BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATINDA İSLAHATLARIN APARILMASI ZAMANIN TƏLƏBİDİR
Siyasət

BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATINDA İSLAHATLARIN APARILMASI ZAMANIN TƏLƏBİDİR

Dövlətimizin başçısı tərəfindən irəli sürülən təkliflər bu beynəlxalq təsisat üçün xüsusi əhəmiyyət kəsb edir

"BMT-də islahatlar aparılmalı, Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir". Bunu ötən şənbə günü Azərbaycan Prezidenti İlham Əliyev Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə birgə mətbuat konfransında bildirib.

"BMT ilə bağlı məsələlər artıq dünyada uzun illər müzakirə edilir, BMT-dəki islahatlar haqqında fikir mübadiləsi aparılır. Mən çıxışlarımın birində bildirmişdim ki, bu islahatlara böyük ehtiyac var. Hesab edirəm ki, Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir. Bir daimi yer mütləq İslam Əməkdaşlıq Təşkilatının üzvünə verilməlidir və İslam Əməkdaşlıq Təşkilatı özü məsləhətləşmələr əsasında bu namizədliyi irəli sürməlidir. Digər daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə bu yerə sahib olmalıdır. Hesab edirəm ki, bu, ədalətli olar. Çünki İkinci Dünya müharibəsindən artıq 80 ilə yaxın vaxt keçir, dünya dəyişib və bu dəyişikliklər sürətlə davam edir. Ona görə, hesab edirəm ki, bu islahatlar daha ədalətli və təhlükəsiz dünyanın yaradılmasına xidmət göstərəcək".

Dövlətimizin başçısı xatırladıb ki, Azərbaycan 30 illik işğala hərbi-siyasi vasitələrlə son qoyub, öz ərazi bütövlüyünü bərpa edib və BMT TŞ-nin 4 qətnaməsini özü həyata keçirməli olub. "Halbuki, BMT özü bu qətnamələrin tələblərinə əməl etməli idi. Məhz bu, BMT Təhlükəsizlik Şurasında islahatlara ehtiyacı diktə edir", - deyə vurğulayıb. Qeyd edək ki, Prezident oxşar fikri bu ayın əvvəlində yerli telekanallara verdiyi müsahibədə də səsləndirmişdi.

Bəs BMT TŞ-də islahat mümkündürmü? Fakt budur ki, TŞ-nin 5 daimi üzvü arasında 2 milyardlıq müsəlman dünyasını təmsil edən bircə dövlət də yoxdur. Həqiqət həm də ondan ibarətdir ki, hazırda 120 ölkəni birləşdirən və Azərbaycanın sədr olduğu Qoşulmama Hərəkatı 200-ə yaxın ölkəni bir araya gətirən BMT-dən daha çevik və uğurludur.

Həmçinin yada salaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə dünyanın 5-dən böyük olduğunu vurğulayaraq BMT TŞ-nin mövcud strukturuna etiraz edib.

Prezident İlham Əliyevin Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə birgə mətbuat konfransında ən çox diqqətçəkən mövzulardan biri, heç şübhəsiz ki, yeni dünya düzəni və BMT sistemində islahatlarla bağlı çağırışlar oldu. Nəzərə alsaq ki, Prezident eyni zamanda dünyanın ikinci ən böyük təsisatı olan Qoşulmama Hərəkatının rəhbəri kimi həm də 120 dövlətin maraqlarını təmsil edir, bu çağırışlar BMT-nin cari formatı üçün qlobal əhəmiyyət daşıyır. Sirr deyil ki, təşkilatın nizamnaməsində 78 il öncə müəyyənləşdirilmiş vəzifələr artıq müasir qlobal çağırışlarla ayaqlaşmadığı üçün BMT öz vəzifələrini lazımi formada yerinə yetirə bilmir.

Aydındır ki, İkinci Dünya müharibəsindən sonra dünyanın siyasi xəritəsi ciddi dəyişikliklərə məruz qalmışdı. Bu çərçivədə, şübhəsiz ki, siyasi, iqtisadi, hüquqi dəyərlər, qlobal maraqlar tam fərqli məcraya qədəm qoymuş, nüfuz artıq sosialist-kapitalist qütblərinin toqquşmasında ifadə olunmurdu. Belə olan təqdirdə, 1945-ci ilin standartları ilə yeni dünyaya yanaşmaq təbii ki, effektiv ola bilməz. Digər tərəfdən, hətta effektiv olsa belə, BMT-nin fəaliyyəti bir çox dövlətlərə, xüsusən İslam dünyasına münasibətdə ikili standartlarda ehtiva olunur. Məsələləri faktiki olaraq yalnız Təhlükəsizlik Şurasının 5 daimi üzvü həll edir.

Azərbaycanın nümunəsində 30 il yerinə yetirilməyən BMT Təhlükəsizlik Şurası qətnamələri buna ən bariz misaldır.

Bəzi hallarda saatlar ərzində hərəkətə gələn BMT mexanizmlərinin digər vəziyyətdə icrasız qalması təhlükəli tendensiyadır və bu mənada İlham Əliyevin təklifi bu bəşəri niyyətlərə hesablanan təklifdir. Bu, təkcə Azərbaycanla bağlı məsələ deyil. Hamı gözəl bilir ki, dövlətimiz artıq problemli Qarabağ məsələsini həll etdi və Bakı BMT qətnamələrinin icrası üçün kimsəyə möhtac deyil. Cənab İlham Əliyev BMT Nizamnaməsinin 25 və 51-ci maddələrinə uyğun olaraq BMT qətnamələrinin 2020-ci ildə hərbi-siyasi yolla icra olunmasını təmin edib. Yəni Azərbaycan liderinin "BMT-də islahatlar aparılması, Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi" barədə mövqeyi daha çox təsisatın nüfuzunun bərpası və ümumilikdə təşkilatın özünün xilası üçün kifayət qədər sadə, ədalətli və müasir qlobal çağırışlara uyğun və praqmatik həll yoludur.

Məsələn, iki milyarddan çox müsəlmanın ən ali qurumda daimi təmsil olunmaması yeni dünya düzəninə yaxşı heç nə vəd edə bilməz. Bu mənada, ən yaxşı çıxış yolu İslam Əməkdaşlıq Təşkilatının rotasiya qaydasında müəyyən edəcəyi bir müsəlman dövlətinin daimi üzv olmasıdır. Habelə 120 ölkənin cəmləşdiyi Qoşulmama Hərəkatına sədrlik edən dövlətin daimi o yerdə olmasına, Təhlükəsizlik Şurasında yalnız bəlli maraqların təmsil olunmasına, cənab İlham Əliyevin Prezident Əbdülfəttah əs-Sisi ilə birgə mətbuat konfransında da dediyi kimi, "daha ədalətli və təhlükəsiz dünyanın yaradılmasına xidmət göstərə bilər".

Beləliklə, BMT-nin ilk növbədə, Təhlükəsizlik Şurasının üzvlərinin tərkibinin dəyişdirilməsini, onların sayının artırılmasını təklif edən dövlətlər kifayət qədərdir. Azərbaycan da, İslam Əməkdaşlıq Təşkilatı da, Qoşulmama Hərəkatı da bu mövqedədir. BMT işini daha səmərəli qurmaq üçün, həm də Baş Məclisində dəyişikliklər aparmalıdır. Baş Məclisin iclasları ildə bir dəfə deyil, bir neçə dəfə çağırıla bilər və məclisin də qərarlarının Təhlükəsizlik Şurasının qərarları kimi eyni hüquqa sahib olması təklifi də verilən təkliflər arasındadır. Bir sözlə, BMT-nin dünyada sülh və əmin-amanlığın başlıca qoruyucusu kimi səmərəli fəaliyyəti üçün bu təşkilatda ciddi struktur islahatlarına ehtiyacın olduğunu əksər dövlətlər deyir. Hətta bu bir çox hallarda tələb şəklində BMT-nin qarşısında qoyulur.

Şübhəsiz, BMT-nin özündə ciddi islahatların aparılmasına olan meyil durmadan artmaqdadır. Çünki BMT-nin bir çox qərar və qətnamələri yerinə yetirilmir. Bəzi dövlətlər onu inkar edir. Azərbaycanla bağlı qəbul edilmiş 4 qətnamənin də BMT tərəfindən yerinə yetirilməsinə lazımi siyasi iradənin göstərilməməsi xüsusilə vurğulanmalıdır. Bu isə o deməkdir ki, böyük islahatlara ehtiyacı olan BMT-də zəruri yeniliklər və dəyişikliklərin olması qaçılmazdır.

Emin QASIMOV,

"Respublika".