Bir evdə doğulub bir elə dayaq oldu...
Region

Bir evdə doğulub bir elə dayaq oldu...

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına şəhid olan Elvin Sarvan oğlu Şıxəliyevin anım günü boya-başa çatdığı və dəfn olunduğu Şirvan şəhərində qeyd edildi.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkili İltizam Yusifov, hüquq-mühafizə orqanlarının rəhbərləri, icra hakimiyyəti aparatının məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, döyüş yoldaşları, dostları Şirvan şəhər Şəhidlər Xiyabanında Elvin Şıxəliyevin məzarı önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad etdilər.
İcra hakimiyyətinin başçısı İlqar Abbasov şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirərək şəhidin atasına Vətənimiz üçün ləyaqətli övlad böyütdüyünə görə təşəkkür etdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açan icra başçısı həmin qələbədə payı olan Elvin kimi qəhrəman oğullarımızla bu gün hər birimizin fəxr etdiyini bildirdi. Şəhidlik zirvəsinə ucalan Elvinin təkcə şirvanlıların, doğma el-obasının oğlu deyil, bütöv Azərbaycanın oğlu olduğunu, onunla hər bir azərbaycanlının qürur duyduğunu vurğuladı. Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları ilə bağlı dövlətimizin mühüm tədbirlər gördüyünü diqqətə çatdırıb şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini söylədi.
Şəhidin məzarı önündə çıxış edən millət vəkili İltizam Yusifov 25 illik qısa ömür yaşasa da şanlı tariximizə adını yazan, xalqımıza zəfər sevinci yaşadan Elvinin ömür yolunun gənclərə nümunə olduğunu, gələcək nəsillərin vətənpərvərlik tərbiyəsində əhəmiyyətli rol oynayacağını diqqətə çatdırdı. Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Elvinin xatirəsinin daim əziz tutulacağını bildirdi.

Tədbir iştirakçıları şəhid Elvin Şıxəliyevin xatirə bulağının, xatirə lövhəsinin, xatirə guşəsinin açılışında iştirak etdilər. Şəhidin keçdiyi ömür yolundan, mərdliyindən, şücaətindən söz açanlar bir daha qeyd etdilər ki, Elvin Şıxəliyev Vətən müharibəsində aparılan döyüş əməliyyatlarında göstərdiyi şücaətə və igidliyə görə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Sonda şəhidin atası Sarvan Şıxəliyev çıxış edərək övladı ilə qürur duyduğunu bildirdi. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə etdi.

Tofiq HÜSEYN,

“Respublika”.