Biləsuvar: Dövlət müstəqilliyimiz yenilməzdir
Region

Biləsuvar: Dövlət müstəqilliyimiz yenilməzdir

15 iyun 2021-ci il tarixdə Biləsuvar rayonundakı Heydər Əliyev Parkında Azərbaycan xalqının tarixində ən möhtəşəm və tarixi əhəmiyyətli günlərdən biri  15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə  Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdi.  İştirakçılar öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzüb, əziz xatirəsini ehtiramla yad etdilər. Tədbir iştirakçıları  Mərkəzdə ulu öndərin həyat və fəaliyyətindən bəhs edən fotoşəkillərə baxıb və sənədli filmə tamaşa etdilər.
Bildirildi ki, ulu öndər Heydər Əliyevin  şəxsiyyət kimi böyüklüyünü təcəssüm etdirən ən başlıca xüsusiyyətlərdən biri ümumxalq mənafeyi ilə bağlı məsələlərdə onun heç bir təhlükədən çəkinməməsi, cəsarət və qətiyyət göstərməsi idi. Həmin dövr çox ziddiyyətli və təhlükəli idi. Azərbaycan müstəqilliyini demək olar ki, yenidən itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Ölkə əslində idarə olunmurdu.

Hər bir xalqın ən çətin günündə üz çevirdiyi, özünə arxa-dayaq hesab etdiyi lideri olur. Tanrı belə şəxsiyyətlərə həm də xilaskarlıq missiyası verir, onlar xalqın inam və etimadlarını reallaşdırmağa nail olurlar. Çünki liderlik, məhz lazımi anda cəsarət nümayiş etdirmək bacarığıdır. Azərbaycan xalqının da belə çətin məqamlarda ümid bəslədiyi, xilaskar rolunda gördüyü yeganə şəxsiyyət dünya şöhrətli lider Heydər Əliyev idi.
Xalqımız üzünü öz liderinə tutdu, onu köməyə səslədi, lider də xalqın çağırışına səs verdi, xilaskarlıq missiyasını üzərinə götürdü.
Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdrik uzaqgörənlik və əzmkarlıq Milli Qurtuluşumuzun əsasını qoydu. Ölkədə milli barış və inkişaf dövrü başladı. Tezliklə Dağlıq Qarabağda atəşkəs imzalandı. İqtisadi sahələri tənzimləyən qərarlar qəbul edildi, ordu quruculuğunun təməli qoyuldu.

Bu gün xalqımız ulu öndər Heydər Əliyevin siyasi varisi möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında müstəqillik yollarında inamla irəliləyir. Ümummilli liderimizin dediyi kimi, “Azərbaycanın dövlət müstəqilliyi yenilməzdir,dönməzdir, əbədidir. Azərbaycan əbədi müstəqil bir dövlətdir!”

     Ərəstun  ABDULOV,

“Respublika”.