Birliyin gücü, qüdrətin əməli təsdiqi
Siyasət

Birliyin gücü, qüdrətin əməli təsdiqi

Azad edilmiş bölgələrdə həyata keçirilən müasir infrastruktur layihələr belə deməyə əsas verir

". . . Azad edilmiş bölgələrin - Şərqi Zəngəzurun, Qarabağın bərpası, insanların buraya, bu zonaya qaytarılması üçün yeni imkanlar açılacaq", - bu sözləri Prezident İlham Əliyev avqustun 16-da Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı deyib.  Söyləyib ki, inşaatın nə qədər vaxt aparacağını demək "çətindir", ancaq Azərbaycan bunun "maksimum qısa müddətdə  aparılmasını istəyir.

Prezident İlham Əliyevin işğaldan azad olunan Azərbaycan ərazilərinə hər səfəri tarixi hadisəyə çevrilir. Bu baxımdan  Laçın və Kəlbəcər rayonlarına səfəri  də yaddaqalan möhtəşəm tədbirlərlə zəngin olmuşdur. Füsunkar  Kəlbəcər və bənzərsiz Laçın.  İki əzəmətli  dağlar diyarı. Həm müharibə dövründə, həm də qələbədən sonra  barəsində ən çox danışılan iki qiymətli sərvətimiz yurdumuzun ayrılmaz parçası. Bu da faktdır ki, ən çox müzakirə mövzusu da bölgənin  taleyi barəsində olmuşdur. Bu iki rayon barədə xalqımızda nigarançılıq vardı. İşğaldan azad olan Kəlbəcərdə, Laçında Qalib ölkənin Prezidenti, Müzəffər  Ali Baş Komandanın inamla dayanması bizə həm qətiyyətli sözü, həm jesti, həm də verdiyi önəmli ismarışları ilə  sonu olmayan qürur və şərəf yaşatdı. Səfər ictimaiyyətdə böyük rezonansa səbəb olmuşdur. Hər zaman olduğu kimi, bu növbəti səfər də  dünyanın  nüfuzlu  media mənsublarının, kütləvi informasiya vasitələrinin  diqqətində olmuş, səfərin mühüm məqamları aparıcı mövzularını təşkil etmişdir. Ekspertlər,beyin mərkəzləri,siyasi icmalçılar tərəfindən təhlil olunmuş, təqdir edilmişdir. Bu da ölkəmizin, möhtərəm Prezidentimizin yüksələn nüfuzunun təsdiqidir.

Dövlət başçısı və birinci xanım Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməlini qoyub, Kəlbəcər Kiçik Su Elektrik Yarımstansiyasında görülən işlərlə tanış olublar.  Daha sonra 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasının açılışını ediblər. Səfər çərçivəsində dövlət başçısı Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin və Laçın Beynəlxalq Hava Limanının təməlini qoyub, Kəlbəcər-Laçın rayonunun Minkənd yolunun çəkilməsi işlərinə baxıb. Azad edilmiş torpaqlara qısa zamanda keçmiş məcburi köçkünlərin tədricən qaytarılmasına   başlanılmasının  da nəzərdə tutulduğunu vurğulayan dövlət başçısı  qeyd edib ki,"Mən artıq bildirmişəm, Zəngilan rayonunda bir neçə aydan sonra artıq birinci qrup keçmiş köçkünlər yerləşəcək.  Eyni zamanda, Ağdam, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarında da pilot kəndlər seçildi. Artıq işlər gedir ki, o kəndlərin bərpasına start verək və vətəndaşları oraya qaytaraq.  Ağdam şəhərinin baş planı təsdiqləndi, digər şəhərlərin baş planının təsdiqlənməsi yaxın aylarda nəzərdə tutulur"

Ümumiyyətlə, 30 ildən sonra azad edilmiş torpaqlarımıza səfərləri zamanı dövlətimizin başçısı düşmənin talan etdiyi, viran  qoyduğu ərazilərimizdə həyata keçiriləcək quruculuq və əsaslı tikinti işlərindən bəhs edərək məcburi köçkün kimi yurdumuzun müxtəlif yerlərində məskunlaşan soydaşlarımızın doğma ata yurdlarına qayıtması üçün hər cür şəraitin yaradılacağını vurğulayır.  Son səfərində də cənab İlham Əliyev bildirib ki, torpaqların bərpası prosesi artıq başlamışdır. Dağılmış bütün kəndlər bərpa ediləcək. Prezidentin göstərişi ilə azad olunmuş bütün şəhərlərin baş planları hazırlanır.  Yəni uzun illər işğal altında qalan yurd yerlərində həyatın bərpası, müasir infrastruktur layihələrin reallaşması üçün hazırlıq işləri başlanılıb.  

Onu da qeyd etmək lazımdır  ki, erməni işğalından azad olunmuş ərazilərdə dövlətimizin başçısının birbaşa təşəbbüsü və tapşırıqları ilə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur.  Azərbaycan Prezidentinin təşəbbüsü dövlətimizin güc və qüdrətini nümayiş etdirir.  İlk “ağıllı kənd” layihəsi Zəngilan rayonunun Ağalı kəndində icra edilir.  Kənddə layihənin icrası əsasən 5 komponent üzrə aparılacaq.  Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələridir. “Azad edilmiş torpaqlarda bütün bərpa işləri ən yüksək səviyyədə təşkil olunacaq”,- deyən Prezidentimizin tapşırıqları uğurla icra olunur. Torpaqlarımızda düşmənin törətdiyi dəhşətli işlərdən biri də odur ki, onlar hər tərəfə minalar basdırıblar və hazırda minatəmizləmə prosesi aparılır. Ancaq bütün bu problemlərə, çətinliklərə baxmayaraq insanların öz doğma yurd-yuvalarına qısa müddətə qayıdışı təmin olunacaq. Şuşa şəhərini elektrik enerjisi ilə təchiz etmək üçün əməli addımlara start verilib və birinci mərhələ başa çatıb.  Artıq digər bölgələrdə də  yeni infrastruktur layihələrin icrasına başlanıb. Eyni zamanda, azad edilmiş torpaqlarda kənd təsərrüfatı, bitkiçilik, meyvəçilik, heyvandarlıq sürətlə inkişaf edəcək, məhsuldarlıq artacaq.

Ermənistan kapitulyasiyadan sonra 20 gün ərzində - dekabrın 1-nə qədər Laçın rayonu ərazisində 5, Kəlbəcər rayonu ərazisində 12 su elektrik stansiyasını dağıdıb, avadanlığı çıxarıb, stansiyaların binalarını da dağıdıb.  Onların hamısı bərpa olunacaq. Prezidentin göstərişilə hazırda azad edilmiş bütün torpaqlarda bərpa olunan enerji növləri və yerləri müəyyənləşdirilir.  Prezident çıxışlarında azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevriləcəyini dəfələrlə bildirib.  Prezident İlham Əliyev qeyd edib ki, “Azad edilmiş torpaqlar “yaşıl enerji” zonası olacaq”.  Zəngilan rayonunda birinci pilot “ağıllı kənd” layihəsi də məhz bərpa olunan enerji ilə təchiz ediləcəkdir.  Kəlbəcər və Laçın rayonlarında külək enerjisinin, Zəngilan, Cəbrayıl rayonlarında daha çox günəş enerjisinin böyük potensialı var.  Həyata keçiriləcək işlər çərçivəsində Kəlbəcər və Laçında ermənilər tərəfindən uzun illər ərzində qanunsuz istismar edilmiş, onlar tərəfindən dağıdılmış bütün su elektrik stansiyaları bərpa ediləcək.  Yalnız Kəlbəcər və Laçın rayonlarında bərpa ediləcək stansiyaların generasiya gücü 120 meqavat olacaqdır.  “Xudafərin” və “Qız qalası” su elektrik stansiyalarından da əlavə 120 meqavat güc alınacaq.

Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir.  İlk növbədə, şübhəsiz ki, burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq.  Laçın Hava Limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir.  Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Laçın Hava Limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq.  Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq, hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur.  Bu hava limanı Kəlbəcər rayonu ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq.  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın Beynəlxalq Hava Limanının təməlini qoydular. Zəngilan, Laçın, Füzuli hava limanlarının inşa edilməsi və istismara verilməsi bölgənin canlanmasına gətirib çıxaracaq.  Bu hava limanlarının həm yüklər, həm sərnişinlər, eyni zamanda, hərbi təyinatı da, təbii ki, göz önündədir.  Biz daim hazır olmalıyıq, daim öz hərbi gücümüzü artırmalıyıq, hərbi infrastruktur yaratmalıyıq və yaradırıq, o cümlədən hava limanları bizim hərbi məqsədlərimizə də xidmət edəcək.  Prezident İlham Əliyev deyib ki, “Torpaqları düşməndən azad edən Müzəffər Ordunun Ali Baş Komandanı kimi Azərbaycan bayrağını qaldırmışam və bu bayrağın altında Azərbaycan xalqına doğma Laçın diyarından müraciət edirəm”.  “Bizim Qələbəmiz tarixi Qələbədir.  Biz tarixi ədaləti bərpa etdik”.  “Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və qayıtmışıq”.  “Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz.  Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Mustafa KAMAL,

“Respublika”.