Beynəlxalq təşkilatların daha fəal və obyektiv işləməsi üçün islahatlar zəruridir
Siyasət

Beynəlxalq təşkilatların daha fəal və obyektiv işləməsi üçün islahatlar zəruridir

"...İndi isə xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra yeni düzənin yaradılması artıq labüddür, bunun başqa yolu yoxdur. Çünki ənənəvi təsisatlar səmərəli qaydada fəaliyyət göstərmirlər və bundan sonra da göstərməyəcəklər. Azərbaycan Qarabağ müharibəsindən sonra dəyişdi, dünya da dəyişdi Rusiya-Ukrayna müharibəsindən sonra. Bax bu iki dəyişiklik demək olar ki, zaman baxımından paralel gedən proseslərdir". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib.İkinci Qarabağ müharibəsinin nəticələri bölgədə güc balansını xeyli dəyişdirdi. Bu vaxtadək bölgədə rolu məhdud olan Türkiyə əhəmiyyətli təsir gücünə malik bir aktora çevrildi. Rusiya Azərbaycan ərazisində öz sülhməramlı kontingentini yerləşdirdi, regionun qonşuları və Cənubi Qafqazın üç ölkəsinin iştirakı ilə yeni, 3+3 əməkdaşlıq platformasının qurula biləcəyi elan edildi. Azərbaycan işğaldan azad olunmuş ərazilərdə geniş quruculuq işlərinə başladı, dost ölkələri bu prosesə cəlb etdi.

Bu gün Azərbaycan özünün qərbində olan qonşuları Gürcüstan və Türkiyə, şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğu üçün ölkəmiz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırıb. Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır. Dəniz limanının qabiliyyəti 15 milyon tondan 25 milyon tona qədər genişlənəcək və artıq bunun üçün vəsait ayrılıb. Azərbaycan qazının Avropaya çatdırılması istiqamətində layihələr uğurla reallaşdırılır. 2021-ci ildə ixracımız təqribən 8 milyard kubmetrdən çox olub. Bu il ixracın ən azı 11,6 milyard kubmetrə çatdırılması gözlənilir. 2027-ci ilə qədər təchizatın iki dəfə artırılacağı nəzərdə tutulur.

Yaşıl enerji ilə bağlı potensial böyükdür və Xəzər dənizinin külək potensialı 157 qiqavatdır. Qurudakı potensial 27 qiqavat təşkil edir. Eyni zamanda, iki il bundan əvvəl aparılmış Vətən müharibəsində işğaldan azad etdiyimiz ərazilərdə 10 qiqavat potensial mövcuddur.

Azərbaycan yalnız iqtisadi cəhətdən deyil, eyni zamanda uğurlu xarici siyasətlə də beynəlxalq arenada öz yerini tutub. Beynəlxalq siyasətdə Azərbaycan çox aktiv rol oynayır.

2022-ci ilin fevralında başlayan Rusiya-Ukrayna müharibəsində (daha geniş anlamda Rusiya-NATO və ya Rusiya-kollektiv Qərb toqquşması) diqqətini, resurslarını Ukraynaya yönəldən və Cənubi Qafqazda həll edilməmiş mühüm məsələləri təxirə salmağa çalışan Kremlin vasitəçi rolunun azalması ilə Avropa Birliyi bölgəyə daxil oldu.

Ukraynada münaqişənin aktiv fazaya qədəm qoyması və müharibənin başlanmasından iki gün öncə Prezident İlham Əliyevin Moskvaya səfəri və Azərbaycan-Rusiya arasında hərbi-diplomatik əməkdaşlığın artırılması ilə bağlı ittifaq müqaviləsinin imzalanması bir çox dairələr tərəfindən münaqişədə "Rusiyanın tərəfində yer almaq" kimi dəyərləndirilsə də, ölkə rəhbəri bunu rədd edərək bu səfər və müqavilənin hərbi əməliyyatların başlanmasından daha əvvəl planlaşdırıldığını bildirmişdi. Prezident İlham Əliyev, həmçinin Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsinin yersizliyini söyləmiş, potensialı, imkanları və coğrafiyasına görə Rusiyanın istənilən sanksiyaya qarşı müqavimət gücünə malik olduğuna diqqət çəkmişdi. Ümumiyyətlə, Bakı bu iki müttəfiqi arasında balansı ehtiyatla qorumağa çalışır. Bakı Rusiyanın Avropa Şurasının üzvü olaraq qalıb-qalmaması ilə bağlı keçirilən səsvermədə də iştirak etmədi. Habelə, BMT Baş Assambleyasında səsə qoyulan və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən, Rusiyanı Ukraynadan çıxmağa çağıran qətnamənin qəbul edilməsi ilə bağlı səsvermədə də Azərbaycan iştirak etməyən 8 ölkə arasında idi. Eyni zamanda, Azərbaycan Ukraynaya humanitar yardımlar göndərir və Ukrayna Ordusuna SOCAR-ın yanacaqdoldurma məntəqəsindən pulsuz yanacaq tədarük etməsinə icazə verirdi.

Azərbaycanın bu balanslaşdırıcı aktlarının doğruluğu bir neçə aydan sonra özünü göstərdi. Belə ki, sentyabrın 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatına cavab olaraq başladılan və iki gün davam edən hərbi əməliyyatlar əsnasında Ukrayna ictimaiyyəti Azərbaycana azərbaycanlıların onlara Rusiya ilə müharibədə verdiyi dəstəyi göstərmədi.

Bəli, Rusiya-Ukrayna müharibəsindən sonra dünya dəyişməyə doğru gedir. Dəyişən həm də öz funksiyasını yerinə yetirə bilməyən beynəlxalq təşkilatlar olmalıdır. Bəs dünyanın yeni düzəni, beynəlxalq institutlar, Birləşmiş Millətlər Təşkilatı necə olacaq?!.

Azərbaycan Prezidenti yerli televiziya kanallarına müsahibəsində bununla bağlı deyib: "BMT-yə gəldikdə isə BMT-yə bizim münasibətlərimiz indi bəllidir. Təhlükəsizlik Şurasının dörd məşhur qətnaməsinin icra edilməməsi bu təşkilatın nüfuzuna, əlbəttə ki, əgər belə yumşaq demək mümkündürsə əlavə dəyər qatmadı. Amma indiki şəraitdə artıq təkcə biz yox, bir çox ölkələr deyirlər və israrla deyirlər ki, ciddi islahatlara ehtiyac var, xüsusilə Təhlükəsizlik Şurasının tərkibinə yenidən baxılmalıdır. Mən də bu fikrin tərəfdarıyam. Mən hesab edirəm ki, Təhlükəsizlik Şurasının formatı artıq köhnəlib və bunu tarix göstərir, 80 il bundan əvvəl yaranıb, İkinci Dünya müharibəsindən sonra. İndi faktiki olaraq Üçüncü Dünya müharibəsi gedir, kim bunu necə adlandırır adlandırsın".

Dövlət başçısı BMT Təhlükəsizlik Şurasında yeni üzvlərin olmasının, bir müsəlman ölkəsi üçün burada daimi yer ayrılmasının vacibliyini də vurğulayıb. Həmçinin, Qoşulmama Hərəkatına da bir yer verilməli olduğunu bildirib. Dünyanın qütbləşdiyini, qarşıdurmanın, Qərblə Rusiya arasında uçurumun dərinləşdiyini və bu boşluğu dolduran güc mərkəzi kimi Qoşulmama Hərəkatının və İslam Əməkdaşlıq Təşkilatının üzvlərindən birinin təşkilatda çıxış edə biləcəyini də deyib.

Çağdaş dünyamızın belə böhranlı vəziyyətində müxtəlif hərbi-siyasi güc mərkəzləri arasında var-gəl edən və onlardan yardım dilənən Ermənistandan fərqli olaraq Azərbaycan İkinci Qarabağ müharibəsində qazandığı zəfərin üstünlüyü ilə diplomatik meydanda da regional güc balansını əsas tutaraq öz milli-suveren maraqları uğrunda mübarizə aparır.

Zümrüd QURBANQIZI,

"Respublika".