"Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi atəşə tutmuşdur. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaqdır".
Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci il 27 sentyabrda xalqa müraciəti zamanı bu fikirləri səsləndirəndə hər kəs böyük çaşqınlıq içərisində idi. Yaşca böyük olanlar 30 il öncəni düşünüb qorxuya düşür, bir tərəfdən də bu müddətdə ordumuzun gücləndiyini xatırlayıb vətən nisgilinin sonlanacağına ümid edirdilər. Daha əvvəl müharibə görməyənlər isə qarışıq duyğular içərisindəydilər. Elə mən də bu qismə aid olduğumdan keçirilən hissləri daha yaxşı ifadə edə bilərəm. Düşünün ki, özünüzü dərk edən andan etibarən müharibə sözünü eşidirsiniz, ətrafınızda savaşdan əziyyət çəkən insanlar var, hətta ailə üzvünüz belə müharibədən yaşadığı çətin günlərdən danışır. Bütün bunlara baxmayaraq, böyümüsünüz və indi elə bir yaşa çatmısınız ki, sizin dostlarınızın, birlikdə böyüdüyünüz insanların vətən borcunu ödəmək vaxtı gəlib çatıb. Onsuz da onlar üçün darıxdığınız bir vaxtda ermənilərin sərhəddə törətdiyi təxribat xəbərlərini eşidirsiniz. 2020-ci ilin ikinci yarısında isə Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının müntəzəm xarakter aldığını müşahidə edirsiniz. Bir qədər tarixə nəzər salaq. İyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində ermənilərin açdığı artilleriya atəşi nəticəsində hərbçilərimiz və bir mülki şəxs həlak olub. Ardınca avqust ayında Ermənistan növbəti hərbi təxribata əl atıb. Bu dəfə Azərbaycana terror aktları törətmək üçün təxribatçı diversiya qrupu göndərilsə də, qrupun başçısı Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb. Ermənistanın təxribatları bunlarla da kifayətlənməyib. Azərbaycanın qədim şəhəri olan Şuşada qondarma kriminal xunta rejiminin başçısının "andiçmə" mərasimi keçirilib. Ardınca Ermənistan o zamanlar işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma siyasəti aparıb. Livan ermənilərindən ibarət bir neçə ailə Qarabağa, o cümlədən Şuşaya yerləşdirilib. Amma ermənilərin hərbi cinayətlərinə, Cenevrə Konvensiyasına tamamilə zidd olan addımlarına beynəlxalq reaksiya verilməyib. Bu məqamda, Azərbaycanın səbir kasası daşıb və sentyabrdakı təxribatlar Ali Baş Komandanı müharibə anonsunu verməyə məcbur edib. Necə deyərlər, bir payız səhəri dolub daşıb, öz məcrasını aşıb vüsala susamış, yatağına sığmayan səbir… Nəticədə, "Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!" deyə bir yola çıxmalı olmuşuq. O zaman bəlkə ağlımıza da gətirə bilmirdik ki, çıxdığımız bu yol 44 gün sonra bizi 30 il öncə didərgin düşdüyümüz yurdumuza qaytaracaq, Qarabağ həqiqətən də öz tarixi sahiblərinə qovuşacaq.
Ermənistanın təcavüzünün qarşısını almaq məqsədilə 27 sentyabrda bütün cəbhəboyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri azad etməyə başladı. 28 sentyabr 2020-ci ildə Ali Baş Komandan Prezident İlham Əliyevin Sərəncamı ilə ölkədə qismən səfərbərlik elan olundu. Ehtiyatda olan hərbi qulluqçular, o cümlədən könüllü olaraq ordu sıralarına yazılmış gənclər döyüşlərə cəlb olundu. Həmin igidlər 30 il ərzində "biz döyüşməyə hazırıq, lazım olsa ölümə də gedərik" ifadəsinin yalnızca söz xatirinə deyilmədiyini sübut etdi. Bəs son damla qanına qədər vuruşan döyüşçülərimizdə bu əzm hardan idi? Çünki onlar öz əzəli və əbədi torpaqlarımız uğrunda döyüşürdü. Erməni əsgərləri isə zor gücünə toplanır, məcburi olaraq Qarabağ bölgəsinə gətirilirdi. Onlar çox gözəl bilirdilər ki, bu torpaqlar Azərbaycanındır. Təbii ki, heç kim özünə aid olmayan ərazi uğrunda həyatını təhlükəyə atmaq istəməz.
30 il ərzində ordumuzun hərbi təchizatı yüksək səviyyəyə çatdırılmış, mükəmməl hərbi texnikalar alınmışdı. Rəşadətli ordumuzun igid əsgərləri düşmənə amansız zərbələr endirdi. Onların döyüş əzmi bütün dünyaya səs saldı. Vaxtilə Ermənistanın hərbi təcavüzünə susan dövlətlər, beynəlxalq təşkilatlar Azərbaycanın öz qüdrəti ilə əzəli torpaqlarını işğaldan azad etdiyinin şahidi oldular. Ordumuz kağız üzərində qalan BMT qətnamələrini öz gücünə icra etdi. Əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verildi. Bununla da, rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri azad olundu. Üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana geri verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarıldı. 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. İkinci Qarabağ müharibəsi ilə düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Təcavüzkar Ermənistan ordusu darmadağın edildi. Hazırda 44 günlük müharibədə Azərbaycan ordusunun döyüş taktikası müzakirə edilir, qısa müddətdə düşməni necə darmadağın etməsi, hərb tarixinə gətirdiyi yeniliklər öyrənilir.
44 günlük şanlı qələbə şəhidlərimizin canı və qanı bahasına əldə olunmuşdu. Qələbəmizin payında vətənə canını fəda edən şəhidlərimiz, öz sağlamlıqlarını qurban verən qazilərimiz, müharibənin dəhşətləri içərisində yaralanan veteranlarımızdan əlavə belə mərd oğulları yetişdirən valideynlərin, heç nəyə baxmadan onları gözüyumulu cəbhəyə yola salan sadəqətli xanımların, ata yolu gözləyən uşaqların da böyük rolu var idi. Kaş ki, bütün mərd oğullarımız şanlı qələbə ilə nəticələnən müharibədən sağ-salamat geri qayıdaydı, heç bir uşaq atasız, heç bir valideyn övladsız, heç bir bacı qardaşsız, heç bir xanım yoldaşsız qalmayaydı. Amma qələbə əbəs yerə qazanılmır. Zəfər dastanını öz qanları ilə yazdı ərlər, ərənlər. Necə deyərlər, torpaq uğrunda ölən varsa, vətəndir.
Kim deyir şəhidlər ölür, yalandı,
Şəhidlər torpağa yeni can verir.
İllərdir yaralı idi Qarabağ,
Şəhidlər, qazilər ona qan verir.
44 gün ərzində Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoyan Vətən müharibəsində 2908 Azərbaycan hərbçisi şəhid oldu, mindən çox əsgər yaralandı, 7 nəfər itkin düşdü. Zəfər savaşında qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr əks-hücum əməliyyatlarının başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı 2020-ci 2 dekabr tarixində Sərəncam imzaladı. Bu, şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir. Artıq 3-cü ildir ki, xalqımız Anım Gününü kədərdən daha çox qürur, mərdlik günü kimi qeyd edir. Çünki 27 sentyabr - Anım Günü Azərbaycan üçün yeni mərhələnin başlanğıcıdır. Biz indi qalib ölkənin qalib xalqı kimi yaşayırıq, azad edilmiş torpaqları bərpa edirik. İllərlə öz doğma sakinlərini gözləyən o torpaqlara həyat yenidən qayıdır.
Jalə QASIMZADƏ,
“Respublika".