Bisera Turkoviç: Bosniya və Herseqovina Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır
Siyasət

Bisera Turkoviç: Bosniya və Herseqovina Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır

Dekabrın 23-də Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Bosniya və Herseqovinanın xarici işlər naziri xanım Bisera Turkoviç ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Bosniya və Herseqovina arasında ikitərəfli münasibətlərin perspektivləri və müxtəlif sahələr üzrə hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsi yollarına dair ətraflı fikir mübadiləsi aparılıb.

Tərəflər Azərbaycan ilə Bosniya və Herseqovina arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu bildirərək, bu əlaqələrin daha da gücləndirilməsi üçün birgə səylərin göstəriləcəyinə əminlik ifadə ediblər.

Nazir Ceyhun Bayramov ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərindən məmnunluqla bəhs edib. Ölkələrimizin bir-birilərinin suverenliyinə və ərazi bütövlüklərinə verdikləri davamlı dəstəyin beynəlxalq hüququn təməl prinsiplərinə hörmətlə yanaşılması ilə bərabər, əlaqələrimizin təməlində dayandığı xüsusilə qeyd olunub. Azərbaycanın Bosniya və Herseqovina ilə qarşılıqlı maraqlara əsaslanan və hər iki ölkəyə fayda gətirəcək bütün sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğu vurğulanıb.

Səfərindən məmnunluğunu ifadə edən nazir Bisera Turkoviç Azərbaycan Prezidenti ilə keçirilən görüşə istinad edib. Nazir ölkəsinin Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu və hər iki ölkədə səfirliklərin fəaliyyətə başlaması ilə bağlı əməli addımlar atılmağa başlayanda əlaqələrin inkişafına müsbət təkan veriləcəyini bildirib.

Görüş zamanı iki ölkə arasında siyasi dialoqun daha da inkişaf etdirilməsi üçün qarşılıqlı səfərlərin və XİN-lərarası siyasi məsləhətləşmələrin keçirilməsinin vacibliyi vurğulanıb.

Tərəflər Azərbaycan ilə Bosniya və Herseqovina arasında iqtisadi sahədə əlaqələrin genişləndirilməsi barədə məsələləri müzakirə edib, həmçinin enerji, kənd təsərrüfatı, turizm, təhsil, humanitar sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün əlverişli imkanların olduğunu bildiriblər.

Nazir Ceyhun Bayramov həmkarına bölgədə mövcud olan cari vəziyyət, o cümlədən müharibə sonrası yeni reallıqlar, azad edilmiş ərazilərdəki vəziyyət, mina təhlükəsi, habelə bu torpaqlarda həyata keçirilən bərpa və yenidənqurma prosesi barədə məlumat verib.

Nazir Bisera Turkoviç COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycanın ölkəsinə göstərdiyi yardıma görə təşəkkürünü ifadə edib. Həmçinin Heydər Əliyev Fondu tərəfindən Bosniya və Herseqovinada həyata keçirilən humanitar layihələrin əhəmiyyətini vurğulayıb.

Görüşdə tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Görüşdən sonra nazirlər mətbuat nümayəndələri üçün brifinq keçiriblər.

AZƏRTAC