliyi ilə dövlətimiz bu torpaqlarda gözəl şəhərlər, kəndlər, qəsəbələr quracaq. Bütün bunların məqsədi vətəndaşlarımızın tez bir zamanda dədə-baba torpaqlarına qayıtmasıdır. Məqsədimiz odur ki, Qarabağa həyat qayıtsın. Bu, artıq başlayıb və beynəlxalq təşkilatlar da buna şahidlik edirlər".

AZƏRTAC