BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin ölkəmizdə həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir
SİYASƏT

BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin ölkəmizdə həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir

BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələrində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev tarixi zəfərdən sonra qalib ölkəmizin regionda yaratdığı yeni reallıqlar fonunda dünyaya və beynəlxalq ictimaiyyətə bir sıra mühüm mesajlar verdi.

Dövlət başçısının çıxışında toxunduğu mövzular beynəlxalq arenada, bir sıra nüfuzlu kütləvi informasiya vasitələri tərəfindən diqqətlə izlənmiş, təhlillər əsasında geniş məqalə və analitik şəhrlər yazılmışdır. Geniş oxucu kütləsinə malik  portalların, media qurumlarının oxuculara  təqdim  etdiyi materiallarda  qeyd olunub ki, Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yolla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Azərbaycan Cənubi Qafqazda hər kəsin nəzərə alması lazım olan yeni bir reallıq yaratdı. Dünya mətbu orqanlarının bu münasibəti Azərbaycana olan marağın daha da artmasının, regionda söz sahibi ölkəmizin yüksələn nüfuzunun bariz nümunəsidir.

Dayanıqlı İnkişaf Məqsədlərinin nailiyyət indeksi üzrə mümkün 100 xaldan 72.4 xal toplayan ölkəmizin  regionda ən yaxşı nəticə göstərərək 2021-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatında 165 ölkə arasında 55-ci yeri tutmasını diqqətə çatdıran Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, hesabatda Azərbaycanın yoxsulluğun azaldılması, səhiyyə, qidalanma, qadınların əmək bazarında iştirakı, təmiz su və sanitariya, enerjiyə əlçatanlıq, internet istifadəsi, nəsli kəsilmək təhlükəsi olan canlıların mühafizəsi, əhalinin rifahının yaxşılaşdırılması, şəhər və yaşayış məntəqələrinin dayanıqlı inkişafı sahələrində əldə etdiyi tərəqqi vurğulanır.

Eyni zamanda onu da qeyd etmək lazımdır ki, bu barədə qurumun məlumatına görə, son illərdə Azərbaycan 2030 Gündəliyinə nail olmaq istiqamətinə sadiqliyini nümayiş etdirib. 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti, BMT-nin Azərbaycan hökumətinə göstərdiyi dəstəyin əlaqələndirilməsi üçün əsas tərəfdaş kimi fəaliyyət göstərən Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılmasına dair fərman imzalayıb. Eyni zamanda Azərbaycan Dayanıqlı İnkişaf Məqsədləri (DİM) milli səviyyədə sürətləndirmək üçün atıla biləcək konkret siyasət və proqramlaşdırma addımlarını əks etdirən MAPS (2030 Gündəliyi naminə aktuallaşdırma, sürətləndirmə və siyasətə dəstək) missiyasını həyata keçirən ilk ölkələrdən biri olub və ölkə təcrübəsini 2018-ci ildə keçirilən Dayanıqlı İnkişaf üzrə Bakı Forumunda təqdim edib. Digər məsələlərlə bərabər, regional forum DİM-lərin inteqrasiyası və onların icrasını sürətləndirmək məqsədilə fəaliyyətləri müəyyən edən Bakı Prinsiplərinin qəbul edilməsi ilə yekunlaşdırıb. BMT-nin dəstəyi ilə interaktiv tablo, məlumatları vahid şəkildə toplayan, DİM-lərə doğru inkişafı real vaxt rejimində izləyən DİM-lər üzrə Milli Məlumat Portalı istifadəyə verilib. BMT heç kimin kənarda qalmamasına diqqət ayırmaqla keyfiyyətli statistika toplamaq üçün ölkənin statistika məlumatları sahəsində potensialını gücləndirmək üçün davamlı dəstək verməkdədir. BMT həmçinin DİM-ləri təşviq etmək istiqamətinə özəl sektor, media, parlament üzvləri və ictimaiyyət də daxil olmaqla müxtəlif qrupların cəlb edilməsi üçün xüsusi səylər göstərməkdədir.

Ölkəmizin qlobal əhəmiyyətli transmilli nəhəng layihələrin reallaşmasında roluna toxunan möhtərəm Prezidentimiz bildirir ki, Azərbaycan Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional əlaqələndirmə layihələrinin icrasında fəal iştirak edir və bununla da Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Bakı Beynəlxalq Ticarət Limanını istifadəyə vermişik ki, onun yükaşırma qabiliyyəti 15 milyon tona bərabərdir və ehtiyacdan asılı olaraq bu həcm 25 milyon tona qədər artırıla bilər. Bununla yanaşı, Azərbaycan ötən illər ərzində Minilliyin İnkişaf Məqsədləri üzrə bir çox hədəfləri, xüsusilə insanların sağlamlığının qorunması, ətraf mühitin yaxşılaşdırılması, yoxsulluğun aradan qaldırılması, əhalinin təhsil səviyyəsinin yüksəldilməsi, gender bərabərliyinin təşviq və təmin olunması üzrə mühüm nailiyyətlər əldə etmişdir. Bəşəri problemlərin həllinə əhəmiyyətli töhfələr verməkdədir. Belə ki, çoxşaxəli iqtisadiyyatın inkişafında bütün sahələrə investisiya qoyuluşunun həcmini hər il yaranan imkanlar hesabına artıran Azərbaycanda ekoloji problemlərin  aradan qaldırılmasına da əlavə vəsaitlər yönəldilir. Bu baxımdan dünyada baş verən iqlim dəyişmələrinin, qlobal istiləşmənin qarşısının alınması üçün  ən yaxşı yollardan biri alternativ enerji mənbələrinin inkişafıdır. Ölkəmizdə bərpa olunan enerji potensialından səmərəli istifadə edilməsi məqsədi ilə atılmış əsas addımlardan biri 2004-cü ildə “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın qəbul edilməsi olub. Məhz bu Proqram enerji mənbələrinin istifadəsində əsaslı dəyişikliklərin həyata keçirilməsinə və ölkəmizin bu sahədəki potensialının dəyərləndirilməsinə geniş imkanlar yaratdı. 2009-cu ildən başlayaraq ölkə başçısı tərəfindən bu sahədə qəbul edilmiş qərarlar Azərbaycan Prezidentinin bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsinə xüsusi diqqət göstərdiyini sübut edən nümunədir. Qanunvericilik aktlarında milli enerji təhlükəsizliyinin genişləndirilməsində alternativ və bərpa olunan enerji istehsalının artırılmasının böyük rolu olduğu dövlət başçısı tərəfindən dəfələrlə vurğulanıb. Azərbaycanda həmçinin karbonun udulması üzrə yeni meşə massivlərinin salındığı, Günəş elektrik stansiyaları üçün panellər istehsal edən zavodun fəaliyyətə başladığı və elektrik stansiyalarında mazutdan istifadənin dayandırılması nəticəsində 1990-cı ildən indiyə qədər təxminən 600 milyon ton karbon tullantısı azaldılmışdır. Bütün bu tədbirlər Azərbaycan dövlətinin maliyyə vəsaiti hesabına həyata keçirilir. BMT-nin müzakirələrində bu barədə danışan dövlət başçısı bildirib ki, Azərbaycan Paris İqlim Sazişini ratifikasiya etmiş, baza ili - 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz azalma ilə bağlı öz üzərinə könüllü öhdəlik götürmüşdür. Bununla yanaşı, Paris Sazişi çərçivəsində 2050-ci il üçün şərti hədəflərin müəyyən edilməsi imkanları araşdırılır.

Bütün dünyada elektrik enerjisi istehsalının dominant mənbəyi ənənəvi enerji mənbələridir. Bununla belə, bir çox yerlərdə bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalı artmaqda davam edir. Ölkəmizdə də enerjinin bu növünün istehsalı diqqət mərkəzində saxlanılır. Azərbaycanda, xüsusilə düşməndən təmizlənən ərazilərdə “Yaşıl enerji” zonasının yaradılmasına mühüm önəm verilməsi təsadüfi deyil. Prezident İlham Əliyev 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılmasını mühüm vəzifə kimi müəyyənləşdirib. Dövlət başçısının imzaladığı müvafiq sərəncamlar nəticəsində Azərbaycanda energetikanın digər sahələrində olduğu kimi, bərpaolunan enerji mənbələrindən istifadə sahəsində də əlverişli investisiya mühiti yaradılıb, özəl sərmayələrin cəlbi və irimiqyaslı layihələrin icrası istiqamətində ardıcıl tədbirlər həyata keçirilməsinə başlanılıb. Qarşıdakı 10 il ərzində təqribən 1500 meqavat həcmində yeni gücün istifadəyə verilməsi nəzərdə tutulur. Bu vəzifənin məhz özəl investisiyalar hesabına reallaşdırılması planlaşdırılır.

Dövlət başçısı deyib: “Hazırda ölkənin ümumi enerji istehsalında bərpa olunan enerjinin payı 17 faiz təşkil edir. Hədəfimiz 2030-cu ilə qədər bu rəqəmi 30 faizə çatdırmaqdır. Növbəti 3-4 il ərzində ümumi gücü 700 meqavat təşkil edəcək 3 külək və günəş elektrik stansiyalarının inşasına sərmayə qoyuluşuna dair üç böyük beynəlxalq enerji şirkəti ilə müqavilələr imzalanıb. Layihələrdən biri 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın işğalından azad edilmiş Şərqi Zəngəzur bölgəsində həyata keçiriləcək. Bu 240 meqavat gücündə günəş elektrik stansiyası Azərbaycanın azad olunmuş ərazilərində ən böyük birbaşa xarici sərmayə qoyuluşu layihəsi olacaqdır. Mən digər beynəlxalq enerji şirkətlərini də Azərbaycanın azad olunmuş ərazilərində yaşıl enerji layihələrinə sərmayə qoymağa dəvət edirəm”.

Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələrində çıxışı BMT-Azərbaycan münasibətləri kontekstində fundamental əhəmiyyət kəsb edir.

Mustafa KAMAL,

“Respublika”.