Beynəlxalq səyahətçilər Ağdamda ermənilərin törətdiyi vəhşiliklərlə tanış olublar
Digər xəbərlər

Beynəlxalq səyahətçilər Ağdamda ermənilərin törətdiyi vəhşiliklərlə tanış olublar

Dünyanın 20-dən çox ölkəsindən 40-a yaxın beynəlxalq səyahətçinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfəri davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, beynəlxalq səyahətçilər Şuşa şəhərindən sonra Ağdama gəliblər. Sarıcalı kəndi ərazisində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı tərəfindən qonaqlara ermənilərin işğal zamanı törətdikləri vəhşiliklər barədə məlumat verilib. Bildirilib ki, təkcə Sarıcalı kəndi deyil, digər yaşayış məntəqələri də erməni barbarlığına məruz qalıb. Səyahətçilər, həmçinin Ermənistan tərəfindən ərazilərin minalarla çirkləndirilməsi, bu istiqamətdə aparılan təmizləmə işləri barədə məlumatlandırılıblar.

Səfər çərçivəsində Ağdamda Ermənistan tərəfindən işğal dövründə dağıdılmış yaşayış binalarına, mülki obyektlərə, dini, mədəni və tarixi abidələrə, o cümlədən İmarət kompleksinə, Ağdam Cümə məscidinə və yerlə-yeksan edilmiş Şəhidlər xiyabanına baxış keçirilib. Bildirilib ki, Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən idi. Burada sənaye və kənd təsərrüfatı inkişaf etmişdi. Ermənilər 1993-cü il iyulun 23-də Ağdamı işğal etdikdən sonra Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, mədəniyyət ocaqlarını, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Ağdamda qəbiristanlıqlar, tarixi, mədəni abidələr də erməni vandalizminə məruz qalıb. Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdam şəhərinin yerində indi talan edilərək viranəyə çevrilmiş xarabalıqlar qalıb.

Qonaqlar, həmçinin Ağdamda həyata keçiriləcək quruculuq işləri barədə də məlumatlandırılıblar.

Beynəlxalq səyahətçilər 3 gün ərzində Şuşa-Ağdamla yanaşı, Xocavənd-Füzuli, Zəngilan-Cəbrayıl marşrutları üzrə hərəkət edəcəklər. Səfər işğaldan azad edilmiş ərazilərin "black tourism" çərçivəsində tanıdılmasına dair müstəsna əhəmiyyət daşıyır.

Qeyd edək ki, bundan əvvəl - ötən bir ildə dünyanın biznes və turizm elitasını özündə birləşdirən əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC (Extremal Travellers International Congress), MTP (Most Travelled People), TCC (Travelers' Century Club), Nomadmania klublarının təsisçiləri, prezidentləri və tanınmış üzvləri səviyyəsində qrupların Qarabağ və Şərqi Zəngəzura 3 dəfə səfərləri təşkil olunub. Bu səfərlərdə indiyədək ümumilikdə 25-ə yaxın ölkədən 100-dən çox beynəlxalq səyahətçi iştirak edib.

AZƏRTAC