Beynəlxalq axtarışda olan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib
Digər xəbərlər

Beynəlxalq axtarışda olan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib

Azərbaycan Respublikası Baş Prokurorluğunun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin vəsatəti əsasında Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 1993-cü il 22 yanvar tarixli Konvensiyaya əsasən, Azərbaycan Respublikasının vətəndaşı Nəcimətdinov Sədi Həsən oğlunun ekstradisiyası haqqında qərar qəbul edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sədi Nəcimətdinovun etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda maddi ziyan vurmaqla dələduzluq əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən onun barəsində Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında qərar qəbul edilib. O, cinayət təqibi orqanından gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan olunub.

Rusiya Federasiyası ərazisində müəyyənləşdirilən S.Nəcimətdinov barəsində bu ilin martında həbs qətimkan tədbiri seçilib.

S.Nəcimətdinov dekabrın 22-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiyadan Azərbaycana gətirilib.

AZƏRTAC