Beynəlxalq yarışlarda Astara idmançılarının uğurları
Region

Beynəlxalq yarışlarda Astara idmançılarının uğurları

Son illər rayonun idmançıları respublika və beynəlxalq yarışlarda yüksək uğurlara imza atırlar. Bu günlərdə Dünya Budo Döyüş Növləri Federasiyasının Bakı şəhərində keçirilən budo üzrə açıq beynəlxalq çempionatında Astara komandası fəxri yerə layiq görülüb.

Azərbaycan, Türkiyə, Pakistan, İraq, Özbəkistan, Tacikistan, Qırğızıstan və Türkmənistandan 300 nəfərə yaxın idmançının mübarizə apardığı beynəlxalq çempionatda astaralı idmançılar 4 qızıl və 3 gümüş medal qazanıblar. Free kontakt versiyası üzrə 40-60 kiloqram çəki dərəcələrində Səbinə Səmədzadə, Mirzə Əliyev, Ümüd Zeynallı və Orxan Mirzəyev I yerə, 30 və 25 kiloqram çəki dərəcələrində Sərdar Həmidzadə, Hasil Yusifli və Şəhriyar Mərufzadə II yerə çıxıblar.

Astara Rayon İcra Hakimiyyətində qalib idmançılarla görüş keçirilib. Ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından, nüfuzlu beynəlxalq tədbirlərdə Astara idmançılarının nailiyyətlərindən, uğurlarından söhbət açılıb.  

Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev müstəqil Azərbaycanın dünyada nüfuzlu idman ölkəsi kimi tanındığını, beynəlxalq idman tədbirlərinin Bakıda keçirilməsinin artıq ənənə halını aldığını bildirib. Mötəbər idman yarışlarının paytaxtla yanaşı bölgələrdə yüksək səviyyədə təşkili sevinc, qürur doğurur, idmançıları yeni qələbələrə ruhlandırır. İdmana və idmançılara göstərilən davamlı qayğının nəticəsidir ki, gənclər beynəlxalq yarışlarda qalib gələrək şanlı üçrəngli bayrağımızı yüksəklərə qaldırırlar.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.