Beynəlxalq axtarışda olan şəxs Ukraynadan Azərbaycana ekstradisiya edilib
Digər xəbərlər

Beynəlxalq axtarışda olan şəxs Ukraynadan Azərbaycana ekstradisiya edilib

Azərbaycan Respublikası Baş Prokurorluğunun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin vəsatəti əsasında Ukrayna Baş Prokurorunun Ofisi tərəfindən "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 1993-cü il 22 yanvar tarixli Konvensiyaya əsasən, Azərbaycan Respublikasının vətəndaşı Mövsümov Mövsüm Vaqif oğlunun ekstradisiyası haqqında qərar qəbul edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, M.Mövsümov barəsində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda maddi ziyan vurmaqla dələduzluq əməlini törətməsinə dair əsaslı şübhələr müəyyənləşdirilib. Bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş istintaq və təhqiqat idarəsində barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında qərar qəbul edilməklə cinayət təqibi orqanından gizləndiyinə görə beynəlxalq axtarış elan edilib.

Həmin şəxs cari ilin may ayında Ukrayna ərazisində müəyyənləşdirilərək həbs olunub.

M.Mövsümov noyabrın 26-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Ukraynadan Azərbaycana gətirilib.

AZƏRTAC