Birliyimizlə güclüyük
Digər xəbərlər

Birliyimizlə güclüyük

Kəlbəcərin Susuzluq kəndi ərazisində mina partlayışı nəticəsində Azərtac-ın müxbiri Məhərrəm İbrahimovun, AzTV-nin operatoru Sirac Abışovun, Kəlbəcər RİH başçısının Susuzluq kəndi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin faciəli şəkildə həyatını itirməsi erməni vandalizminə qarşı xalqımızda bir daha dərin nifrət və lənət hissi yaratmışdır.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin böyük insanpərvərlik, humanistlik nümayiş etdirərək iki qonşu millətin sülh, əmin-amanlıq şəraitində yaşamalı olduğuna dair çağırışlarını ermənilər heç bir vəchlə qəbul etmək istəmir, əksinə, terror əməllərini davam etdirirlər. Respublikamızın bütün təbəqədən olan nümayəndələri, ziyalılar, ağsaqqallar düşmənə qarşı daha amansız olmağı bildirir. Uzun müddət Şirvan şəhərində müəllim, məktəb direktoru, digər məsul vəzifələrdə çalışmış, müxtəlif mətbuat orqanlarında maraqlı yazılarla çıxış etmiş, hazırda təqaüdçü ömrü yaşayan Şahid Əfəndiyev deyir:

- Jurnalistlərin həlak olması xəbərindən hamı kimi mən də sarsıldım. Jurnalist hərbçi deyil, əlində silah gəzdirmir. O, görüb müşahidə etdiyi reallığı qələmə alır, yaxud lentə köçürür. Bir məsələ də var ki, Xocalıda körpə, südəmər uşaqları amansızcasına qətlə yetirən mənfur düşmən üçün peşə, yaş - digər dəyərlər əsas deyil, onların amalı budur; kimliyindən asılı olmayaraq Azərbaycan türkünün yurd-yuvasını dağıtmaq, əhalisini öldürmək, məhv etmək. Düşmən 30 il ərzində işğal etdiyi kənd və şəhəri xarabazara çevirib, ürəyi soyumayıb, torpaqlara minalar düzüb, xüsusi “ölüm sürprizi” hazırlayıb. 44 günlük müharibədə rəzil vəziyyətə düşən ermənilər məğlubiyyətin hayıfını bu sayaq namərd yolla almaq istəyirlər. Minanı ermənilər indi elə bil “ümid yeri” hesab edirlər. Sosial şəbəkədə Qumaşyan adlı bir polkovnikin statusuna rast gəldim. Deyir ki, biz Kəlbəcərə, Ağdama 17 maşın mina boşaltmışıq. Bununla da guya bizdə qorxu hissi yaratmaq istəyir. Amma unudur ki, sərt qayalara dırmanıb əlbəyaxa döyüşlə bir neçə saatın içərisində Şuşa kimi alınmaz qalanı fəth edən Azərbaycan oğullarını belə düşük hədələrlə qorxutmaq mümkün deyil. Heç nə unudulmur, heç nə yaddan çıxmır. 90-cı illərdə günahsız azərbaycanlılara dəhşət yaşadan erməni quldurlar öz əməllərinə görə bu gün bizim məhkəmələr qarşısında cavab verməli olacaq. Həmin tale sabah da digər mənfurları gözləyir.

Şahid müəllim deyir ki, işğaldan azad olunmuş ərazilərdə aparılan böyük quruculuq işləri, “Ağıllı şəhər”, “Ağıllı kənd” lahiyələri start götürüb, 17.500 hektar ərazidə salınacaq və Azərbaycanın böyük şəhərlərindən biri olacaq Ağdam şəhərinin tikintisinə başlanılıb. Ərazilərdən minalar təmizlənir və bu işdə ölkəmizə kömək etmək istəyənlərin sayı çoxalır. Bütün bunlar düşmənin varlığını paramparça eləyir. Düşmən hiddət və qəzəb içində boğulur, arabir yeni müharibə başlayacağı kimi hədyanlar səsləndirir. Unudur ki, biz, yerimizdə sayıb oturmuruq. Biz, həmişə olduğu kimi, yenə də durmadan güclənirik və tarixin bütün dönəmində güclü olacağıq.

Tofiq HÜSEYN,

“Respublika”.