Bir addım da geri çəkilməyəcəyik
Digər xəbərlər

Bir addım da geri çəkilməyəcəyik

Bölgədə baş verən hadisələr göstərir ki, Ermənistan və Xankəndidəki xunta rejimi Cənubi Qafqazda sülhün, əmin-amanlığın, dialoqun, dinc qonşuluğun yaranmasına ciddi əngəl törədir, başqa xalqlara qarşı təhdid yaradır, qarşıdurmadan,  düşmənçilikdən, terrorçuluqdan əl çəkmir, Qarabağda firavan gələcəyə böyük təhlükədir. Erməninin sözü ilə əməli heç vaxt düz gəlmir, dildə başqa söz deyir, əməldə isə həqiqətin üzərinə kölgə salır, dezinformasiya yayır. Bir aydan artıqdır ki, azərbaycanlı gənclər, ekofəallar, könüllülər ermənilərin Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda etiraz aksiyası keçirir, erməni cinayətlərinə son qoyulması üçün şüarlar səsləndirir, ekoloji terrora qarşı haqq səslərini ucaldırlar, talana son qoyulmasını tələb edirlər. Xankəndidəki oğru, separatçı rejimin nümayəndələri, Qarabağa heç bir aidiyyəti olmayan, Azərbaycanın bu qədim şəhərində qəflətən peyda olan, özünü qurama "nazir" elan edən Vardanyan və onların əlaltıları "120 minlik Artsax xalqı"nın blokadaya alındığı, ərzaq və dərman çatışmazlığı haqqında yalan məlumatlarla beynəlxalq ictimaiyyətin fikrini çaşdırır, mübarizədən, müstəqillikdən dəm vurur, eyni zamanda, fəalların aksiyasını təhdid edirlər.

Ermənilər daha çox həyasızlıqla və saxtakarlıqla Xankəndidə və ətraf ərazilərdə "humanitar fəlakət" və hətta "soyqırımı" törədildiyini iddia edirlər. Diqqətə çatdıraq ki, həmin bu ermənilərin babaları, ataları iki yüz ildən çoxdur ki, "soyqırımı" terminindən gen-bol istifadə ediblər. XX əsrdə haylar türk xalqlarına qarşı etnik təmizləmə və soyqırımı törətsələr də idbarcasına bu məsələdə başqalarını günahlandırır, saxta tarix quraşdırıb xəstə və sərsəm ideyaların əsirinə çevriliblər. Xankəndidəki erməni cinayətkar çete də öz əcdadlarının yalan və iftira düsturundan istifadə edir, hamını günahkar sayaraq yalnız ermənilərin ağ süddən də "təmiz" və günahsız olduğunu tutuquşu kimi təkrarlayır. "Humanitar fəlakət", "soyqırımı" sözləri ermənilər tərəfindən o qədər yersiz və mənasız yerə səsləndirilir ki, sözün əsl mənasında, bu, adamda ikrah hissi yaradır. Çünki etiraz aksiyası keçirilən həmin yoldan hər gün onlarla yük maşını maneəsiz keçir, humanitar yüklər daşınır. Zənnimizcə, erməniləri başqa məsələ narahat edir. Xankəndidə, Ağdərədə gizlənmiş qanunsuz erməni silahlı dəstələri üçün silah-sursat daşınmasının qarşısı alınıb, erməni cinayətkarlar çəmbərin daraldığını hiss etdikləri üçün son nəfəslərində çırpınmağa məcburdurlar. Talançı, oğru və fırıldaqçı R.Vardanyan dil boğaza qoymadan iddia edir ki, Qarabağda "120" min erməni yaşayır, ancaq onu heç bir sənədlə əsaslandıra bilmir. Əldə olan sənəd və rəqəmlər isə Vardanyanın nə qədər yalançı, saxtakar olduğunu göstərir. Məlum olduğu kimi, 2020-ci ilin axırlarından etibarən Rusiya sülhməramlı qüvvələrinin iştirakı ilə Xankəndidən və ətraf ərazilərdən qaçan ermənilərin geri qaytarılmasına başlanılıb.

Əslində, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərə qayıdan ermənilərin sayında uyğunsuzluq ilk baxışdan diqqət cəlb edir. Misal üçün, sülhməramlıların rəhbərliyi noyabrın 28-də mediaya açıqlamada bildirib ki, 2431 nəfər erməni geri qaytarılıb. Həmin tarixdə isə erməni mənbələri 2115 nəfərin geri qayıtdığını elan ediblər. Nəyin xatirinə görəsə rəqəmlərin şişirdilməsində Rusiya sülhməramlıları kontingentinin daha çox canfəşanlıq etdiyinin şahidi oluruq. Buna əyani misal göstərək. Erməni mənbələri 14 noyabrdan 29 noyabra qədər Xankəndiyə və ətraf ərazilərə 23500 nəfərin qayıtdığını bildirsə də, Rusiya sülhməramlıları bu rəqəmi 25 min göstərib. Bundan başqa, Xankəndidəki xunta rejimi Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasındakı erməni kəndlərində ötən il bələdiyyə "seçki"ləri keçirib. Azərbaycan ərazilərində rusların arxasında gizlənərək oyuncaq "dövlət" oyunu oynayan erməni cinayətkarlar dinc ermənilərin başını "seçki"lərlə qataraq özlərini bu torpaqların "sahibi" olduqları görüntüsünü yaradırlar. Faydası yoxdur, həqiqətin üzərinə kölgə sala bilməyəcəklər. Bu günlərdə Yerevanda səfərdə olan Fransa Milli Assambleyasının spikeri Yael Bron-Pive bildirib ki, Paris beynəlxalq hüquqa uyğun olaraq Qarabağın müstəqilliyini tanımır. İrəvanda keçirilən mətbuat konfransında fransalı spiker bildirib ki, Fransanın bu mövqeyi beynəlxalq normalara uyğundur. Yael Bron-Pive vurğulayıb ki, Fransa Azərbaycan və Ermənistan arasında sülh dialoqunun bərpasına ümid edir. Bu gün biz hesab edirik ki, ən vacibi sülh yolu ilə nizamlanma və sülh dialoqunun bərpasıdır. Bütün səylərimiz buna yönəlib. Bu gün biz hesab edirik ki, sülh yolu ilə nizamlanmadan başqa vasitələrə əl atmaq yersizdir, çünki sülh yolu ilə nizamlanma və dialoq tükənməyib. Təbii ki, Xankəndidəki cinayətkar rejim və R. Vardanyan bu sözlərdən sonra çox məyus olublar, çünki güvəndikləri "dağ"a qar yağıb.

Say məsələsinə qayıdaq. Seçici siyahıları üzrə hesablamalar və müharibədən sonra Xankəndiyə və ətraf ərazilərə qayıdan ermənilərin sayı onu göstərir ki, Qarabağda yaşayan ermənilərin ümumi sayı 25 min nəfərə yaxındır. Bu rəqəmdən sonra Vardanyanın riyazi savadına və ağlına çox böyük şübhə yaranır, çünki ağlı başında olan adam bu qədər şişirtməyə, saxtakarlığa yol verməz.

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Laçın-Xankəndi yolunda keçirilən aksiyaya münasibət bildirərək deyib ki, Laçın-Xankəndi yolunda etiraz aksiyası keçirən gənclər bizim fəxrimizdir. Gecə-gündüz şaxtalı-qarlı havada oradadırlar, öz haqlarını tələb edirlər və bir daha Azərbaycan gəncinin nə qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərirlər. Bunun, necə deyərlər, bir addımlığında separatçılar dünyaya tamamilə yalan informasiya ötürməklə məşğuldurlar.

Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyi vətəndaş cəmiyyəti nümayəndələrinin dinc etirazlarına səbəb olan Ermənistan və digər cinayətkar ünsürlər tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarından ciddi narahatdır və ətraf mühitə ciddi zərər verən bu cür beynəlxalq hüquq pozuntularını pisləyir. Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarı, Ermənistana aparılması, Ermənistan silahlı qüvvələrinin tör-töküntülərinin Azərbaycan ərazisində qanunsuz mövcudluğu və ərazilərin minalanması Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması prosesinə xələl gətirir, regionda sülh və sabitliyin təmin olunmasına xidmət etmir.

Uydurma, saxta erməni yalanlarına deyəsən vicdanlı ermənilər də inanmır, Vardanyanı "xilaskar" kimi qarşılayan Xankəndidəki və ətraf ərazilərdə yaşayan Azərbaycanın erməni vətəndaşları onun yalan vədlərindən yorulduqlarını bildirir, onları ağır həyat şəraitinə məcbur edən separatçıların təzyiqindən bezdiklərini söyləyirlər. Laçın-Xankəndi yolunda etiraz aksiyası keçirən gənclərin isə qəti mövqeyi belədir ki, talana və cinayətə son qoyulmayana qədər bir addım da geri çəkilməyəcəklər.

Salman ALIOĞLU,

"Respublika".