BEYNƏLXALQ OLİMPİADANIN QALİBİ DÜNYA İKİNCİSİ OLUB
İdman

BEYNƏLXALQ OLİMPİADANIN QALİBİ DÜNYA İKİNCİSİ OLUB

Şad xəbər Lənkəran rayonunun Mamusta kəndində Hüseynovlar ailəsində böyük sevinclə qarşılanıb. Kənddə, el-obada böyük hörmət, nüfuz sahibi olan Hüseyn Hüseynovun nəvəsi Nihad Hüseyn Londonda keçirilən beynəlxalq olimpiadada ən yüksək pilləyə yüksəlib.

Ziyalı ailəsində dünyaya göz açan Nihad Bakı şəhərində 62 nömrəli məktəb-liseyin XI sinfində oxuyur. Atası Anar Hüseynov respublikamızda tanınmış, qabaqcıl riyaziyyat müəllimlərindəndir. Təhsilin inkişafında səmərəli xidmətlərinə görə Əməkdar müəllim fəxri adına layiq görülüb.

Nihad dərs əlaçısıdır. İngilis dilini sevə-sevə, böyük maraqla öyrənir. Londonda keçirilən "TeenEagle Competition" adlı beynəlxalq ingilis dili olimpiadasında ölkəmizi ləyaqətlə təmsil edib. Böyük Britaniyanın məşhur Oksford Universitetində qaliblərin mükafatlandırılması mərasimində Nihad Hüseynə qızıl medal və platin kubok təqdim olunub. Nihad olimpiadada qazandığı yüksək göstəricilərə görə Azərbaycan birincisi və Dünya ikincisi elan olunub.

Nihad fəxri kürsüdə yer aldığına görə Oksford Universitetində müstəqil Azərbaycanın üçrəngli bayrağının əzəmətlə dalğalanmasından sonsuz sevinc, qürur hissi keçirdiyini, unudulmaz anlar yaşadığını, dünyanın müxtəlif ölkələrindən gəlmiş yaşıdları arasında dostlar qazandığını bildirdi.

Qeyd edək ki, beynəlxalq olimpiadada dünyanın 30 ölkəsindən 400-dən artıq məktəbli iştirak edib. Ölkəmizi ayrı-ayrı məktəb və liseylərdən 35 şagird təmsil edib. Onlar 7 qızıl, 6 gümüş və 13 bürünc medalla Vətənə qayıdıblar.

Əlisəfa HƏSƏNOV,

 "Respublika".