Bir qrup Vətən müharibəsi qazisinin Türkiyəyə səfəri davam edir
Sosial həyat

Bir qrup Vətən müharibəsi qazisinin Türkiyəyə səfəri davam edir

Qardaş Türkiyə Respublikasında səfərdə olan Vətən müharibəsində yüksək orden və medallara layiq görülmüş bir qrup qazimiz yanvarın 7-də Ankarada Gülhanə Xəstəxanasında olublar.

AZƏRTAC xəbər verir ki, Gülhanə Xəstəxanasında müalicə olunan qazilərlə görüş keçirən qəhrəman igidlərimiz, onları müalicə edən həkimlərlə də bir araya gələrək xoş sözlərlə minnətdarlıqlarını ifadə ediblər.

Azərbaycan və Türkiyə bayraqlarını başları üstündə dalğalandıran qəhrəmanlar iki doğma ölkənin və xalqın qardaşlığını tərənnüm edən şüarlar səsləndiriblər.

İgidlərimizin səsləndirdiyi "Qarabağ Azərbaycandır!" şüarı Gülhanədə də əks-səda yaradıb, alqışlarla qarşılanıb.

Türkiyə Böyük Millət Məclisinin deputatı Olcay Klavuz və "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri Emin Həsənli səfərin mahiyyəti barədə geniş məlumat veriblər.

Diqqətə çatdırılıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun Vətən müharibəsində qazandığı rəşadətli Qələbə Azərbaycan və Türkiyə üçün qürur mənbəyidir. Bu Qələbəni bizə yaşadan şəhid və qazilərimizə əbədiyyətə qədər borcluyuq. Qardaş Türkiyənin Vətən müharibəsində göstərdiyi siyasi-mənəvi dəstək heç zaman unudulmayacaq.

Qeyd edək ki, səfər Türkiyə Müharibə Qaziləri dərnəyinin dəvəti, Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi, "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir.

Türkiyənin Adana bölgəsinin düşmən işğalından qurtuluşunun 100 illiyi münasibətilə keçirilən tədbirlərdə iştirak edən qazilərimizdən ibarət qrup Ankaradan sonra səfəri İstanbulda davam etdirəcək.

AZƏRTAC