BEYNƏLXALQ TƏLİMLƏR ORDUMUZUN DÖYÜŞ QABİLİYYƏTİNİ ARTIRIR
Digər xəbərlər

BEYNƏLXALQ TƏLİMLƏR ORDUMUZUN DÖYÜŞ QABİLİYYƏTİNİ ARTIRIR

Silahlı Qüvvələrimizin NATO-nun “Qətiyyətli dəstək” missiyasında fəal iştirakı onun gücünü və potensialını göstərir

Azərbaycan son illər ərzində ordu quruculuğu sahəsində, silahlı qüvvələrin taktiki döyüş hazırlığının və maddi-texniki təminatının yaxşılaşdırılması, modernləşdirilməsi yönündə böyük uğurlar əldə etmişdir. Bu baxımdan dünyanın aparıcı ölkələri ilə hərbi, müdafiə və təhlükəsizlik sferasında əməkdaşlıq tam qanunauyğundur və Silahlı Qüvvələrimizin inkişafı baxımından böyük önəm kəsb edir. 44 günlük müharibədə böyük uğurla aparılmış hərbi əməliyyatlar zamanı dünya Azərbaycan Ordusunun hərbi hazırlıq səviyyəsini, texniki təminatını əməli fəaliyyətdə gördü.

Əlbəttə, bu tarixi Zəfər əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurla davam etdiriyi ordu quruculuğu siyasətinin məntiqi nəticəsi oldu. Həmin siyasət, eyni zamanda, tərəfdaş ölkələrlə, o cümlədən Türkiyə, Rusiya, İsrail, Pakistan, Belarus və Avropanın bir sıra böyük dövlətlərilə hərbi əməkdaşlığın yüksək səviyyədə təşkil edilməsini özündə ehtiva edir.

Həmçinin ölkə daxilində və xaricdə təşkil edilən təlimlərdə Ordumuzun iştirakı da qeyd edilməlidir. Tərəfdaş ölkələrlə bir çox təlimlərdə, o cümlədən NATO çərçivəsində beynəlxalq təlimlərdə Silahlı Qüvvələrimizin iştirakı ordumuzun potensialının, müdafiə qabiliyyətinin yüksəldilməsinə səbəb olmuşdur. Bu əməkdaşlıq çərçivəsində Azərbaycanın NATO-nun “Qətiyyətli dəstək” əməliyyatına qoşulması xüsusilə təqdirəlayiqdir.

Ümumiyyətlə, ölkəmiz 2003-2014-cü illərdə NATO-nun rəhbərliyi ilə Əfqanıstanda həyata keçirilən Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri tərkibində döyüş əməliyyatına hərbi kontingenti ilə öz töhfəsini vermişdir. İlkin mərhələdə 22 nəfərdən ibarət olan heyət sonradan 90 nəfərədək artırılıb.

2015-ci ildən başlayaraq Azərbaycan NATO-nun “Qətiyyətli dəstək” əməliyyatına əhəmiyyətli hərbi, maliyyə, təlim və tranzit məsələlərinə dəstək verməkdə davam edib. Qeyd edilməlidir ki, ölkəmizin 2018-ci ildə əməliyyat missiyasındakı hərbi kontingentinin sayı 94 nəfərdən 120 nəfərədək artırılıb.

Azərbaycan hər zaman regionda sülhə, əmin-amanlığa və əməkdaşlığa xidmət edən siyasət həyata keçirib. Təsadüfi deyil ki, ölkəmizin təşəbbüsü və iştirakı ilə gerçəkləşdirilən enerji və nəqliyyat layihələri Avropanın enerji təhlükəsliyinə töhfə verməklə yanaşı, bölgə ölkələrinin inkişafına və rifahına zəmin yaradıb. Azərbaycan paytaxtının NATO və Rusiyanın yüksək rütbəli hərbi komandanlığının görüşlərinə ev sahibliyi etməsi, ölkəmizin qlobal humanitar problemlərin müzakirə edildiyi beynəlxalq dialoq platformasına çevrilməsi dünya birliyinin diqqətini cəlb edir. Azərbaycan 1999-2008-ci illərdə NATO-nun Serbiyanın Kosovo əyalətində KFOR, 2003-2014-cü illərdə Əfqanıstanda həyata keçirdiyi ISAF əməliyyatlarında iştirak edib. Artıq qeyd etdiyimiz kimi, ölkəmiz 2015-ci ildən başlayaraq NATO-nun Əfqanıstandakı “Qətiyyətli dəstək” adlı təlim, məsləhət və dəstək missiyasına töhfə verir. Azərbaycan Əfqanıstanda sülh və sabitliyin bərqərar olunması üzrə NATO çərçivəsində və digər beynəlxalq siyasi proseslərdə yaxından iştirak edir, Əfqanıstan hökuməti ilə müntəzəm təmaslar saxlayır. Azərbaycanın töhfəsi siyasi, hərbi, logistik dəstəkdən, hava və yer tranzitindən, habelə müxtəlif treninqlər, humanitar minatəmizləmə və Əfqan Ordusu üzrə Etimad Fonduna maliyyə yardımı kimi sahələrdən ibarətdir. Təqdirəlayiqdir ki, NATO-nun baş katibi Yens Stoltenberq rəhbərlik etdiyi təşkilatın 70 illiyinə həsr olunmuş iclas çərçivəsində mətbuata verdiyi açıqlama zamanı Azərbaycanın Avratlantik Alyansın yaxın tərəfdaşı olduğunu, respublikamızın beynəlxalq sülh və təhlükəsizliyin bərqərar olunmasında NATO ilə sıx əməkdaşlıq etdiyini razılıqla ifadə edib. Baş katib Azərbaycanın NATO-nun rəhbərliyi ilə Əfqanıstanda həyata keçirilən “Qətiyyətli dəstək” missiyasına əhəmiyyətli hərbi qüvvə və multimodal tranzit töhfəsi verdiyini diqqətə çatdırıb. Stoltenberq xüsusilə 2017-ci ildə fəaliyyətə başlamış Bakı-Tbilisi-Qars dəmir yolunun NATO üzv dövlətləri tərəfindən Əfqanıstana və geriyə daşımalar zamanı istifadə olunduğunu qeyd edərək, bu dəmir yolunun Alyansın “Qətiyyətli dəstək” missiyasının uğuruna mühüm töhfə verdiyini vurğulayıb. Bundan başqa, Azərbaycan 2019-cu ildə NATO-nun İraq Missiyasına töhfə vermək niyyətini bəyan edib və həmin ildə Şimali Atlantika Şurası Azərbaycanı NATO-nun İraq Missiyası üzrə potensial əməliyyat tərəfdaşı kimi tanıyıb. 2019-cu ildən etibarən Azərbaycan Ordusunun iki hərbi müşahidəçisi bir illik rotasiya qaydasında Cənubi Sudan Respublikasında xidməti vəzifələrini yerinə yetirir. Azərbaycan Avropa İttifaqının Ümumi Təhlükəsizlik və Müdafiə Siyasətinin Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq etməkdədir.

Bununla yanaşı, Azərbaycanın BMT-nin və digər beynəlxalq təşkilatların humanitar missiyalarında yaxından və fəal iştirakı, yeni növ koronavirus pandemiyasının hökm sürdüyü bir dönəmdə yaşayan iqtisadi çətinliklərə baxmayaraq, Ümumdünya Səhiyyə Təşkilatına virusla mübarizə üçün ayırdığı maliyyə vəsaitləri, dünyanın ayrı-ayrı ölkələrinə etdiyi yardımlar Azərbaycan dövlətinin humanizm dəyərləri üzərində bərqərar olduğunun bariz nümunəsidir.

Artıq qeyd etdiyiz kimi, Silahlı Qüvvələrimizin müxtəlif beynəlxalq təlimlərdə və tədbirlərdə iştirakı, dünyanın qabaqcıl orduları ilə sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində həyata keçirdiyi təlimlər Ordumuzun döyüş qabiliyyətinin artırılmasında mühüm rol oynayır. Təsadüfi deyil ki, döyüş əməliyyatlarına hazır vəziyyətdə olan Silahlı Qüvvələrimiz 2016-cı ildə düşmənin təxribatlarına cavab olaraq həm Cocuq Mərcanlı kəndini və ona yaxın yerləşən Lələtəpəni, həm də Talış kəndi ətrafındakı yüksəklikləri düşmən tapdağından azad etmişdir. Bundan sonra 2018-ci ildən Naxçıvan istiqamətindəki Günnüt və onun ətrafında yerləşən Xunutdağ və Qızılqaya yüksəkliklərinin azad olunması Azərbaycanın mümkün hərbi əməliyyatlara hazırlıq məqsədi daşıyırdı. Günnüt kəndindən erməni işğalçılarının çıxarılması ilə yanaşı, ordumuz bu yüksəklikləri azad edərək Laçın dəhlizini tam atəş nəzarətinə götürmüşdü. Bundan əvvəl azad edilən Cocuq Mərcanlı ətrafındakı Lələtəpə və Talış yüksəklikləri Azərbaycana Füzuli, Cəbrayıl, Ağdərə və Suqovuşan istiqamətlərində düşmən manevrlərini məhdudlaşdırmağa şərait yaratmışdı.

Azərbaycan bu əməliyyatlar nəticəsində gələcək mümkün əks-hücum üçün mühüm təcrübə və potensial əldə etdi. Bundan sonra isə ötən ilin iyul ayında Tovuz hadisələri ilə başlayan və sentyabrın 27-də Qarabağ istiqamətində törədilən erməni təxribatları Azərbaycanın Vətən müharibəsinə başlaması və uğurlu əks-hücum əməliyyatları ilə 44 gün ərzində Qarabağı erməni işğalından azad etməsi ilə nəticələndi. Azərbaycanın Naxçıvan istiqamətində qazandığı Günnüt qələbəsi və azad edilən digər yüksəkliklər böyük Vətən müharibəsində Zəfərin qazanılmasında mühüm rol oynadı. Göründüyü kimi, bütün digər amillərlə yanaşı, ordumuzun beynəlxalq təlimlərdə iştirakı və hərbi təcrübə toplaması da öz mühüm sözünü dedi.

Ulu öndər Heydər Əliyevin xalqın təkidli xahişi ilə ikinci dəfə Azərbaycanda ali hakimiyyətə qayıtdığı 1993-cü ildən sonra ölkəmizdə Milli Silahlı Qüvvələrimizin formalaşdırılması, ordu quruculuğu prosesi sürətləndi. Ümummilli liderimizin ən layiqli davamçısı dövlət başçımız cənab İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə görülən işlər sayəsində Azərbaycanda dünyanın ən güclü ordularının birinin yaradılmasına nail olundu. Təkcə son 10 il ərzində yeni poliqonların tikilməsi, şəxsi heyətin sırf döyüş hazırlığı ilə məşğul olması məqsədilə mülki vətəndaşların işə cəlb olunması, döyüş qabiliyyəti tələb edən vəzifələrə ixtisaslı mütəxəssislərin qəbul edilməsi, əsgər və zabitlərimizin ölkə daxilində və xaricdə təşkil edilmiş təlimlərdə iştirakı mühüm amillərə çevrildi. Bundan əlavə, orduda təşkilat-ştat strukturunun təkmilləşdirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitlərinin və maddi vəziyyətlərinin yaxşılaşdırılmasında böyük irəliləyişlər oldu.

Müdafiə potensialının gücləndirilməsi və müdafiə sənayesinin inkişafı ordu qarşısında yeni çağırışlar qoyurdu. Bu, müdafiə və təhlükəsizlik xərclərinin artırılmasını zəruri edirdi, ona görə də qısa müddət ərzində Azərbaycanın hərbi büdcəsi regionda bu sahəyə ayrılmış ən yüksək miqdara çatdı. Bu, müasir dövrün çağırışlarına cavab verən, yeni texnologiyalarla hazırlanmış müdafiə məmulatlarının alınmasını da şərtləndirirdi. Bakı aparıcı dövlətlərlə hərbi, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq edirdi və proses bu gün də yüksək səviyyədə davam edir. Azərbaycanda 1 000-dən artıq müdafiə təyinatlı məmulatların istehsal edilməsi, Azərbaycanın aerokosmik ailəyə daxil olması, ölkədə ADEX Müdafiə Sənayesi sərgilərinin təşkili də Bakının gücünü hər keçən gün artırırdı.

Azərbaycan 44 günlük müharibədə əldə etdiyi möhtəşəm qələbə sayəsində bir çox nüfuzlu beynəlxalq təşkilatların reytinqlərində də öz mövqeyini kifayət qədər yüksəltdi. Dərc edilən son “Global Fire Power Index”nə görə Azərbaycan 2021-ci ildə 140 ölkə arasında artıq 64-cü yerdə qərarlaşıb. Ermənistan isə bu indeksdə artıq ilk yüzlükdə belə yer almır. Bu isə onu göstərir ki, ordumuzun Vətən müharibəsində düşmən üzərində qələbə çalması, onu darmadağın etməsi artıq beynəlxalq ictimaiyyət tərəfindən də qəbul edilib və ölkəmizin artan qüdrətinin və nüfuzunun müdafiə sferasına da müsbət təsirinin göstəricisidir.

Emin QASIMOV,

“Respublika”.