Bir millət, iki dövlət, bir yumruq!
Türk dünyası

Bir millət, iki dövlət, bir yumruq!

Bu sarsılmaz vəhdət növbəti uğurların, zəfərlərin anonsudur

"Heydər Əliyev demişdir ki, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Bu gün biz bunu isbatlayırıq. Bütün atalarımızın, əcdadlarımızın ruhu şaddır. Çünki Türkiyə və Azərbaycan bir yerdədir. Atam demişkən, "Bir millət, iki dövlət", əlavə etmək istəyirəm, bir yumruq!". Bu sözləri İstanbulda keçirilən "TEKNOFEST" aerokosmik və texnologiya festivalındakı çıxışında Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Azərbaycan Kahramanmaraşda şəhərcik inşa edəcək. Artıq layihənin təməli atılıb və 1 il ərzində zəlzələ zamanı evlərini itirmiş şəxslərə təhvil veriləcək. Şəhərcikdə min ev, məktəb, məscid və digər infrastruktur obyektləri inşa ediləcək. Qardaş ölkədə baş verən zəlzələ zamanı Azərbaycan dövlətinin, xalqının keçirdiyi hisslər, sıxıntılar mənəvi və maddi yardımların göstərilməsində öz əksini tapdı. Həm dövlət səviyyəsində, həm də sadə vətəndaşlar vasitəsilə yardım kampaniyasına başlanıldı. Yardımlar yenə də davam edir.

Türkiyədə baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılmasında ölkəmizin dəstəyini yüksək qiymətləndirən, Azərbaycan dövlətinin və xalqının bu müddətdə dostluğun, qardaşlığın nə demək olduğunu göstərdiyini vurğulayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "TEKNOFEST" festivalında çıxışında bildirib: "Təməlini bir az əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə atdığımız Kahramanmaraşdakı mənzillər üçün bir daha Prezident İlham Əliyevə çox təşəkkür edirəm. Bir siyasətçi üçün ən böyük xoşbəxtlik əməklərinin boşuna olmadığını görməsidir. Biz Türkiyə texnologiyasını inkişaf etdirmək üçün çox əmək sərf etdik".

Yeri gəlmişkən, bir mühüm məqamı da xatırladaq. Belə ki, Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün Şuşada keçirilməsi nəzərdə tutulsa da, Prezident İlham Əliyev Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar qardaş ölkəyə dəstək məqsədilə bu tədbirin Ankarada keçirilməsi təklifi ilə çıxış etdi. Digər iştirakçı ölkələrin rəhbərləri ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olundu və tədbir Ankarada keçirildi. Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, türk dünyasında qarşılıqlı dəstəyin bariz nümunəsi oldu.

"TEKNOFEST" aerokosmik və texnologiya festivalı iki ölkə arasında dostluğun, qardaşlığın və strateji müttəfiqliyin daha bir göstəricisi kimi bizi qürurlandırır. Ulu öndər Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" və ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" fəlsəfəsi ilə əsaslı təməl üzərində qurulan bu dostluq əlaqələri daim inkişaf etdirilir, gündən-günə daha da möhkəmləndirilir. Dövlətimizin başçısı qeyd edib ki, iki il bundan öncə Şuşa Bəyannaməsinin imzalanması ilə Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. O tarixi Bəyannamənin Qarabağın tacı olan Şuşada imzalanmasının xüsusi önəmi var. Şuşa Azərbaycan xalqının əziz şəhəridir, Türk dünyasının əziz şəhəridir. Bu gün Türkiyə Azərbaycanın ən etibarlı siyasi müttəfiqi, bərabərhüquqlu iqtisadi tərəfdaşıdır. Azərbaycan-Türkiyə münasibətləri iki qardaş xalqın mənafelərini təmin etməklə yanaşı, dünyada və bölgədə sülhün və əmin-amanlığın bərqərar olması işinə də öz töhfəsini verir. Azərbaycan-Türkiyə əlaqələrinin yüksək səviyyədə inkişafı təkcə bu dövlətlərin deyil, həm də regionun ümumi tərəqqisinə və sabitliyinə xidmət edir. Eyni zamanda, bu əlaqələrin möhkəmləndirilməsi türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini şərtləndirən ən mühüm amillərdən biri sayılır.

İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezidentinin və qardaş türk xalqının Azərbaycana olan böyük dəstəyi danılmazdır. Müharibənin ilk saatlarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Azərbaycan tək deyil, Türkiyə onun yanındadır" tarixi sözləri xalqımıza əlavə güc, ruh və inam verdi. 2020-ci il dekabr ayının 10-da Bakı şəhərində keçirilən tarixi Zəfər paradında Azərbaycan-Türkiyə əsgərlərinin çiyin-çiyinə hərbi paradda iştirak etmələri böyük dostluğun və qardaşlığın bariz nümunəsi idi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər paradında dünyaya bu mesajı ünvanlamışdı: "Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır. Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir".

Ötən il Türkiyənin ən böyük aerokosmik və texnologiya festivalının ilk dəfə olaraq Türkiyədən kənarda, məhz Azərbaycanda keçirilməsi də özlüyündə rəmzi məna daşıyırdı. "TEKNOFEST Azərbaycan"ın açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan, eləcə də Nobel mükafatı laureatı Əziz Səncər iştirak ediblər. Bu, Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinə xidmət göstərən böyük tədbir, müstəsna əhəmiyyət daşıyan tarixi hadisə olaraq yadda qaldı.

Azərbaycan Prezidenti deyib ki, qürur və iftixarla bir daha qeyd edək ki, Türkiyə son 20 il ərzində böyük və şərəfli yol keçmişdir. Cümhurbaşqanının liderliyi ilə Türkiyə dünya çapında söz sahibinə, bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin qarantına çevrilmişdir. Türkiyə böyük Türk dünyasının birləşməsi işində çox böyük rol oynadı. Türk dünyasının geniş coğrafiyası, böyük potensialı, zəngin təbii qaynaqları, sarsılmaz hərbi gücü var. Bu gün Türkiyə Avrasiyanın ticarət, enerji, nəqliyyat, o cümlədən siyasi mərkəzidir. Türk Ordusu bu gün dünya çapında ən öndə olan orduların sırasındadır. Türkiyənin müdafiə sənayesi bu gün bütün dünya tərəfindən qəbul edilir. Ən inkişaf etmiş, çağdaş, modern müdafiə sənayesi həm Türkiyəni, həm Azərbaycanı gücləndirir və uzun illər bundan sonra Türkiyənin təhlükəsizliyini təmin edəcəkdir.

İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında dövlət başçısı deyib ki, Selçuk bəy bu ayın əvvəlində, aprelin 3-də Azərbaycanda olarkən gələcək işbirliyi haqqında danışdıq və “Bayraktar” mərkəzinin Azərbaycanda yaradılması haqqında anlaşdıq. İnşallah, yaxın gələcəkdə Azərbaycanda "Bayraktar" mərkəzi yaradılacaq. Selçuq bəy Bakıda olarkən "Kızılelma"nın bir maketini hədiyyə etdi. Mən fürsətdən istifadə edərək "Kızılelma" ilə bağlı bütün qardaşlarımızı təbrik etmək istəyirəm və ümid edirəm ki, yaxın gələcəkdə "Kızılelma" Azərbaycanın səmasında da olacaqdır. "Kızılelma" havada, "Altay" və "Togg" quruda, "Anadolu" dənizdə - bugünkü Türkiyə budur.

Mustafa KAMAL,

"Respublika".