Bir evin deyil, bir elin övladı
Region

Bir evin deyil, bir elin övladı

2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun başladığı uğurlu əks-hücum əməliyyatları nəticəsində işğalda qalan torpaqlarımız, o cümlədən Füzuli şəhəri və rayonun işğal altında qalan kəndləri azad edilib. Füzulililər torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini əziz tutur, adlarını ehtiramla anırlar. Bir evin deyil, böyük bir elin oğlu kimi şöhrət qazanan Elçin Nəsirovun həyatı və qəhrəmanlığı yaddaşlarda əbədi yaşayacaq.

Elçin Nəsirov 1988-ci il yanvarın 13-də Füzuli rayonunun Əhmədalılar kəndində dünyaya göz açıb. Yeniyetmə çağlarından vətənpərvərliyi ilə seçilən Elçinin ən böyük arzusu hərbçi kimi Vətən keşiyində dayanmaq olub. Həqiqi hərbi xidməti zamanı hərbi sirlərə mükəmməl yiyələnən Elçin snayperçi olub. 2016-cı ilin Aprel döyüşlərindən sonra öz istəyi ilə müddətdən artıq hərbçi olaraq xidmətə başlayıb. Həmlə taborunun snayperçisi olan Elçin müharibənin ilk günlərindən döyüşlərə atılıb.

Açdığı dəqiq atəşlə düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib. Hadrut qəsəbəsinin və Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə qoçaqlığı ilə düşmənə göz açmağa imkan verməyib. Elçin Nəsirov oktyabrın 25-də Füzulidə Qorqan istiqamətində gedən gərgin döyüşlər zamanı şəhid olub.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Elçin Nəsirov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. Şəhidin ailəsi dövlət tərəfindən himayə olunur.

Bu günlərdə doğulub boya-başa çatdığı Əhmədalılar kəndində şəhid Elçin Nəsirovun xatirəsinin əbədiləşdirilməsi üçün bulaq inşa edilib. Bulaq kompleksinin açılışında rayon icra hakimiyyətinin nümayəndələri, şəhid ailələri, müharibə qaziləri və veteranları, kənd ictimaiyyəti, məktəblilər iştirak ediblər.

Mərasimdə qeyd olunub ki, Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Ordumuzun düşmən üzərində parlaq Qələbəsi Azərbaycanın tarixinin ən şanlı səhifəsidir. Haqq savaşı uğrunda canlarını fəda edən şəhidlərimizin ömür yolu və döyüşlərdə göstərdikləri qəhrəmanlıq gələcək nəsillər üçün əsl örnək olacaq. Belə qəhrəmanlarımız sırasında Nəsirov Elçin Ramiz oğlunun da adı var.

Salman ALIOĞLU,

"Respublika".