Bir milyondan çox mobil nömrə ilə şəbəkəyə qoşulan 8574 IMEI koda “klon” statusu verilib
Digər xəbərlər

Bir milyondan çox mobil nömrə ilə şəbəkəyə qoşulan 8574 IMEI koda “klon” statusu verilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC Azərbaycana gətirilən mobil cihazların surəti köçürülmüş IMEI kodlarla qeydiyyatdan keçirilməsinə qarşı intensiv mübarizə tədbirlərini davam etdirir.

25 may Nazirliyin mətbuat xidmətindən bildirilir ki, bununla bağlı “AzInTelecom” MMC mütəmadi olaraq monitorinq edərək surətinin köçürülməsi şübhəsi olan IMEI kodlar üzrə ətraflı araşdırma aparır. Nəticədə surətinin köçürüldüyü aşkarlanan IMEI koda “klon” statusu verilərək istifadəsi məhdudlaşdırılır. Həmin IMEI kodun köçürüldüyü cihazlar yalnız üzərində olan nömrələrlə telekommunikasiya şəbəkəsindən istifadəyə davam edirlər.

Görülən mübarizə tədbirləri çərçivəsində bu günədək 8574 IMEI koda “klon” statusu verilib. Həmin IMEI kodlar son üç ayda 1094473 ədəd mobil nömrəyə aid abunəçi kimliyi ilə şəbəkədə görünüb. Bu IMEI kodlarla 455 min dəfədən çox şəbəkəyə qoşulma cəhdinə Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) tərəfindən imtina cavabı verilib. “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”na əsasən, xaricdən gətirilən mobil telefonlar ölkə telekommunikasiya şəbəkəsində istifadə olunması üçün 30 gün ərzində qeydiyyatdan keçirilməlidir.

“Respublika”.