Biz mütləq qayıdacağıq!
Digər xəbərlər

Biz mütləq qayıdacağıq!

Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Qərbi Azərbaycandakı soydaşlarımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışlar. Azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.

1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Qısa müddətdə bu siyasət gerçəkləşdirilərək erməni vandallarının kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsinə başlandı.

İrəvan, Göyçə, Zəngəzur, Amasiya, Dərələyəz, Zəngibasar və digər ərazilərdə yaşayan azərbaycanlılarla müqayisədə ermənilərin azlıq təşkil etmələrinə baxmayaraq, havadarlarının himayəsi altında "erməni vilayəti" adlandırılan inzibati bölgü yaradıldı, tarixin saxtalaşdırılmasına yönəlmiş proqramlar reallaşdırıldı.

Erməni daşnakları 1905-1907-ci illərdə Qərbi Azərbaycandakı soydaşlarımıza qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər.

Birinci Dünya müharibəsindən, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən xain, iblis ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru Ermənistan SSR-in ərazisi elan etdilər. 1918-ci ilin mayından 1920-ci ilin noyabrına qədər Qərbi Azərbaycandan olan soydaşlarımız daşnak hökuməti tərəfindən amansız terrorlara, işgəncələrə məruz qaldılar. Yüz minlərlə azərbaycanlı məcburən ata-baba torpaqlarından qovuldu, deportasiya olundu.

Mən Vedi rayonunun Xalisa kəndində dünyaya göz açmışam. Vedibasar mahalının camaatı ayrı-ayrı illərdə daşnakların işğalçılıq siyasətindən əziyyət çəkmişdir. Lakin ermənilər həmişə Dəvəli kəndinin Azərbaycan əhalisindən qorxmuş, bu ərazidə əl-qol aça bilməmişlər. Dəfələrlə Abbasqulu bəy Şadlinskinin başçılığı ilə erməni daşnaklarına ağır zərbələr endirilmişdir. 1928-1933-cü illərdə İrəvan-Naxçıvan dəmir yolu üzərində Dəvəli adlı yeni dəmiryolu stansiyası açılmışdır. Böyük Vedi qəsəbəsi Vedibasar mahalının mərkəzində, mahalın dağlıq Millidərə, Cığındərə, Çanaxçıdərə bölgələri ilə düzənlik hissəni birləşdirən yolların tam ortasında yerləşirdi.

Vedibasar mahalının dağlıq kəndləri olan Qarabağlar rayonu ləğv edildikdən sonra əhalisi zorla Azərbaycana köçürülmüşdü. Bu, 1988-ci ilin sonundan yenidən təkrarlandı.

1948-1953-cü illərdə Qərbi Azərbaycandakı soydaşlarımızdan 150 min nəfəri deportasiyaya məruz qalaraq Azərbaycan SSR-in aran rayonlarına köçürüldü. Qaçqınların çoxu iqlim şəraitinə uyğunlaşa bilmədilər. Ermənilər bu xəyanəti İ.Stalinin, Molotovun, Mikoyanın və digər ermənipərəst qüvvələrin dəstəyi ilə reallaşdırdılar.

1988-ci ildə ermənilər Qərbi azərbaycanlılara qarşı son deportasiyanı qəddarlıqla həyata keçirdilər. 300 minə yaxın azərbaycanlı ata-baba torpaqlarını tərk etdi. Bu qəddarlıq satqın M.Qorbaçovun başçılığı ilə həyata keçirildi. Həmin vaxtlarda Sovetlər İttifaqının sütunu çürümüş və laxlamışdı...

Məlum olduğu kimi, 44 günlük Vətən müharibəsində işğal altında olan torpaqlarımız erməni vandallarından azad edildi. Paşinyanın və onun "məğlubedilməz" komandasının bel sütunu sındı. Bu gün növbəti tarixi məsələ Qərbi azərbaycanlıların öz əzəli ata-baba yurdlarına qayıdışıdır. Bu arzularımızın reallığa çevrilməsində əsas amillərdən biri təbliğatın gücləndirilməsi, dünya ictimaiyyətinə Azərbaycan həqiqətləri haqqında dolğun məlumatın verilməsidir.

24 dekabr 2022-ci ildə Prezident İlham Əliyevin Qərbi Azərbaycan ziyalıları ilə görüşü oldu. Ölkə başçısı vurğuladı ki, gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar.

Mən bir Qərbi azərbaycanlı kimi əminəm ki, dövlət başçısının qarşıya qoyduğu vəzifələr reallığa çevriləcək, Qayıdış Konsepsiyası uğurlu nəticə verəcəkdir. Qərbi Azərbaycan bizim Məkkəmiz, Mədinəmizdir, biz o yurda qayıdacağıq, mütləq qayıdacağıq.

Rəşad ABBASOV,

iş adamı.