Beynəlxalq və regional təhlükəsizliyə töhfə
Siyasət

Beynəlxalq və regional təhlükəsizliyə töhfə

Artıq bütün dünyaya məlumdur ki, 44 günlük Vətən müharibəsində tarixi zəfərlə dövlətimizin ərazi bütövlüyü bərpa edilib. Bu zəfər bizi 30 il erməni işğalı altında qalan torpaqlarımıza qovuşdurmaqla yanaşı, həm də qardaş Türkiyə Respublikası ilə dostluq əlaqələrimizin daha da möhkəmlənməsinə səbəb oldu. İşğal olunmuş torpaqların azad edilməsində Türkiyənin mənəvi-siyasi dəstəyi xalqımız və cənab Prezidentimiz tərəfindən yüksək qiymətləndirilir.

Hələ müharibənin ilk saatlarından Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycanın tək olmadığını, Türkiyənin Azərbaycanın yanında olduğunu bildirmişdir. İşğaldan azad olunmuş torpaqlarda cənab Prezidentin görüşdüyü ilk dövlət başçısı da məhz Türkiyə Prezidenti oldu və Azərbaycan üçün çox önəmli bir tarixdə - Milli Qurtuluş Günündə, Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi imzalandı. Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyətə malikdir, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətləri bu Bəyannamə ilə öz zirvəsinə yüksəldi.

Bəyannamə Azərbaycan və Türkiyə əlaqələrinin demək olar ki, bütün sahələrini əhatə edir. İlk növbədə, 2010-cu il avqustun 16-da “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” Müqavilə imzalanmışdı və bu müqavilədə tərəflərin hərbi-siyasi və təhlükəsizlik məsələlərində, eləcə də qonşu və qardaş dövlətlər olaraq bir-birinin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının təmin olunmasında və qorunmasında bir-biri ilə sıx əməkdaşlıq edəcəyi öz əksini tapmışdır. Bu da onu göstərir ki, möhkəm hüquqi bazaya əsaslanan Bəyannamədəki hərbi yardım barədə müddəalar hər iki ölkənin parlamentində təsdiq edilmiş həmin dövlətlərarası müqavilənin hərbi-siyasi və təhlükəsizlik məsələlərinə dair 1-ci, 2-ci və 3-cü maddələrində öz əksini tapmışdır. Bu fikirlərin Şuşa Bəyannaməsinin müddəalarında yenidən ifadə olunması Ermənistan da daxil olmaqla dünya ictimaiyyəti, o cümlədən regional dövlətlər üçün ciddi siyasi mesajdır. Bu onu bildirir ki, Azərbaycan təhdid və işğalla qarşılaşarsa, Türkiyə təkcə mənəvi-siyasi deyil, həmçinin hərbi dəstək göstərmək hüququna malikdir.

 Deməli, Şuşa Bəyannaməsi iki dövlət arasında hazırkı əməkdaşlıq münasibətlərini tənzimləyən sənəd olmaqla bərabər, həm də gələcək münasibətlər, dövlətlərimizin təhlükəsizliyi üçün zəmanətdir. Cənab Ali Baş Komandan bununla əlaqədar demişdir: “Bu onu göstərir ki, biz həmişə bir yerdə olacağıq və bir-birimizin təhlükəsizliyini təmin edəcəyik”.

Bu baxımdan Bəyannamənin bir bəndini xüsusilə qeyd etməliyik: “Tərəflərin Təhlükəsizlik Şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclasları keçiriləcəkdir və bu iclaslarda milli mənafe, tərəflərin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi həyata keçiriləcəkdir”.

Bildiyimiz kimi, Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası milli təhlükəsizlik məsələləri üzrə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 27-ci bəndinə əsasən yaradılan məşvərətçi orqandır və Şuranın sədri cənab Prezidentdir. Təhlükəsizlik Şurası milli təhlükəsizliyin təmin edilməsi sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, dövlətin xarici və daxili təhlükəsizliyinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı təkliflər verir, milli təhlükəsizliyin təmin edilməsi, habelə dövlətin konstitusiya quruluşunun, suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün qorunması, ölkədə daxili təhlükəsizliyin və ictimai-siyasi sabitliyin vəziyyəti ilə bağlı məsələlərə baxır. Bundan sonra iki dövlətin Təhlükəsizlik şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi, bu iclaslarda milli mənafe ilə yanaşı, tərəflərin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə etməsi region üçün olduqca əhəmiyyətli hadisədir.

Qərb və Şərqin qovuşduğu və ölkəmizin də yerləşdiyi bu əlverişli region daim dünya dövlətlərinin diqqət mərkəzində olub. Hazırda Cənubi Qafqaz regionunda yerləşən üç dövlətdən ikisi hərbi təhlükəsizlik baxımından ittifaq hədəflərini müəyyən ediblər. Belə ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Gürcüstan isə NATO-ya üzvlük istəyini açıq şəkildə bildirir. Bizim üçün başlıca məqsəd isə hərbi gücümüzün ən yüksək səviyyəyə çatdırılması, Vətən müharibəsində qazanılmış qələbənin qorunub saxlanılması, həm regional, həm də beynəlxalq səviyyələrdə təhlükəsizlik funksiyalarının yüksək həddə həyata keçirilməsidir. Ölkəmizin milli təhlükəsizlik konsepsiyasında göstərilmişdir ki, Azərbaycan Respublikası Avratlantik Tərəfdaşlıq Şurası və NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində NATO ilə mümkün olan tərəfdaşlıq vasitələrindən tam gücü ilə istifadə edir. Azərbaycan ilə Rusiya arasında mövcud olan münasibətlər də regionun sabitliyi və inkişafı üçün mühüm amildir. Azərbaycan Respublikası Rusiya Federasiyası ilə ikitərəfli əsaslarda, eləcə də Avropa regional təşkilatları, xüsusilə də MDB çərçivəsində çoxtərəfli əsaslarda təhlükəsizliyin təmin edilməsi sahəsində strateji tərəfdaşlıq və əməkdaşlıq edir. Biz həmçinin Qoşulmama Hərəkatının da üzvüyük. Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olması, digər tərəfdən Türkiyənin NATO-nun üzvü olması faktı da nəzərə alınmalıdır.

Belə bir mürəkkəb və əhəmiyyətli geosiyasi vəziyyətdə Təhlükəsizlik şuraları səviyyəsində Türkiyə ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirə edilməsi ölkəmizin təhlükəsizliyinin təmin edilməsində olduqca mühüm əhəmiyyət kəsb edərək həm Azərbaycanın qeyd etdiyimiz mürəkkəb qlobal geosiyasi sistemə inteqrasiyasını sürətləndirəcək, həm də regionda Azərbaycanın mühüm söz haqqına sahib ölkə olması faktını bir qədər də gücləndirəcək. Nəticə olaraq ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsi ölkələrimizin regional və beynəlxalq çəkisini daha da artıracaq. Bu, həm də regional və qlobal təhlükəsizliyə töhfə verəcək.

Torpaqlarımızın 30 il işğal altında qaldığı dövrdə BMT-nin qətnamələrinin icra edilməməsi, ATƏT-in Minsk qrupunun qeyri-fəallığı, bəzi dövlətlərin birtərəfli münasibəti bizə haqq vermişdir ki, qardaş ölkə Türkiyə ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini birgə həll edərək gələcəkdə eyni ədalətsizliklərlə qarşılaşmamaq üçün milli maraqlarımızı birgə qoruyaq və milli təhlükəsizliyimizə qarşı təhdidləri birgə dəf edək.

Beynəlxalq və regional təhlükəsizliyə töhfə vermək hər zaman Azərbaycanın milli təhlükəsizlik siyasətinin əsas istiqamətlərindən biri olub. Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyasında birbaşa göstərilib ki, Azərbaycan Respublikası beynəlxalq sülhün və sabitliyin qorunub saxlanmasına yönəlmiş birgə tədbirlərdə iştirak etməklə, beynəlxalq və regional təhlükəsizliyə töhfə vermək üçün davamlı səylər göstərir. Biz ən həssas bölgələrdə vəziyyətin sabitləşməsinə çalışırıq. Azərbaycan sülhməramlıları Əfqanıstanda NATO-nun başçılığı ilə həyata keçirilən sülhməramlı əməliyyatlarda beynəlxalq koalisiyanın tərkibində təhlükəsizliyin təmin olunmasında iştirak edirlər. 2001-ci ilin 11 sentyabrında Amerika Birləşmiş Ştatlarında baş verən terror hücumlarından sonra beynəlxalq gündəliyin ən vacib məsələlərindən birinə çevrilən terrorçuluğa qarşı mübarizəni tam dəstəkləyən Azərbaycan Respublikası istənilən pərdə altında həyata keçirilən terror fəaliyyəti əleyhinə bir sıra mühüm addımlar atmışdır. Azərbaycan Respublikası beynəlxalq terrorçu təşkilatlara qarşı mübarizəni dəstəkləmək məqsədilə öz hava məkanını və hava limanlarını açıq elan etmişdir. Ölkəmiz həmçinin qlobal və regional səviyyədə terrorçuluğa qarşı mübarizə məqsədilə qəbul edilmiş bütün konvensiyaların iştirakçısıdır.

Qardaş ölkə ilə Təhlükəsizlik şuralarının birgə iclaslarında regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi bizim qeyd etdiyimiz beynəlxalq və regional təhlükəsizliyə töhfə vermək səylərimizi daha da səmərəli edəcəkdir.

Hazırda ölkələrimiz BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu təşkilatlar daxil olmaqla, bir çox beynəlxalq təşkilatlarda birgə iştirak edir. Regional və beynəlxalq təhlükəsizlik məsələlərinin Türkiyə ilə ikitərəfli müzakirəsi həm də beynəlxalq məsələlər üzrə qardaş ölkə ilə həmrəyliyimizi daha da artıracaq və dövlətlərimizin üzv olduğu beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığını daha da faydalı edəcəkdir.

Bir daha qeyd edək ki, iki dövlətin birlikdə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə etməsi və bu sahədə ortaya çıxan problemləri həll etməsi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi üçün mühüm vasitə olacaq.

Ziyafət Əsgərov,

Milli Məclisin Müdafiə, Təhlükəsizlik və

Korrupsiya ilə Mübarizə Komitəsinin sədri.