BEYNƏLXALQ ELMİ KONFRANS
Region

BEYNƏLXALQ ELMİ KONFRANS

Gəncə Dövlət Universitetində Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş “Nizami Gəncəvi və Yunus Əmrə” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfrans Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Dövlət Universitetinin və İstanbul Universitetinin təşkilatçılığı ilə reallaşıb. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyə Respublikasının Gəncədəki Baş konsulu Zeki Öztürk, Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov, İstanbul Universitetinin rektoru, professor Mahmut Ak, İzmir Katip Çelebi Universitetinin rektoru, professor Saffet Köse, millət vəkili Pərvin Kərimzadə və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzüb, dahi şairin məqbərəsini ziyarət edib və Nizami Muzeyi ilə yaxından tanış olublar.

Beynəlxalq konfrans işinə Azərbaycan və Türkiyə respublikalarınındövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Sonra torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş sözü ilə universitetin rektoru, professor Yusif Yusibov açaraq qonaqları salamlayıb və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə Azərbaycan xalqının göstərdiyi şücaətdən ətraflı söhbət açıb, Nizami Gəncəvi ili çərçivəsində keçirilən konfransın əhəmiyyətindən danışıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək, əsərlərində insanları daim sülhə, sabitliyə səsləyən dünya şöhrətli şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar ölkə başçısının imzaladığı Sərəncama uyğun olaraq şairin vətənində görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışıb. Şəhər rəhbəri konfransın işinə uğurlar arzulayıb.                                                                                                                    Çıxış edənlər Nizami Gəncəvinin 880 illiyinə həsr olunan konfrans haqqında danışıb, şairin əsərlərindən nümunələr səsləndirərək təhlillər ediblər.

Nizami Gəncəvi və Yunus Əmrə panellərində isə İstanbul Universitetinin Türkşünaslıq İnstitutunun direktoru Mustafa Balçının, həmin universitetin Ədəbiyyat fakültəsinin dekanı Hayati Develinin məruzələri dinlənilib.

Məruzələr yekunlaşdıqdan sonra Gəncə Dövlət Universitetinin 5-ci tədris binasında yerləşən “Yunus Əmrə” adına mühazirə otağının, həmçinin universitetin əsas tədris binasında “Nizami Gəncəvi” adına konfrans zalının açılışları olub.

Konfrans öz işini bölmə iclaslarında davam etdirib.

Zabit XƏLİLOV,

“Respublika”.