Birinci xanım - ümid qapısı, mərhəmət ünvanı
Sosial həyat

Birinci xanım - ümid qapısı, mərhəmət ünvanı

“Həyatda hər kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir. Bu kitabda hər bir kəs özünü şəxsi həyatının və dünyanın qurub-yaradıcısı, yaxud dağıdıcısı kimi təcəssüm etdirir. Kimsənsə, elə də olmalısan, bax, budur bizim həyatımız. Ona görə də özgələrin rollarını və obrazlarını gərək öz üzərinə götürməyəsən. Çünki sən də, dünyada yerin də yeganə və bənzərsizdir!”.

O da bu gün öz rolunu, öz obrazını özü yaradır. Həyat kitabını yazır, şəxsi həyatının və dünyanın qurub-yaradıcısı kimi təcəssüm etdirir özünü. Bu isə xoş məramlar səfirinin dünyadakı yerini yeganə və bənzərsiz edir...

“Birinci xanım”. Bu titul ilk dəfə XX əsrdə Amerikanın ilk prezidentinin həyat yoldaşı Marta Vaşinqtona şamil edilib və bundan sonra həmin ifadə həyata daimi vəsiqə alıb.

Birinci xanım missiyasının çətinliyi barədə ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın həyat yoldaşı, zamanının tanınmış aktrisası Nensi Reyqan illər sonra öz xatirələrində yazırdı: “1981-ci ilin yanvarında Vaşinqtona köçəndə, həqiqətən, elə düşünürdüm ki, ölkənin birinci xanımı olmağın bütün tələb və çətinliklərini yaxşı başa düşürəm... Amma elə ilk anlardan başa düşdüm ki, heç nə, heç bir həyat təcrübəsi adamı ölkənin birinci xanımı olmağa hazırlamaq iqtidarında deyil!..”.

Əgər bu, birinci xanım missiyasının həyata keçirilməsi sahəsində zəngin ənənələrin formalaşdığı, normaların mövcud olduğu bir ölkənin birinci xanım statusunun çətinliyi barədə etiraf kimi qəbul edilərsə, bu sahədə təcrübəsi olmayan, əksinə Şərq ənənələri ilə zəngin olan Azərbaycanda birinci xanım ictimai vəzifəsi ilə bağlı ənənələri formalaşdırmağın nə qədər çətin olduğunu təsəvvür etmək mümkündür.

Bu məsələyə Azərbaycanın Birinci xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın öz yanaşması var. O, müsahibələrinin birində demişdir: “Bu məsələdə hər bir ölkənin tarixi və mədəni xüsusiyyətləri rol oynayır. Elə cəmiyyətlər var ki, ənənəvi olaraq orada dövlət başçısının xanımı ictimai həyatda mühüm rol oynayır. Elə cəmiyyətlər də var ki, orada əksinə, ənənəyə görə belə hallar qəbul edilməmişdir və bu cəmiyyətlərdə birinci xanımlar fəal ictimai həyatda bir növ “kadr arxasında” qalırlar.

Mənim fikrimcə, bu məsələ hər bir halda subyektiv şəkildə həll edilir. O, ölkənin liderinin xanımının öz seçiminin nəticəsidir... Dövlət başçısının xanımı kimi mənim üçün həmişə ən vacib o olmuşdur ki, mən öz ölkəm üçün nə edə bilərəm. Axı mənim bu gün məşğul olduğum ictimai fəaliyyət ərim Azərbaycanın Prezidenti olan vaxtdan başlamamışdır. Sadəcə olaraq, indi həmin fəaliyyət mətbuatda daha tez-tez işıqlandırılır...”.

Əslində, Mehriban xanım özünün də dediyi kimi, bu nəcib seçimi çox-çox əvvəllər müəyyənləşdirmişdi. Belə ki, o, 1995-ci ildə yaratdığı Azərbaycan Mədəniyyətinin Dostları Fondunun və 1996-cı ildə təsis edilən mədəni-maarifçilik yönümlü “Azərbaycan-İrs” jurnalının fəaliyyəti ilə Azərbaycan cəmiyyətində hələ ötən əsrin 90-cı illərinin ortalarından tanınmağa başlamışdı.

“Azərbaycan-İrs” jurnalı Azərbaycan, ingilis və rus dillərində nəşr olunmaqla qısa zamanda beynəlxalq aləmdə geniş oxucu auditoriyası toplaya bildi. Onun səhifələrində Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti barədə məqalələr çap edilir, xarici ölkələrdə Azərbaycan mədəniyyəti daha geniş şəkildə təbliğ olunurdu.

2002-ci ildə Mehriban xanım Əliyeva Azərbaycan Bədii Gimnastika Federasiyasına rəhbərlik missiyasını da öz üzərinə götürdü. Bundan sonra Azərbaycan idmançılarının bu sahədə əldə etdikləri uğurların sayı artdı. 2003-cü ildən etibarən Bakıda bədii gimnastika üzrə Dünya kubokunun mərhələ yarışlarının keçirilməsinə start verildi. 2005-ci ildə Azərbaycan ilk dəfə dünya çempionatını, 2007-ci ildə isə ilk Avropa birinciliyini keçirmək hüququ qazandı, idmançı qızlarımızın nailiyyətləri artdı, ən başlıcası isə, idmanın bu növü ilə məşğul olmaq istəyən qızların gimnastika bölmələrinə kütləvi axını başladı. Azərbaycanda beynəlxalq yarışların keçirilməsi xoş bir ənənəyə çevrildi.

Bu möhtəşəm qələbələrdən sonra Mehriban xanım Əliyeva haqqında Azərbaycan cəmiyyətində formalaşan fikirlər mətbuatda yayılan aşağıdakı sətirlərlə də bir daha təsdiqləndi: “Bütün bu uğurların bir canlı rəhni, mənəvi anası, ilham mənbəyi var – Federasiyanın prezidenti Mehriban Əliyeva! Öz nəcibliyi, humanizmi, insanpərvərliyi, qızıl ürəyi ilə dəstək verdiyi və günü bu gün də təhsil, səhiyyə, mədəni irsin qorunması sahəsində uğurla gerçəkləşdirilən onlarla layihə kimi idmanın bu sahəsinin inkişafını da o, öhdəsinə götürüb. Bu yol nəcib yoldur, Azərbaycan Prezidentinə kömək, Azərbaycan xalqına təmənnasız xidmət yoludur”.

Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun prezidenti kimi fəaliyyəti isə ölçüyəgəlməzdir.

Heydər Əliyev Fondu milli düşüncə sistemimizdə xüsusi yer tutan mərhəmət, insanpərvərlik, xeyirxahlıq kimi ali dəyərlərə tapınaraq cəmiyyətin mənəvi saflaşmasına çalışır, həyata keçirdiyi xoşməramlı missiya ilə cəmiyyətə yüksək mənəvi dəyərlər təlqin edir. Həm də bu dəyərlər ənənəvi təbliğat qəliblərində təqdim olunmur, görülən işlərin hər bir cəmiyyət üzvünün öz evində, ailəsində, gündəlik həyatında duyub hiss edə biləcəyi müsbət nəticələrlə əxz etdirilir: “Bu gün biz müasir texnika və qloballaşma əsrində yaşayırıq. Fikrimcə, zəmanənin ən böyük təzadlarından biri ondan ibarətdir ki, əldə edilən tərəqqi, kommunikasiya imkanları insanların birləşməsinə, daha sıx ünsiyyət qurmasına şərait yaratsa da, gerçək həyatda biganəlik artır, insanlar arasında uçurum dərinləşir. Bəzən nəinki bəşəriyyətin səsini eşitmirik, hətta qonşu-qonşunu eşitmir, qardaş-qardaşa kömək əlini uzatmır. Bu gün dünyanın qarşılaşdığı ən ağrılı problemlərdən biri mənəvi idealların ucuzlaşması, onların saxta ideallarla əvəz edilməsidir” – deyən Mehriban xanım Əliyeva xoş əməlləri ilə insanları səmimi birlik və həmrəyliyə dəvət edir.

Heydər Əliyev Fondunun qarşıya qoyduğu məqsədləri incələyərkən, aydın olur ki, əslində, bu məqsədlərin heç biri əlahiddə xarakter daşımır və hər biri Azərbaycanı qəlbən sevən bütün fərdlərin arzularıdır. Onların hər biri arzu kimi daim daxili dünyamızda yaşayıb, sadəcə, bir insan bu arzuları məqsədə çevirərək qarşıya qoymaq, həyata keçməsinə nail olmaq gücündə deyil. Lakin fərdi güclər birləşəndə və ümumi gücü qarşıya qoyulmuş hədəflərə doğru yönəldəndə bu məqsədlərin reallaşacağı məqam o qədər də uzaqda olmur.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən irəli sürülmüş elə bir ideya yoxdur ki, o, məzmununda, mahiyyətində Azərbaycanın indisi və gələcəyi ilə bağlı arzuları ifadə etməsin. Mehriban xanım yaxşı bilirdi ki, bu gün qloballaşan dünyamızda Azərbaycan vətəndaşları üçün ölkəmizdə təhsilin inkişafı vacib məsələlərdən biridir. Məhz elə buna görə də fond yarandığı ilk gündən Azərbaycanda təhsilin inkişafını özünün başlıca fəaliyyət istiqamətlərindən biri kimi müəyyənləşdirdi.

“Yeniləşən Azərbaycana yeni məktəblər” devizi altında istər paytaxtda, istərsə də bölgələrimizdə müasir tələblərə cavab verən məktəblər tikilib sabahımız olan uşaqların istifadəsinə verildi.

Fondun təhsil sferasında həyata keçirdiyi ən genişmiqyaslı proqramlardan biri də “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramıdır. Xüsusi qayğıya ehtiyacı olan uşaqların problemləri bu incəqəlbli xanımı həmişə narahat edir, bu istiqamətdə gördüyü işlərlə o, həm də əslində içimizdə, daxili dünyamızda olan qüvvəni həyəcanlandıraraq hərəkətə gətirməyə çalışır, o qüvvəni xeyirxah işlər görməyə istiqamətləndirir.

İnsanın həyatında xoşbəxt anlar çox olur. Amma ağır bir mərəzdən qurtulduğunu, ölümün həyatının astanasından geri çəkildiyini duyan xəstənin çöhrəsindəki ilahi sevincin sözlə ifadəsi yoxdur. Bəs, bu anı yaşatmış insanın xoşbəxtliyi necə. Bənzərsiz bir şeydir!.. Bax, Mehriban xanımın səhiyyə sahəsində gördüyü işlərin sonu həmişə belə nəticələnir, xeyirxah əməli həyat verdiyi insanların dünyaya sığmayan sevincinin içində əriyib yox olur.

Bəli, son illər Heydər Əliyev Fondunun köməyi ilə tikilən məktəblər, uşaq bağçaları, mədəniyyət ocaqları, Azərbaycan mədəniyyətinin təbliği və milli irsimizin qorunması istiqamətində görülən möhtəşəm işlər, dünya mədəniyyətinə verdiyi töhfələr onu təkcə ictimai-siyasi xadim kimi yox, həm də görkəmli mədəniyyət hamisi kimi gözlərimizdə ucaldır. Mədəniyyətimizin köklərini minilliklərə bağlayan Mehriban xanım unudulmaqda, itib-batmaqda olan mədəniyyət incilərimizə həyat bəxş etdi, onları dünya arenasına çıxardı.

Bütün bunlar onun UNESCO və ICESCO kimi nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığı fonunda daha aydın görünür. Bu gün Azərbaycan mədəniyyətinin on beş nümunəsinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınması görülən işlərin uğurlu nəticələridir.

O, bütün bunları sevərək, Azərbaycanı, onun gələcəyini düşündüyü üçün edir, heç bir təmanna güdmədən, qürrələnmədən... Çünki sadəlik, alicənablıq Mehriban xanım Əliyevanın şəxsində öz əsl mahiyyətinə qovuşur, axı bu, sadəlik xatirinə sadəlik, alicənablıq xatirinə alicənablıq deyil, bir Tanrı bəxşişidir. Bütün ömrü boyu insan şəxsiyyətini rövnəqləndirən mənəvi zinətdir və bu zinət Mehriban xanıma çox yaraşır.

2005-ci ilin parlament seçkiləri ərəfəsində üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərdə Mehriban xanım Əliyevanın iştirakı, öz namizədliyini irəli sürməsi də bütün Azərbaycan seçicilərinin ümumi arzusu idi. Vətəndaşlar Mehriban xanım Əliyevanın namizədliyinin məhz onların təmsil etdikləri dairədən irəli sürülməsi təşəbbüsündən çıxış edir, Azərbaycan Prezidenti ilə birgə ölkəmizin ayrı-ayrı regionlarına baş çəkərkən bu diləyi Mehriban xanıma yetirirdilər və bu, tamamilə təbii görünürdü, çünki Heydər Əliyev Fondunun prezidentinin parlamentdə hər hansı bölgəni təmsil etməsi, həmin regionun yüksəlişi, burada yaşayan insanların sosial-iqtisadi problemlərinin həlli, infrastrukturun yeniləndirilməsi, sakinlərin maddi-rifah halının daha da yaxşılaşdırılması demək idi. Belə də oldu. Mehriban xanım Əliyeva 14 saylı Əzizbəyov ikinci seçki dairəsindən millət vəkili kimi vətəndaşların, öz seçicilərinin inamına sadiqliyini nümayiş etdirdi, Azərbaycanın milli dövlətçilik düşüncəsində sözün əsl mənasında millət vəkilinin parlaq obrazını yaratdı. İlklərə imza atmaq sanki alın yazısıdır. Onun öz xeyir əməlləri ilə Azərbaycan tarixinə daxil etdiyi ilk kəlmələri isə dünya çapında yerimizi daha da aydınlaşdırmaqdır.

2015-ci il iyunun 12-dən 28-dək ötən müddətdə Bakıda keçirilən ilk Avropa Oyunlarının uğurla başa çatmasında da ölkənin Birinci xanımının böyük rolu olmuşdur. Onun xidmətləri dövlətimiz tərəfindən də yüksək qiymətləndirilmişdir. “Bakı-2015” Avropa Oyunlarında iştirak etmiş idmançılarla görüşü zamanı ölkə başçısı İlham Əliyev Təşkilat Komitəsinin sədri kimi Mehriban xanım Əliyevaya ən ali mükafat, “Heydər Əliyev” ordenini təqdim edərkən demişdir: “Təşkilat Komitəsinə rəhbərlik etmiş Mehriban Əliyevanın böyük fəaliyyətini xüsusilə yüksək qiymətləndirirəm. O, bu oyunların keçirilməsinə çox böyük töhfə vermişdi. Deyə bilərəm ki, bu oyunların bu səviyyədə keçirilməsinə öz canını qoymuşdu”.

Mehriban xanım isə bu xoş, səmimi sözlərə, yüksək mükafata görə minnətdarlığını bildirərək fikrini belə ifadə etmişdi: “Çox sağ olun ki, Sizin və Azərbaycan xalqının birliyi nəticəsində ölkəmiz belə inanılmaz nailiyyətlərə imza atıb. Cənab Prezident, biz hər birimiz ölkəmizin əsgəriyik və Azərbaycanın gələcəyi naminə daha da tam gücümüzlə xidmət etməyə hazırıq”.

Xoş əməllər heç zaman cavabsız qalmır. Qəlbindəki mərhəmət, humanizm duyğularıyla kiminsə sınıq qəlbini ovudan, insanlara sevgi bəxş edən hər bir kəs özü haqqında xoş, müsbət fikir formalaşdırır. Zaman-zaman müxtəlif səviyyələrdə təsis edilmiş mükafatlar böyük toplumun ifadəsinə çevrilib öz ünvanına çatır.

Bəşəriyyətin humanizm, mərhəmət tərənnümçüsü kimi ona da çox mükafatlar verilib. 2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub-saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. 2005-ci ildə Azərbaycanda keçirilən sosioloji sorğuya əsasən “İlin qadını” seçilib. 2005-ci il iyunun 9-da ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə sanballı töhfələrinə görə Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeninə sahib olub.

Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin İslam aləmində görülən işlərə böyük dəstəyinə görə 2006-cı ilin noyabrında ICESCO-nun xoşməramlı səfiri adını qazanıb.

Dünya Səhiyyə Təşkilatı (DST) İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə Mehriban Əliyevaya ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə bu beynəlxalq təşkilatın mükafatı verilib. Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə 2007-ci ilin mayında “Qızıl ürək” beynəlxalq mükafatını əldə edib.

Fransanın “Şərəf Legionu” ordeni, Polşanın “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeni, Pakistanın “Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi” mükafatı, Azərbaycanın qadın ictimaiyyətinin “Qadın və inkişaf” mükafatı və digər ödüllər də onun layiq görüldüyü mükafatlar cərgəsindədir. 2009-cu ildə isə Mehriban xanım Əliyeva Azərbaycanda “Heydər Əliyev Mükafatı”, 2018-ci ildə İtaliyanın “Xidmətlərinə görə” Böyük Xaç Kavaleri ordeni, 2019-cu ildə isə Rusiya Federasiyasının “Dostluq ordeni” ilə təltif edilmişdir.

Amma ən böyük mükafat nədir, bilirsinizmi?..

Mehriban xanım Əliyeva deyir: “Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm. Konkret problemləri həll edə, yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nə isə edə bilmədikdə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyünü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir”.

Əslində isə onun şəfqətinə sığınıb sağalmaz dərddən şəfa tapan və xilasına sevinən bir körpənin çöhrəsindəki sevinc onun özünün deyil, Tanrının sevincidir.

Onun humanizmi nəticəsində azadlığa çıxmış bir məhbusun həbsxanadan azadlığa doğru atdığı ilk addımının məmnunluğunda da İlahinin məmnunluğundan bir zərrə var.

Birinci sinfə gedən övladlarını ilk dərs günü Mehriban xanımın qurub-yaratdığı məktəblərə göndərən anaların fərəh dolu gözlərindəki təbəssüm, dünyanı gözəlləşdirməyə, insanları, ölkələri bir-birinə yaxınlaşdırmağa, bəşəriyyəti böyük bəlalardan qorumağa xidmət edən nəcib, xeyirxah əməllərin mənəvi rahatlığı...

Bir şəhid ailəsinin, bir şəhid balasının üzünü güldürmək, bir qazimizin yarasına məlhəm olmaq, bəzən xoş bir sözlə həyata inamını artırmaq, onlara qoşulub sevinmək.

Hər zaman ümid qapısı, mərhəmət ünvanı olun, Mehriban xanım!..

Doğum gününüz mübarək!..

Zümrüd QURBANQIZI,

“Respublika”.