Beynəlxalq konfransın iştirakçıları Ağdamda minatəmizləmə əməliyyatları ilə tanış olublar
Region

Beynəlxalq konfransın iştirakçıları Ağdamda minatəmizləmə əməliyyatları ilə tanış olublar

Humanitar Mina Fəaliyyəti və Davamlı İnkişaf Məqsədləri üzrə beynəlxalq konfransda iştirak edəcək heyət martın 31-də Ağdama səfər edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, heyətin tərkibinə 30 ölkədən 120-yə yaxın nümayəndə daxildir.

Qonaqlar Ağdamın azad edilmiş hissəsində ANAMA-nın regional mobil düşərgəsinə baxış keçirib, dağıntılar və quruculuq işləri ilə, həmçinin minatəmizləmə əməliyyatı sahəsində proseslə tanış olublar.

BMT və digər xarici təşkilatlardan ibarət nümayəndə heyəti Pənahəli xanın Ağdam şəhərində yerləşən imarəti və İmarət stadionu ilə tanış olublar. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı qonaqlara ermənilərin vəhşiliyinə məruz qalan tikili barədə məlumat verib. Bildirilib ki, erməni vandalizmi təkcə yaşayış yerlərindən deyil, Azərbaycanın tarixi abidələrindən də yan keçməyib.

Sonra nümayəndə heyəti Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında olub. Qonaqlara Ağdam şəhərinin Baş planı çərçivəsində həyata keçiriləcək quruculuq işləri barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, Qafqazın Xirosiması kimi tanınan Ağdam regionun ən gözəl şəhərlərindən birinə çevriləcək, doğma yurdlarından 30 il ayrı qalmış insanların bu torpaqlara təhlükəsiz şəraitdə qayıdışı təmin ediləcək.

Səfərin sonunda qonaqlar Ağdam rayonu ərazisində ANAMA tərəfindən həyata keçirilən minatəmizləmə işləri ilə tanış olublar. Ermənilər tərəfindən işğal zamanı ərazinin minalarla çirkləndirilməsi barədə ətraflı məlumat verilib.

ANAMA-nın 2 saylı təmizləmə qrupunun meneceri Ehtiram Cəfərov bildirib ki, 44 günlük Zəfər yürüşü zamanı azad edilən ərazilərdə ANAMA tərəfindən minatəmizləmə işləri davam etdirilir. Əvvəlcə infrastruktur layihələrinin həyata keçiriləcəyi ərazilər təmizlənir. Həmçinin küçələr və yaşayış məntəqələrində, məktəb və xəstəxanaların, nümayəndiliyin yerləşdiyi, eləcə də ANAMA-nın düşərgəsi olan sahələrdə, tarixi abidələrin ətraflarında təmizləmə işləri yerinə yetirilir. Hazırda Ağdam-Bərdə dəmir yolunun və Bərdə-Ağdam-Füzuli avtomobil yolunun keçdiyi ərazilərdə bu işlər davam etdirilir.

Vurğulanıb ki, pilotsuz uçuş aparatlarının tətbiqindən sonra minalı ərazilərdə əməliyyat işləri daha rahatlıqla aparılır. Çünki pilotsuz uçuş aparatlarında quraşdırılan cihazlar minalı əraziləri müəyyən edir. Həmin ərazidəki mina sahəsinin xəritəsini aşkarlayır.

Qeyd edək ki, aprelin 1-də Bakıda Humanitar Mina Fəaliyyəti və Davamlı İnkişaf Məqsədləri üzrə beynəlxalq konfrans keçiriləcək.

AZƏRTAC