BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ
Digər xəbərlər

BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ

Dünyanın yeni möcüzəsi adlandırılan Birləşmiş Ərəb Əmirlikləri qədimliklə müasirliyin birləşdiyi inanılmaz ölkədir. Ərəblər Afrika və Asiya qitələrində kompakt şəkildə yaşayan ən böyük xalqdır. VI-VII əsrlərdə Ərəbistan yarımadasında təqribən dörd milyon oturaq həyat keçirən üç milyon köçəri ərəb yaşamışdır.  Əvvəllər "ərəb" sözü "quraqlıq, xam torpaq" kimi işlənirdisə, bu gün böyük bir xalqın adının ifadəsinə çevrilmişdir.  Günəşli qızıl təpələri və müasir dövrün ən bahalı binaları ilə tanınan Birləşmiş Ərəb Əmirlikləri Yaxın Şərqdə, Ərəbistan yarımadasının şərq hissəsində yerləşir. Təxminən 50 il bundan əvvəl qumlu bir səhranın inkişaf etmiş məkana çevriləcəyi ağla belə gəlməzdi. Qərbdə və cənubda Səudiyyə Ərəbistanı, şimalda Qətər, cənub-qərbdə Omanla  həmsərhəd olan ölkə yeddi əmirlikdən ibarətdir: Əbu-Dabi, Dubay, Şərca, Acman, Umm Əl-Quveyn, Rəs-Əl-Xeymə və Əl-Füceyrə.  Fars və Oman körfəzlərinin sahilində yerləşən yarımadanın ümumi sahəsi  83,6 min kvadratkilometrdir. Ölkənin paytaxtı Əbu-Dabi şəhəridir.

Ucsuz-bucaqsız səhranın qumları arasında şüşə və metaldan tikilmiş göydələnlərin vətəni olan  Birləşmiş Ərəb Əmirlikləri şeyxlər tərəfindən idarə olunur.  200-dən çox millətin yaşadığı ölkənin əsası Şeyx Zayed bin Sultan Əl Nəhyan tərəfindən qoyulub. Neft gəlirləri və iqtisadiyyatın, kənd təsərrüfatının, turizmin uğurlu inkişafı və azad iqtisadi zonaların formalaşması sayəsində əmirliklər son 40 ildə aşağı həyat səviyyəsinə malik qapalı Şərq ölkəsindən zəngin bir ölkəyə çevrilib. BƏƏ-nin təsərrüfatında milli gəlirin 80 faizindən çoxu neft və qaz sənayesinin, qalanları isə digər sənaye sahələrinin payına düşür.

Dünya sivilizasiyasının ürəyi adlandırılan ərəb dünyasının böyük xidmətləri həm də ondan ibarətdir ki, onlar antik dövrün bir çox nailiyyətlərini qoruyub saxlayıb və sonrakı nəsillərə ötürə biliblər. Ərəb mədəniyyətinin formalaşması əsasən VII əsrə təsadüf edir. Bu dövr tarixdə İslam dininin meydana çıxması və ərəb istilaları nəticəsində Xilafət kimi böyük dövlətin yaranması ilə xarakterizə olunur.

Ərəb mədəniyyəti IX-X əsrlərdə daha da tərəqqi etmişdir. Belə ki, bu dövrdə bir çox elmlər, o cümlədən fəlsəfə, təbabət, fizika, riyaziyyat, astronomiya, coğrafiya, tarix və s. özünün ən yüksək  inkişaf mərhələsinə çatmışdır. Yaradılan gözəl abidələr maddi mədəniyyət xəzinəsini daha da zənginləşdirmişdir. Bütün xalqların ədəbiyyatı kimi, ərəb ədəbiyyatı da öz təməlini şifahi xalq yaradıcılığından götürmüşdür.

Birləşmiş Ərəb Əmirliklərinin dinamik inkişafına, iqtisadiyyatda və gündəlik həyatda istifadə olunan müasir texnologiyaların yüksək səviyyəsinə baxmayaraq, ölkənin ən böyük şəhəri olan Dubayda milli adət-ənənələri, ritualları və davranış normalarını bu gün də qoruyub saxlamağa çalışırlar. Bu, ilk növbədə milli geyimlərə sadiqlikdə, dini bayramlarda, toylarda və digər təntənəli tədbirlərdə, ənənəvi ayinlərdə özünü göstərir. Kişilər yayda nazik ağ pambıqdan, qışda isə daha qalın və tünd materialdan tikilmiş uzun, geniş paltar "kandura" və ya "dişdaşa" geyinirlər. Başlarına isə  "qafiyə" və ya "təqiyyə" qoyurlar.

Klassik ərəb musiqisi əsasən vokal janrı ilə təmsil olunur. Dövlət və cəmiyyət tərəfindən folklora, rəqslərə, xalq sənətkarlığına çox böyük diqqət yetirilir.

Ənənəvi idman növləri milli mədəniyyətin parlaq təzahürüdür. Əsrlər boyu inkişaf etmiş atçılıq bu ölkədə ən populyar idman növüdür. Təsadüfi deyil ki, dünyanın ən bahalı at yarışlarının Dünya Kuboku məhz Dubayda keçirilir. Şahin ovu, dəvə yarışları, yelkənli qayıqlarda dəniz reqatası da burada geniş yayılıb.

Şərq və Qərb ənənələrini harmonik şəkildə birləşdirən Birləşmiş Ərəb Əmirliklərinin mətbəxində səciyyəvi olan qidalar sırasında qoyun əti, noxud, badımcan, zeytun, xurma, ətirli su (portağal suyu və gülab), nanə çayı və s. göstərmək olar. Bu ölkədə çayın dəmlənmə və süfrəyə verilmə prosesi xüsusi bir ritualdır. Buğda, bulqur, düyü kimi  dənli bitkilər də ərəb mətbəxinin əsasını təşkil edən qidalardandır. Yeməklərə xüsusi dad verən isə onlara qatılan müxtəlif ədviyyatlardır.  

1991-ci ilin 26 dekabrında Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən biri Birləşmiş Ərəb Əmirlikləri olmuşdur. Azərbaycan ilə BƏƏ arasında diplomatik əlaqələr isə 1992-ci il  sentyabrın 1-də qurulmuşdur. 1994-cü il 13 dekabr tarixində Mərakeşin Kasablanka şəhərində keçirilmiş İKT üzvü olan ölkələrin dövlət və hökumət başçılarının zirvə toplantısı zamanı ulu öndər Heydər Əliyev və  Şeyx Zayed bin Sultan Əl Nəhyanın görüşü baş tutmuşdur. Bütün yaxın və uzaq ölkələrlə normal əlaqələr qurmağı xarici siyasətdə əsas prioritet hesab edən Heydər Əliyev İslam dünyası, ərəb ölkələri ilə əlaqələrə də xüsusi diqqət yetirir, Bakı ilə müsəlman aləmi arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsini zəruri hesab edirdi.

Birləşmiş Ərəb Əmirliklərinin Kommunikasiya naziri Əhməd Humeyd Əl-Tayerin başçılıq etdiyi nümayəndə heyəti 2003-cü il 8-10 iyul tarixlərində Azərbaycanda rəsmi səfərdə olduğu zaman Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında müvafiq ərazilərin hüdudlarından kənarda hava əlaqəsinin yaradılması haqqında Saziş imzalanmışdır.

2004-cü ilin 25 aprel tarixində Əbu-Dabi şəhərində Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş imzalanmışdır.

2006-cı il 20-21 noyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri yaddaqalan olmuşdur. Qarşılıqlı maraq doğuran regional və beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparan rəsmilər iki ölkə arasındakı dostluq və əməkdaşlıq məsələlərini də müzakirə etmişlər. Nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə keçirilən görüşlər zamanı iqtisadi, ticari və texniki əməkdaşlıq, gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması, investisiyaların təşviqi və qarşılıqlı qorunması, səhiyyə və tibb elmi, hərbi əməkdaşlıq, həmçinin ali təhsil sahəsində əməkdaşlıq haqqında saziş bağlanmışdır. Bununla yanaşı, Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında, Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında ekstradisiya haqqında, Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında mülki və ticarət işləri üzrə hüquqi və məhkəmə yardımı haqqında müqavilələr imzalanıb. Həmçinin, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və Birləşmiş Ərəb Əmirliklərinin Milli Olimpiya Komitəsi arasında olimpiya hərəkatı və idman sahəsində, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Birləşmiş Ərəb Əmirliklərinin Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma memorandumları da imzalanmışdır.  Səfər çərçivəsində ölkə başçımız Əbu-Dabidə, BƏƏ Ticarət Palatasının binasında keçirilmiş Azərbaycan-BƏƏ biznes forumunda iştirak etmiş, Dubayda BƏƏ vitse-prezidenti və Baş naziri, Dubayın hakimi Şeyx Məhəmməd bin Rəşid Əl Məktumla görüşmüşdü. Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubay Hakimi Əla-həzrət Şeyx Məhəmməd bin Raşid əl-Məktum və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu rəsmi səfər çərçivəsində bir çox məsələlər üzrə müzakirələr aparmışlar. Sülh, sabitlik və iqtisadi inkişaf kimi mövzuları müzakirə edən ölkə rəsmiləri əməkdaşlığı gələcəkdə daha da genişləndirmək məqsədilə Birləşmiş Ərəb Əmirlikləri ilə Bakı arasında hava uçuşlarının sayının artırılması və daha geniş əməkdaşlıq sahələrinin əhatə edilməsini də müzakirə etmişlər.

2009-cu ilin 8-9 iyun tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olduğu zaman Fəxri Xiyabana gələrək müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişdir.  Həmin gün Azərbaycan Respublikasının Prezidenti BƏƏ nümayəndə heyəti ilə görüş keçirmişdir.

2009-cu ilin 21-22 dekabr tarixlərində Azərbaycan Respublikası Hökuməti və BƏƏ Hökuməti arasında İqtisadi, Ticarət və Texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclası baş tutmuşdur. İclasda Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında turizm, kənd təsərrüfatı məhsullarının istehsalı, alternativ enerji, dəniz suyunun şirinləşdirilməsi kimi sahələrdə əməkdaşlıq məsələləri geniş müzakirə edilmiş, AZPROMO və BƏƏ Federal Sənaye və Ticarət Palatası arasında Anlaşma Memorandumu imzalanmışdır.

Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkünün olduğunu nəzərə alaraq BƏƏ-nin Qırmızı Aypara Cəmiyyəti, "Dar əl-Bir" Xeyriyyə Cəmiyyəti, Zayed bin Sultan Əl Nəhyan Xeyriyyə Təşkilatı və digər humanitar təşkilatlarla sıx əlaqələr qurulması istiqamətində müvafiq işlər görülmüşdür.

1-2 aprel 2015-ci il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri, Dubayın hakimi Şeyx Məhəmməd bin Rəşid Əl Məktumun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Bakıda səfərdə olmuşdur. Bu səfər zamanı "Fövqəladə halların idarə olunması haqqında Anlaşma Memorandumu" və qiymətli kağızlar sahəsində "Yardım və qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalanmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BƏƏ-yə daha bir səfəri 2016-cı ilin 1-2 fevral tarixlərində baş tutmuşdur. Səfər zamanı Əbu-Dabinin vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla geniş tərkibdə görüş keçirilmişdir. Görüş çərçivəsində  "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında dəniz nəqliyyatı üzrə institusional əməkdaşlığa dair Saziş", "Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Telekommunikasiya Sektorunun Tənzimlənməsi üzrə Baş Departamenti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"na  imza atılıb.

2017-ci il 21-22 may tarixlərində Azərbaycana səfər edən Şeyx Abdullah bin Zayed əl Nəhyanı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva qəbul etmişdir. Görüşdə Dubayın Cəbəl Əli limanı ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında əməkdaşlıq və təcrübə mübadiləsi təqdir olunmuşdur.

BƏƏ  2008-ci ildə BMT Baş Assambleyasında "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyətə dair" məsələnin müzakirəsi zamanı ölkəmizin mövqeyini müdafiə etmişdir. BƏƏ rəsmiləri hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmiş, erməni hərbi qüvvələrinin işğal olunmuş ərazilərdən tezliklə çıxarılması və problemin diplomatik yolla həllinə tərəfdar olmuşdur.

Ölkələrimiz arasında qarşılıqlı sərmayələrin yatırılması, birgə müəssisələrin qurulması istiqamətində də işlər görülüb. 15 mart 2022-ci il tarixinidə isə Energetika Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti arasında "Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonlarında bərpa olunan və təmiz enerji sahəsində əməkdaşlığa dair" Anlaşma Memorandumu imzalanıb. Memorandum Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa olunan enerji mənbələrinin tətbiqi üzrə əməkdaşlığı nəzərdə tutur. Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi də elə həmin tarixdə keçirilib.

Azərbaycan müsəlman ölkəsi olaraq bu coğrafiyaya daxil olan dövlətlərlə yüksək səviyyədə əməkdaşlığını davam etdirir, siyasi, mədəni, iqtisadi, sosial və digər sahələrdə qurulan əlaqələri yeni mərhələyə daşıyır. Bu baxımdan, iki ölkənin birgə səyi nəticəsində Azərbaycan-BƏƏ əməkdaşlığı bundan sonra daha da yüksələn xətlə inkişaf edəcək.  Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında inkişaf edən iqtisadi əlaqələr heç zaman qırılmayacaq və hələ uzun illər hər iki ölkənin vətəndaşlarının rifahına xidmət edəcək.

Arzu ASİFQIZI,

"Respublika".